"İyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Sənəddə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin, strateji əməkdaşlığın təminatıdır".
Bu sözləri "AzPolitika.info"-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin rəhbəri Sadiq Qurbanov "Şuşa Bəyannaməsi"-ni şərh edərkən bildirib.
Millət vəkilinin sözlərinə görə, Bəyannamə tarixə əsaslanır, sənəddə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb.
Komitə sədri qeyd edib ki, Bəyannamədə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edib: "Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti əhatə olunub. Həmçinin, enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir".
Sadiq Qurbanov sənəddə iki ölkənin hərbi, təhlükəsizlik sahəsində əməkdaşlığının ən yüksək səviyyəyə qaldırıldığını vurğulayıb: "Sənəddə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Həmçinin, ölkələrin qüdrətini artıran hərbi sənaye sahəsindəki əməkdaşlığı qeyd etmək yerinə düşər. Məlumdur ki, İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini daha da artıracaq. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək. Bu, tarixi nailiyyətdir və bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq".
Millət vəkili daha sonra sənədin geosiyasi əhəmiyyətindən danışıb. O, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin əksini tapmasına diqqət çəkir: "Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq".
S. Qurbanovun sözlərinə görə, Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı roldan xəbər verir.
"Hazırda işğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir. Vətən Müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur", -deyə millət vəkili vurğulayıb.
Sadiq Qurbanov sonda qeyd etdi ki, "Şuşa Bəyannaməsi" Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır: "Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaq. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin sarsılmaz birliyini nümayiş etdirəcək".
"AzPolitika.info"


Şərhlər