“Professor Şirməmməd Hüseynov XX əsr siyasi tariximizin, o cümlədən mətbuat tariximizin parlaq tədqiqatçısı, Azərbaycan jurnalistikasının görkəmli siması, böyük publisist və əsl pedaqoq idi. Şirməmməd müəllim öz tələbələrinin yaddaşında həm də Azərbaycan milli məfkurəsinin daşıyıcısı, Cümhuriyyət və M.Ə.Rəsulzadə irsinin yorulmaz araşdırmaçısı, bu irsin alovlu təbliğatçısı kimi qalıb”.
Bu sözləri “AzPolitika.info”-ya açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin “Multimedia və elektron kommunikasiya” kafedrasının müdiri, professor Qulu Məhərrəmli deyib.
Qulu Məhərrəmli: “Şirməmməd müəllimi "millət yaddaşının keşikçisi" adlandırmaq çox doğrudur”
Bu il Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin “Mətbuat tarixi və ideoloji iş metodları” kafedrasının professoru Şirməmməd Hüseynovun (17 dekabr1924, Nuxa – 24 iyun2019, Bakı) 100 illik yubileyi keçiriləcək. Beş ilə yaxındır aramızda olmayan Şirməmməd müəllim doğum günündə və eləcə də vəfatının ildönümündə, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tədbirlərdə yetirmələri, həmkarları tərəfindən hörmətlə yad edilir.

Qulu Məhərrəmli deyir ki, elm sahəsində, xüsusən humanitar sferada çox az adamlar olur ki, həm yüksək elmi, həm də şəxsiyyəti və mənəvi keyfiyyətləri ilə bəlli ucalıqda dayansın: “Bu mənada Şirməmməd müəllim gözəl nümunə idi. O, yaxşı təhsil almış, peşəkar tədqiqatçılıq məktəbi keçmiş, əsl elmi mühit görmüşdü. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspiranturasını bitirmiş, orada da dissertasiya müdafiə etmişdi”.
Onun sözlərinə görə, professor bütün ömrü boyu elm və alim adına, onu şəxsiyyət edən dəyərlərə sadiq qalmışdı: “Şirməmməd müəllimi yaddaşlarda yaşadan həm də onun milli ideallara bağlı olması idi. O, hələ sovet dövründə ideoloji kanonların hökm sürdüyü şəraitdə tələbələrinin şüuruna milli düşüncə toxumları səpir, onlara millət sevgisi aşılamağa çalışırdı”- deyə, professor əlavə edib.
Məhərrəmli xatırladır ki, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra isə Şirməmməd Hüseynov həmin missiyasını arxivlərdə, TV ekranlarında və qəzet səhifələrində daha şövqlə davam etdirməyə başladı: “Bu dövrdə onun araşdırdığı mövzular, çap etdirdiyi kitablar, qələmə aldığı publisistik yazıların hamısı Azərbaycanın çətin müstəqillik yolu, istiqlal məfkurəsi və milli ideallarla bağlı idi”.

Kafedra müdiri vurğulayır ki, M.Ə.Rəsulzadəninin "Əsərləri"nin 5 cildliyi, Ü.Hacıbəylinin iki cildliyi, Cümhuriyyət parlamentinin fəaliyyətini əks etdirən "Hesabat"ın üç cildiyi Şirməmməd müəllimin Azəbaycan elmi qarşısındakı misilsiz xidmətidir.
“Tarixin qaranlıqlarına işıq salan, Azərbaycanın dünəni və bu günü arasında mənəvi körpü rolunu oynayan bu əsərlərə və ümumən tədqiqatçı idealına görə Şirməmməd müəllimi "millət yaddaşının keşikçisi" adlandırmaq çox doğrudur. Professor Ş.Hüseynov ensiklopedik zəkası, geniş dünyagörüşü, yüksək elmi fəhmi, zəngin mənəviyyatı olan olan böyük alim idi. Onun "Milli haqq və ədalət axtarışında", "Mənəvi irsimiz və gerçəklik", “Mətbu irsimizdən səhifələr” kimi dəyərli kitabları bugünkü nəsil üçün keçmişə və gələcəyə yol bələdçisidir. Ona görə də həqiqi elm yolunu seçənlər bu yolu keçməli, Şirməmməd müəllimin məktəbindən öyrənməlidirlər”, - Qulu Məhərrəmli qeyd edib.
Cahangir Məmmədli: “Biz öz kafedramızda “Şirməmməd müəllim ili” elan etmişik”
Bakı Dövlət Universitetinin “Mətbuat tarixi” kafedrasının müdiri, Professor Cahangir Məmmədli “AzPolitika.info”ya bildirib ki, Şirməmməd Hüseynov adı onun üçün ilahi addır: “Mənim bu fakültədə işə başlamağın, davam etməyim Şirməmməd müəllimlə bağlıdır. Ümumiyyətlə, Jurnalistika fakültəsi Şirməmməd Hüseynovun prinsipləri əsasında fəaliyyət göstərir. Gənclik illərindən gətirdiyi dürüstlük, halallıq bu gün də olduğu kimi qalır. Bizim fakültə müəllim-tələbə münasibətlərinə, yüksək mənəvi-əxlaqi prinsiplərin qorunmasına görə örnək fakültələrdən biridir”.

C.Məmmədli qeyd edir ki, Bakı Dövlət Universitetinin rəhbərliyi də professor Şirməmməd Hüseynovun əməyinə böyük qiymət verir: “Şirməmməd müəllim universitetin yarandığı tarixdən bu günə qədərki müəllim-professor heyətinin ən üst zirvəsində dayanır, onun xatirəsi əziz tutulur, yaradıcılığı yüksək qiymətləndirilir”.
Cahangir Məmmədli onu da bildirdi ki, bu il Şirməmməd müəllimin 100 illik yubileyi ilə bağlı kitab hazırlanır: “Biz öz kafedramızda “Şirməmməd müəllim ili” elan etmişik, il boyu bütün fəaliyyətimiz dəyərli müəllimimizlə bağlı olacaq”.
Samir Məmmədli: “Şirməmməd müəllim bizim fakültənin brendidir, əvvəl də elə olub, indi də belədir...”
BDU Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini və Ş.Hüseynovun uzun illər rəhbərlik etdiyi, daha sonra professoru olduğu “Milli mətbuat tarixi” kafedrasının müəllimi Samir Məmmədli də “AzPolitika.info”-ya açıqlamasında bildirdi ki, Şirməmməd müəllim BDU Jurnalistika fakültəsinin dəyərlərindən biridir: “Bu, hər zaman belə olub, nə qədər ki, Jurnalistika fakültəsi var, biz varıq, bundan sonra da belə olacaq. Bu, həm Şirməmməd müəllimin sağlığında belə olub, həm də o həyatdan köçəndən sonra eyni dərəcədə davam edir. Biz hər zaman Şirməmməd Hüseynov irsini tələbələrimizə təbliğ edirik. Demək olar, elə dərsimiz olmur ki, Şirməmməd müəllimin adını çəkməyək.

Şirməmməd müəllimnin çoxsaylı kitabları, məqalələri, onun zəngin transiltrasiya irsi, Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin toplanmasındakı fədakarlığı, həmçinin digər klassiklərimizin əsərlərinin müasir oxucuya çatdırılmasına verdiyi böyük zəhmət hər zaman minnətdarlıq hissi ilə xatırlanır və tələbələrə aşılanır. Onun Üzeyir Hacıbəylinin nəşrlərdən kənarda qalmış əsərlərindən topladığı iki cildliyi, Ömər Faiq Nemanzadənin irsi, eləcə də başqa klassiklərimizin əsərləri ilə bağlı tərtib etdiyi kitablar, həmçinin yazdığı çoxsaylı məqalələr hər zaman masaüstü nəşrlərimizidir. Xüsusi ilə “Milli mətbuat tarixi” kafedrasının hər zaman istinad etdiyi mənbələrdən biridir. Mən şəxsən fəxr edirəm ki, həmişə Şirməmməd müəllimin yanında olmuşam, onun gördüyü işləri şəxsən izləmişəm, müəyyən fəaliyyətlərin içində olmuşam və bunlarla qürur duyuram. Şirməmməd müəllim bizim fakültənin brendidir, əvvəl də elə olub, indi də belədir. Özü cismən bizimlə olmasa da, ruhu və əməlləri fakültə durduqca yaşayacaq, onu adı həmişə fakültə ilə birgə anılacaq”.
Samir Məmmədli bu il Şirməmməd Hüseynovun 100 illik yubileyinin qeyd olunacağını xatırladır: “Bununla bərabər qarşıdan fakültəmizin yaranmasının 55 illiyi gəlir. Biz bu münasibətlə tədbirlər planı hazırlamışıq. Bu proqram çərçivəsində Ş.Hüseynovun bioqrafiyasının yenilənmiş nəşri nəzərdə tutulub. Həmçinin payızda onun xatirəsinə həsr olunmuş onlayn beynəlxalq konfrans keçirməyi də planlaşdırmışıq. Hesab edirik ki, bunlar ustadımızın 100 illik yubileyinə kiçik töhfəmiz olacaq”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Şirməmməd müəllim elm sahəsində siyasi konyukturaya uyğunlaşmağa məcbur edilib, onu qəbul etməyən istisna alimlərdən olub. Allah rəhmət etsin.
Allah rehmet elesin Professor Sirmemmed Husyenova ..