Menu

Avropa Türkiyəyə verdiyi vədləri yerinə yetirməyib – Qaçqınlara 3.5 milyard avro ayrılacaqmı?

24.06.2021, 14:12
Avropa Türkiyəyə verdiyi vədləri yerinə yetirməyib – Qaçqınlara 3.5 milyard avro ayrılacaqmı?

Avropa İttifaqı Suriya qaçqınlarına 2024-cü ilədək sığınacaq verməkdə davam etməsi üçün Türkiyəyə 3.5 milyard avro (4.18 milyard dollar) vəsait ayrılması məsələsini nəzərdən keçirir.

“Reuters” agentliyi iki diplomata istinadən xəbər verir ki, bu vəsait miqrantların Avropa İttifaqı ərazisinə axınının qarşısının alınması üçün geniş planın bir hissəsidir. Xəbərdə deyilir ki, ümumilikdə 5.77 milyard avronun Türkiyə, İordaniya, Livan və Suriya hökumətlərinə deyil, humanitar layihələrə xərclənməsi nəzərdə tutulur.

Xəbərdə qeyd olunur ki, Avropa İttifaqı bu ayırmalarla vaxt qazanmağa çalışır və 10 ildir davam edən Suriya münaqişəsinin nəhayət başa çatacağına ümid edir.

Türkiyə hazırda 4 milyonadək Suriya qaçqınına sığınacaq verib və onların elementar ehtiyaclarının ödənməsinə indiyədək 40 milyard dollar xərcləyib. Ankara Avropa İttifaqının qaçqınlar üçün ayırdığı vəsaitin birbaşa Türkiyə hökumətinə ödənməsini istəyir.

“Reuters” yazır ki, Avropa liderlərinin Ankaranın bu istəyini icra edəcəkləri inandırıcı görünmür. Bəzi Avropa rəsmiləri Türkiyəni qaçqınlardan alver predmeti kimi istifadə etməkdə günahlandırırlar. Ankara bu ittihamları qətiyyətlə rədd edir.

Məqalədə qeyd olunur ki, Avropa İttifaqının 27 lideri sözü gedən yardımın ayrılmasına dair Avropa Komissiyasının təklifini iyunun 24-də Brüsseldə keçiriləcək sammitdə böyük bir ehtimalla qəbul edəcəklər.

Lakin əsasən Avropa hökumətləri tərəfindən birbaşa ödənmiş bundan əvvəlki 6 milyard avroluq paketdən fərqli olaraq bu dəfəki yardım bütünlüklə Avropa İttifaqının vahid büdcəsindən ödənəcək və buna görə də qərarın Avropa Parlamentində təsdiqinə ehtiyac olacaq.

“Reuters” yazır ki, bu halda Avropa İttifaqında Türkiyə ilə münasibətlərə dair qızğın debatların yenidən açılacağı gözlənilir.

2016-cı ilin martında imzalanmış ilkin miqrant sövdələşməsinə uyğun olaraq Türkiyə Egey dənizindən keçərək və qanunsuz olaraq Yunanıstana daxil olan bütün miqrantları geri götürməyə boyun olub.

Bunun müqabilində Avropa İttifaqı Türkiyə vətəndaşlarının Avropaya səfərləri üçün viza tələbini ləğv edəcəyini, habelə Türkiyənin bloka üzvlüyü üçün danışıqları sürətləndirəcəyini vəd edib. Buna baxmayaraq, həmin danışıqlar bir xeyli müddətdir ki, düyünə düşüb.

“Reuters” onun əlində olan qətnamə layihəsinə əsasən yazır ki, iyunun 24-də Avropa liderləri bu vədlərini təzələməyə, Türkiyə ilə danışıqlar masasına qayıtmağa çalışacaqlar.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu miqrasiya və viza rejiminin liberallaşdırılmasına dair danışıqlar aparmaq üçün ötən həftəsonu Avropa İttifaqının xarici işlər komissarı Josep Borrellə görüşüb. Çavuşoğlu görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, Avropa İttifaqı Türkiyə ilə danışıqlara qayıtmalıdır:"Biz indi Avropa İttifaqından konkret addımlar gözləyirik. Artıq ilyarımdır ki, bu barədə sorğularımıza cavab almamışıq. Biz bu sammitin dönüş nöqtəsi olacağına ümid edirik...”

Şərhlər

Niyaməddin 2021-06-24 19:29:44

Nə vaxt vədlərini yerinə yetiriblər ki, yalançı, ikiüzlü, terrorçu, Türk və İslam düşməni vicdansızlar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol