Şuşa Bəyannaməsində Qars müqaviləsinə istinad: Bu, sülhə çağırışdır!

Sadiq Qurbanov, millət vəkili

Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri müasir dünyanın düzümünə və dözümünə uyğun yeni bir formada möhkəmlənməkdə davam edir.

Bu gün ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Hər iki ölkənin dövlət başçılarının qardaşlıq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Beynəlxalq layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin nəinki regionda, hətta dünyada söz sahibi olmasına imkan yaradıb.

Ümumiyyətlə tarixə nəzər salsaq görərik ki, Azərbaycan və Türkiyə xalqları əsrlər boyu bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının - ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Ümummilli liderimiz Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Qarşılıqlı əlaqələrdə - hərbi və müdafiə sənayesi, elm, siyasi, iqtisadi və digər bütün sahələr üzrə dinamik artımın davam etməsində, bütün bu nailiyyətlərin əldə olunmasında dövlət başçılarımızın siyasi iradələri, qardaşlıq münasibəti xüsusi rol oynayır.

Bəlkə də dünyanın heç bir dövlət və liderində olmayan siyasi iradəni və qardaşlıq münasibətlərinin bariz nümunəsi olan bir neçə hadisəni yenidən xatırlatmaq istəyirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin beş illiyinə həsr olunmuş plenar iclasında təcavüzkar Ermənistan dövlətinin prezidenti Serj Sarkisyanın sammitdə Türkiyə təmsilçisinin iştirak etməməsindən istifadə edərək növbəti spekulyasiyasına, rəsmi Ankaranın ünvanına böhtan və iftira söyləməsinə və qondarma “soyqırımı” məsələsini qabardaraq heç bir tarixi fakta əsaslanmayan iddialar səsləndirməsinə dərhal reaksiya verdi. "Türkiyə nümayəndəsi toplantıda yoxdur, amma mən burdayam” deyərək, erməni rəhbərini yerində oturtdu.

Bundan başqa, 2016-cı ilin ilk aylarında Türkiyədə törədilən amansız terror aktları səbəbindən həmin ilə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərinin baş tutmaması səbəbindən iki dəfə təxirə salındı. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyəyə jest edərək Ankaraya getmək barədə qərar qəbul etdi. Beləliklə, Azərbaycan dövlətinin başçısı Türkiyəyə səfər etdi və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Bakıda yox, Ankarada keçirildi. Qeyd etdiyimiz hər iki beynəlxalq səviyyəli siyasi hadisə günlərlə dünya gündəmini zəbt etmiş oldu.

Bildiyimiz kimi hər günü şanlı tarixə çevrilmiş 44 günlük zəfər tariximizin yeri xalqımız üçün müstəsna əhəmiyyətə malikdir. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu.

Ən cətin günlərdə də bu qardaşlıq öz sarsılmazlığını sübut etdi. Türkiyə hər zaman olduğu kimi Vətən müharibəsində türk millətini qürurlandıracaq münasibət sərgilədi.

Qardaş Türkiyyənin böyük nümayəndə heyyəti ilə dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında iştirakı və cənab Prezidentimiz İlham Əliyevin Zəfər paradındaki çıxışı dediklərimizə əlavə qüvvət verir. “... Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir...” deməklə cənab Prezidentimiz xalqımızın təşəkkürünü ifadə etdi.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə xalqımıza müraciət edərək demişdir: “Hörmətli Qardaşım, əziz Azərbaycan xalqı. Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq.

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir...”

Bu son cümlənin təsadüfi deyilmədiyi artıq hər kəsə bəllidir. Belə ki, 15 iyunda tarixi Şuşa şəhərimizdə - xalqımızın Milli Qurtuluş Günündə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu bəyannamə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, “Bir millət, iki dövlət” reallığının, siyasi-hərbi və iqtisadi müttəfiqliyinin məntiqi davamı, irəliyə doğru atılan növbəti addımıdır, eyni zamanda qardaşlığın yeni səhifələrini açacaq fövqəladə bir hadisədir. Xüsusi ilə qeyd etmək istərdim ki, 15 iyun 2021-ci il ən yeni dövr tariximizin, Qafqaz tarixinin, Türk dünyası tarixinin yeni mərhələsinin əsasını qoydu. Tarixə əsaslanan Bəyannamədə ulu öndərlərimiz Heydər Əliyev və Mustafa Kamal Atatürkün kəlamlarının yer alması keçmişımizin sağlam və təmiz olmasına, gələcəyimizin isə parlaq olacağına bir işarədir. Demək olar ki, Şuşa Bəyannaməsində iki qardaş ölkənin bütün həyati əhəmiyyətli məsələləri və sahələrilə bağlı müddəalar əksini tapıb.

Şuşa Bəyannaməsi regional təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir və Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyənin təminatı altına almış oldu. Bu, erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Qarabağın istənilən məntəqəsinə hücum edib işğal etmək istəyən qüvvə bundan sonra Azərbaycanla yanaşı, qarşısında Türkiyəni də görəcək!

Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra imzalanan müttəfiqlik haqqında birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Mən istərdim ki, Qars müqaviləsi haqqında kiçik də olsa sizinlə fikir mübadiləsi edək.

Belə ki, Şüşa Bəyannaməsində deyilir: “İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixdə Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək...”

Burada qeyd olunan Qars müqaviləsinin tarixi əhəmiyyətinə nəzər salarkən vaxtilə ümumilli lider Heydər Əliyevin Qars müqaviləsinin tarxi əhəmiyyəti ilə bağlı fikirləri də xüsusi qeyd edilməlidir. Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”.

Qars Müqaviləsi - Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 1921-ci il 13 oktyabrda bağlanmış sülh müqaviləsidir.

16 mart 1921-ci il tarixində Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhurriyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsi. Müqavilə 11 sentyabr 1922-ci il tarixdə qüvvəyə minmiş və müddətsizdir.

Yüzilliklər boyu dünyanın bir çox güc mərkəzlərindən “böyük Ermənistan” xəstəliyi ilə süslənmiş erməni xalqının tarixi Azərbaycan torpaqlarına zaman-zaman torpaq iddiaları irəli sürməsi və gənc nəsillərinə bu yalanı aşılamasının şahidi olmuşuq. Təsadüfi deyil ki, qədim Azərbaycan torpağı olan Naxçıvan diyarı da davamlı olaraq erməni xislətinin hədəfinə çevrilmişdir. Əsrin əvvəllərində Osmanlı İmperiyasının süquta uğramasından sonra məhz Qafqazın Türkiyənin nüfuz dairəsindən çıxarılması dünyanın güc mərkəzləri üçün ən aktual məsələ idi.

Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının subyektlərini təşkil edən Azərbaycan, Gürcüstan və Ermənistan Sosialist Respublikaları ilə Türkiyə sərhədlərinin müəyyənləşdirilməsi dünyanın siyasi həyatına yeni qoşulmuş və hələ o qədər də möhkəmlənməmiş, dünyanın siyasi dairələri tərəfindən qəbul edilməyən SSRİ üçün də mühüm əhəmiyyət daşıyırdı. Təsədüfi deyildi ki, Qars müqaviləsi üçün mənbə rolu oynayan “Moskva müqaviləsi” dostluq və qardaşlıq haqqında sülh müqaviləsi adlanır. SSRİ-nin hələ dünya birliyi qarşısında super gücə çevrilməsi müəammalı göründüyü bir tarixi şəraitdə məhz bağlanmış müqavilələrdə Sovet Rusiyası Türkiyə ilə sülh və dostluq prinsipləri ilə yanaşmağa məcbur idi.

Qars müqaviləsi tarixin diktəsi idi. Naxçıvan ərazisini ələ keçirməyə çalışan ermənilərə yerli əhalinin müqaviməti böyük idi, ona görə də Naxçıvan Türkiyənin dəstəyi ilə Azərbaycanın tərkibində Muxtar Respublika statusu qazana bildi. Bu muxtariyyətin qorunmasında Qars müqaviləsinin təminat rolu oynaması da artıq tarixdə öz təsdiqini tapmış kerçəklikdir.

Lakin ermənilərin müxtəlif siyasi xadimləri, hətta ən yüksək səviyyədə vəzifə daşıyan şəxsləri Qars müqaviləsinin keçərsiz olduğunu dilə gətirməyə, siyasi kuluarlarda səsləndirməyə çalışırlar. Qars müqaviləsinin ləğv edilməsinə yönəlik yüzillik “mübarizə” heç bir nəticə vermədi, nəhayət, 100 il sonra məhz Ali Baş Komandan İlham Əliyev tarixi Şuşa Bəyannaməsində Qars müqaviləsinə sadiqiyini təsdiq etməklə, Azərbaycanın Qafqazın lider dövləti olmasını, regionda sülhün və sabitliyin əsas qarantının isə məhz Türkiyənin olduğunu vurğuladı.

Ermənilər nədən Qars müqaviləsinin hüquqi qüvvəsinin itirilməsinə çalışırlar?

Onlar məhz daha çox istinad etdikləri Sevr müqaviləsinin müddəalarını qabartmağa çalışırlar. Sevr müqaviləsi 10 avqust 1920-ci ildə Birinci Dünya Müharibəsindən sonra Parisin 3 km qərbində, Sevres (Sevr) şəhərinin ətrafındakı Keramika Muzeyində (Musée National de Céramique) imzalanmışdır. Müqavilənin imzalandığı dövrdə davam edən Türk İstiqlal Müharibəsi nəticəsində türklərin qələbəsi ilə bu müqavilənin əvəzinə 24 İyul 1923-cü ildə Lozanna Müqaviləsi imzalanaraq həyata keçirildiyi üçün Sevr müqaviləsi qüvvəsini itirmişdir. Həmçinin beynəlxalq hüququn prinsiplərinə görə Sevr müqaviləsi ratifikasiya edildikdən sonra qüvvəyə minməli olduğu halda Türkiyə Böyük Millət Məclisi tərəfindən müqavilə ratifikasiya edilməmişdir.

Lakin Qars müqaviləsinin ləğv olunmasına nə qədər uğursuz cəhdlər edilsə də, bu hərəkat müqavilə subyektləri arasında heç bir dəstək qazanmamışdır. Onu da qeyd etmək lazımdır ki, Qars müqaviləsinin subyektləri olan Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstan dövlətlərinin hər birinə qarşı Ermənistanın torpaq iddiası vardır. Türkiyə və Azərbaycanla bağlı iddialar göz önündə olduğu üçün qeyd etmək lazımdır ki, Gürcüstanın Çavaxetiya bölgəsinə və Rusiya Federasiyasının Krasnodar və Rostov şəhərlərinə qarşı iddilar artıq bir neçə dəfə səsləndirlmişdir.

Göründüyü kimi, Qars müqaviləsinin ləğv edilməsinə, yaxud müddətinin güya başa çatmasına dair irəli sürülən fikirlərin heç bir hüquqi əsası yoxdur. Əvvəla, Qars müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Müqavilə imzalayan şəxslərin hər biri öz hökumətlərindən mandat almışdır.

Müqavilənin Preambula hissəsində qeyd edilmişdir ki, bir tərəfdə Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlmiş və bunun üçün öz müvəkkillərini təyin etmişlər:

Ermənistan Sosialist Sovet Respublikasının hökuməti: Askanaz Mravyan, xalq xarici işlər komissarı; Poqos Makinzyan, xalq daxili işlər komissarı.

Azərbaycan Sovet Respublikasının hökuməti: Behbud Şahtaxtinski, xalq dövlət nəzarəti komissarı.

Gürcüstan Sosialist Sovet Respublikasının hökuməti: Şalva Eliva, xalq hərbi-dəniz işləri komissarı; Aleksandr Svanidze xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı.

Türkiyə Böyük Millət Məclisi hökuməti: Kazım Qarabəkir Paşa, Böyük Millət Məclisində Ədirnədən millət vəkili, Şərq Cəbhəsi komandanı; Vəli bəy, Böyük Millət Məclisində Burdurdan millət vəkili; Muxtar bəy, İctimai İşlər Stats-Sekretarının keçmiş müavini; Məmduh Şövkət bəy, Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi.

Rusiya Sosialist Federativ Sovet Respublikasının hökuməti: Yakov Qanetski, Latviyada səlahiyyətli nümayəndə.

Onlar lazımi və qanuni formada tərtib edilmiş səlahiyyətlərin mübadiləsindən sonra aşağıdakılar barədə razılığa gəldilər: Qeyd edildiyi kimi müqavilə subyektləri hər biri hökumətdən mandat almış yüksək vəzifəli dövlət nümayəndəsidir. Çoxtərəfli beynəlxalq müqavilə olan Qars müqaviləsi imzalandıqdan sonra Yerevan şəhərində ratifikasiya edilmişdir. Odur ki, Qars müqaviləsinin ləğvinə olan uğursuz cəhdlər heç bir nəticə vermədi.

Şuşa Bəyannaməsi ilə bu tarixi müqavilə artıq yeni bir mərhələyə və regionun sabitliyinin beynəlxalq hüquqi təminatına çevrildi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar