Bir neçə gün əvvəl saytımızda “Beynəlxalq fırıldaqçının çarəsiz qoyduğu ananın fəryadi - "Kiminsə kefi belə istəyir..."" başlıqlı yazı dərc olunub. "Yenicag.az"-a istinadla dərc olunan yazıda əslən Moldovadan olan, hazırda isə Bakıda yaşayan Yekaterina Hasan öz həyat tarixçəsini danışaraq çarəsizliyini dilə gətirib. O, övladının atasıl, Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan biznesmen Almaree Vael Sulaimana qarşı bir sıra ittihamlar irəli sürüb.
Bununla bağlı Böyük Britaniya və Şirmali İrlandiya Krallığının vətəndaşı Almaree Vael Sulaiman tərəfindən “AzPolitika.info”ya cavab məktubu göndərilib. Həmin məktubu zəruri redaktə ilə olduğu kimi dərc edirik:
“Yekaterina Hasanın (Lungu) 21.06.2021-ci il tarixdə "Azpolitika.info" internet xəbər portalında (https://azpolitika.info/?p=634826 ) dərc etdirdiyi “Beynəlxalq fırıldaqçının çarəsiz qoyduğu ananın FƏRYADI - "Kiminsə kefi belə istəyir..."" (FOTOLAR)” başlıqlı məqaləyə münasibət bildirərək, həmin məqalədəki yalan, böhtan xarakterli məlumatlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm.
1) Məqalənin adı - deyiləcək yalan və böhtanlara anonsdur.
Məqalənin adından da göründüyü kimi, Yekaterina Hasan (Lungu) mənim barəmdə “Beynəlxalq fırıldaqçı” ifadəsini işlətmişdir ki, bu da məqalədə yazılanların qərəzli və böhtan xarakteri daşıyacağına əvvəlcədən anons verir. Barəmdə işlətdiyi digər ifadələrlə bağlı aşağıda daha geniş şərh veriləcək.
Mən bütün bilik, bacarıq və təcrübəmi məşğul olduğum biznesə tətbiq etməklə böyük uğurlar qazanmışam, etibarlı biznes tərəfdaşı kimi iş aləmində kifayət qədər nüfuza malik olan bir şəxsəm. Məqalə müəllifinin ailə münasibətlərinə aid məsələlərini mənim biznes fəaliyyətimlə əlaqələndirməsi cəhdi onun məsələnin əsl mahiyyətinə dair heç bir əsaslı dəlilinin, qanuni əsaslarının olmadığını dolayısıyla təsdiq edir.
Məqalə başlığının “ananın fəryadı” sözləri ilə bitməsi oxucunu guya, təqiblərə və qanunsuzluqlara məruz qalmış məsum bir qadının sonsuz iztirablarını eşitməyə və onun bu iztirablarının səbəbkarı olan “beynəlxalq fırıldaqçı”-nı ictimai qınaq obyektinə çevirməyə çağırır. ... və heç bir sübuta istinad etmir.
2) Yalnız faktlar...
Yekaterina Hasandan fərqli olaraq, mən yalnız dəqiq faktlara, qanuni qüvvədə olan məhkəmə qərarlarına və qanunvericiliyə istinad edəcəyəm.
Hər şeydən əvvəl qeyd edim ki, doğma övladımın mənimlə qalmasına dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddur.
- -Kişinyov Apellyasiya Palatasının mülki, kommersiya və inzibati işlər üzrə kollegiyasının 18 fevral 2020-ci il tarixli, İş № 2а-3812/19 saylı qərarı ilə qərara alınmışdır ki: ... Аlmаree Mаlikаnın yаşаyış yеri ... ünvаnındа yаşаyаn аtаsı Аlmаree Vаеl Sulaimаnlа müəyyən olunsun.
- -Moldova Respublikasının Ali Məhkəməsinin geniş kommersiya və inzibati-mülki kollegiyasının 14 avqust 2020-ci il tarixli, 2qa-825/20 saylı qərarı ilə qərara alınmışdır ki: “....Kişinyov Apelyasiya palatasının 18 fevral 2020-ci il tariхli qərarı dəyişdirilmədən saхlansın. Qərar yekundur.”
Bütün dünyada olduğu kimi həm Moldovada, həm də Azərbaycanda qanun qüvvəsində olan məhkəmə qərarı mübahisə və ya təftiş obyekti ola bilməz və mütləq qaydada icra olunmalıdır. Yekaterina Hasan(Lungu) öz məqaləsində bunu etiraf etsə də, Moldova qanunvericiliyini və məhkəməsini “nağılvari yurispridensiya” adlandırmaqla, Moldovada “anarxiya və qanunsuzluq hökm sürməsini” bildirməklə, ictimaiyyətin fikrini əslində özünün qanunsuz hərəkətlərindən yayındırmağa cəhd edir. Halbuki, nəinki Kütləvi İnformasiya Vasitəsi, hər hansı başqa bir yer də qanuni qüvvədə olan məhkəmə qətnaməsini təftiş yeri deyil. Bu hal Yekaterina Hasana(Lungu) və ya ona bu məqaləni yazmağa yardım edən şəxsə(əgər belə şəxs olubsa) məlum olmalı idi.
Uşağımın mənim yanımda qalmasına dair artıq mübahisələndirilə bilməyən məhkəmə qərarının “əsassız və ya qanunsuz ” kimi qələmə verilməsi, ictimaiyyətin fikrini qəsdən başqa səmtə yönəltməyə hesablanmış cılız cəhddən başqa bir şey deyil. O, Moldova məhkəmələrinin qanuni qüvvədə olan qərarını icra etməkdən qəsdən yayınmaq üçün azyaşlı uşağımı qanunsuz yolla Azərbaycana gətirib.
Yekaterina Hasan oxucuları inandırmağa çalışır ki, “Azərbaycana qanunu pozmadan, leqal formada gəlib. Bu zaman nə çaylardan keçib, nə də dağlar aşıb.” Xanımın Azərbaycana gəldiyi yolların hansı vəziyyətdə olması ilə bağlı məlumatım yoxdur. Lakin onun bu sözləri Ukraynanın rəsmi dövlət orqanının təqdim etdiyi sənədlə tam təkzib olunur.
Belə ki, Ukrayna Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş 18.02.2020-ci il tarixli sənəddən görünür ki, Almaree Malika anası Hasan Yekaterina tərəfindən bunu qadağan edən məhkəmə qərarının tələbini pozaraq, Moldova Respublikasının ərazisindən qanunsuz olaraq Azərbaycan Respublikası tərəfindən tanınmayan separatçı Dnestryanı Moldova Respublikası Kuçurqan və Mayaki-Udobne sərhəd buraxılış məntəqəsindən istifadə etməklə sərhəddən Ukrayna ərazisinə, oradan isə Azərbaycan Respublikası ərazisinə keçirilmişdir.
Məqaləsinin hər cümləsində ona qarşı edilən “qanunsuzluqdan” bəhs edən Yekaterina Hasan(Lungu) nədənsə qeyd etməyi unudub ki, onun barəsində Moldova Respublikası Cinayət Məcəlləsinin 207-ci maddəsi(uşağın saxta sənədlər və ya qanunsuz yolla ölkədən çıxarılması) ilə cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib.
Göründüyü kimi, təkzibedilməz faktlar göz qarşısındadır.
3) Məqalədə yol verilən yalan, böhtan və təhqirlərlə bağlı
Yekaterina Hasan(Lungu) reallıq və məsuliyyət hissini itirərək unutmuşdur ki, öz məqaləsində mənə münasibətdə yol verdiyi həqiqətə uyğun olmayan, şərəf və ləyaqətimi ləkələyən, yalan, böhtan və təhqirlər onun barəsində yalnız mülki, inzibati məsuliyyət deyil, həm də cinayət məsuliyyətinə səbəb ola bilər.
Məqalə müəllifi bəzi saxta ittihamlar irəli sürür. Bu ittihamların sadalanması “Yalan nə qədər dəhşətli olsa, ona daha həvəslə inanarlar” tezisindən yararlanmaq cəhdi kimi də qyimətləndirilə bilər. Əks təqdirdə, saysız-hesabsız və ağır ittihamlarla bağlı heç olmasa, sübuta bənzər bir təsdiqedici sənəd təqdim edilərdi.
Ona yaxşı məlum olmalıdır ki, cinayət əməli törətməsi barədə qanuni qüvvədə olan hökm mövcud olmadığı halda, heç bir şəxs cinayətdə ittiham edilə bilməz və belə bəyanatların verilməsinin özü həmin məlumatları yayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Bu səbəbdən məqalə müəllifinə və ona yardım edən şəxsə(əgər belə şəxs olubsa) məsləhət görərdim ki, belə düşünülməmiş hərəkətlərə bir daha yol verməsinlər.
Yekaterina Hasan(Lungu) öz məqaləsində mənim yeni ailə həyatı qurmağımla bağlı barəmdə səviyyəsiz küçə jarqonunda təhqir xarakterli ifadələr işlətməkdən belə çəkinməyib. Həmin ifadələr məqalə müəllifinin mənəviyyat səviyyəsinin güzgüsü kimi qiymətləndirilə bilər. Belə hallarda adətən “şərhə ehtiyac yoxdur” ifadəsi işlədilir.
Yekaterina Hasanın(Lungu) dövlət məmurlarının guya, onu şantaj və təhdid etməsinə dair iddiaları ilə bağlı heç bir məlumatım yoxdur. Onun özü də bu iddialarını sübuta yetirə bilmir. Həftədə 1 dəfə övladımı 1-2 saatlıq mənə göstərməklə kifayətlənən xanım hər hansı təzyiqlərdən danışa bilməz.
Məqalə müəllifi uşağın qan qardaşının olduğunu və buna görə də uşağın onların yanında qalmalı olmasını bildirir. Yekaterina Hasanın(Lungu) dahiyanə fərziyyəsindən belə nəticəyə gəlmək olar ki, kimsə başqa kişidən olan uşağına "qan qardaşı" adı qoyaraq, atanı öz balası ilə görüşdən məhrum etməlidir.
Uşağımı məndən gizlədərək, onunla görüşməyimə davamlı, qərəzli müqavimət göstərməsinə, mənim barəmdə həqiqətə uyğun olmayan, yalan, böhtan xarakterli məlumatlar yaymaqla haqq qazandırmaq istəyinin isə nəticəsiz qalacağına şübhəm yoxdur.
Moldova Parlamentinin üzvü də böhtana məruz qaldı...
Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinə malik Moldova Parlamentinin sabiq spikeri, hazırda isə Parlamentdə fraksiya rəhbəri olan Dmitri Dyakovun adının qanunsuz əməllərdə hallandırılması doğru deyil....
Məqalə müəllifinin yalnız məni deyil, Dmitri Dyakovu da hədəfə alması onu təsdiq edir ki, məsələ yalnız “çarəsiz qalan ananın fəryadı”nda deyil.
Konstitusiya Məhkəməsinə verdiyim şikayət niyə Yekaterina Hasanı narahat edir?
Məqalədə müəllif həmçinin hazırda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə verdiyim şikayətə də özünəməxsus tərzdə şərh verməyə cəhd edir. Həmin şikayəti də uşağın kimin yanında qalması mübahisəsini həll edəcək bir iş kimi qələmə verir və oxucularda qəsdən yanlış təəssürat yaradır, başqa qanuni dəlilləri olmadığı üçün sanki AR Konstitusiya Məhkəməsində özünü müdafiə etməkdən çəkinir.
Halbuki, mən qanuni qüvvədə olan Moldova məhkəməsinin qərarının Azərbaycan Respublikasında tanınması və icrasından imtina edilməsi barədə Ali Məhkəmənin qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət vermişəm. Bu məhkəmə işi heç bir halda xeyrimə çıxarılmış Moldova məhkəməsinin qərarına yenidən baxılması və ya onun təftiş edilməsi ilə bağlı deyil. Sadəcə, həmin qərarın icrasının Azərbaycan Respublikasında da təmin edilməsi ilə bağlıdır. Belə praktika bütün dövlətlərin qanunvericiliyində var, yəni bir ölkədə çıxarılmış və qanuni qüvvədə olan məhkəmə qərarı onun mahiyyətinə toxunmadan digər ölkədə tanınır və icra olunur. Bu zərurət uşağımı qanunsuz yolla Moldovadan çıxarmış Yekaterina Hasanın(Lungu) hazırda Azərbaycan Respublikasında olması ilə bağlıdır.
Göründüyü kimi, Yekaterina Hasanın(Lungu) “fəryadı” əslində yekun məhkəmə qərarı ilə həll olunmuş və yekunlaşmış məsələnin ictimaiyyətdə yalan fikir yaratmaqla icrasına mane olmaq məqsədi güdür.
Məqaləyə diqqət yetirsək, onun əksər hissələrində xanım uşağı ilə bağlı olan məsələni kənara qoyaraq, ancaq mənim şəxsiyyətim, biznes fəaliyyətim, ümumiyyətlə mübahisəyə aidiyyatı olmayan müxtəlif məsələlərdən söhbət açmaqla, yalan və böhtanlarla müşahidə edilən, şəxsiyyətimi, işgüzar nüfuzumu ləkələyən məlumatlar yayıb.
Sonda Yekaterina Hasana və məqaləni yazmaqda ona yardımçı olan şəxsə(şəxslərə) məsləhət görərdim ki, birbaşa cinayət məsuliyyətinə səbəb ola biləcək böhtan və təhqir praktikasından əl çəksinlər.
Mən isə ədalətin gec də olsa qalib gələcəyinə həmişə inanmışam, bu inam məni uğura aparıb və bundan sonra da belə olacağına ümidvaram”.




Şərhlər