Menu

Paşinyan parlamentdə mütləq çoxluğa sahib ola biləcək?

30.06.2021, 18:52
Paşinyan parlamentdə mütləq çoxluğa sahib ola biləcək?

Ermənistanda iyunun 20-də keçirilmiş parlament seçkisində səslərin 54 faizi qədərini qazanmış hakim “Vətəndaş Müqaviləsi” partiyasının 8-ci çağırış Milli Məclisində həlledici sayda mandata malik olmayacağı bildirilir.

“AzPolitika.info” erməni mediasına istinadən xəbər verir ki, Milli Məclisin üçdə ikisini təşkil edəcək mandat sayı Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan iqtidarına referendumların təyin edilməsi, Konstitusiyaya düzəlişlərin olunması və ya prezidentin vəzifəsindən kənarlaşdırılması üçün zəruridir.

Ermənistan Mərkəzi Seçki Komissiyası ötən bazar günü seçkinin yekun nəticələrini elan edib. Bu nəticələrə görə Baş nazir əvəzi Nikol Paşinyanın partiyası 107 yerlik parlamentdə 71 mandata sahiblənib.

MSK-nın sədri Tiqran Mukuçyan nəticəni belə izah edib: “2/3 nisbətindən bir qədər az alınır. Bu halda qanun belə bir şərt qoymur ki, bir tərəf yerlərin üçdə birini, digər tərəf isə üçdə ikisini qazanmalıdır. Qanunun tələbi belədir: Digər tərəf o qədər yer əldə etməlidir ki, yerlərin üçdə birini ala bilsin”.

MSK-nın qanunvericiliyə uyğun olaraq tətbiq etdiyi mürəkkəb hesablama ilə eks-prezident Robert Koçaryanın başçılıq etdiyi “Hayastan bloku”-nun parlamentdə 29 mandatı olacaq. Daha bir keçmiş prezident - Serj Sarqsyanla əlaqələndirilən “Şərəfim var” blokunun isə 7 mandatı olacaq. Beləliklə, hesablamalara görə “Vətəndaş Müqaviləsi” partiyasının bir neçə onda bir qədər xalı çatmır ki, mandatların üçdə ikisinə sahib olsun.

Parlamentin dövlət-hüquq komissiyasının sədri Vladimir Vardanyan yaranmış situasiyanı qanunvericilik xətası və ya qanunvericilikdə boşluqla izah edib: “Cüt rəqəmlərlə hesablama aparılanda problem həll olunur, hesablamaya tək rəqəmlər də daxil olanda məsələ açıq qalır. Qanunvericilikdəki bu boşluğu aradan qaldırmaq lazımdır. Buna baxmararaq, bu məsələyə sırf riyazi yanaşmanı ən yaxşı yanaşma hesab etmirəm. Biz əslində qanunun sistemli təhlilinin məntiqini rəhbər tutmalıyıq. Amma digər tərəfdən, əgər biz sırf hüquqi bucaqdan yanaşsaq, deməliyik ki, qanunvericilik boşluqları bu məsələdə yekun qərarın qəbul olunmasına imkan verməyib”.

Bundan bir neçə gün əvvəl Baş nazir əvəzi Nikol Paşinyan özünün Facebook səhifəsində yazmışdı ki, “Vətəndaş Müqaviləsi” partiyası yeni parlamentdə konstitusiya çoxluğuna malik olacaq. Belə çıxır ki, Paşinyan partiyasının belə bir üstünlüyü olmayacaq.

Vardanyan vəziyəti belə izah edib: “Əgər biz konstitusiya çoxluğunu geniş mənada şərh ediriksə, onda 3/5 nisbətində belə bir çoxluğun olduğunu deməyə əsas var. Söhbət konstitusiya qanunlarının qəbulundan gedir”.

Vardanyanın sözlərinə görə, “Vətəndaş Müqaviləsi” partiyası konstitusiya qanunlarını müxalifətdən olan həmkarlarının iştirakı olmadan dəyişə bilər.

Lakin komissiya sədri əlavə edib ki, hakim partiya bütün məsələlərdə özünün əməkdaşlıq çağırışına sadiq qalır: “Dövlət-hüquq məsələləri komissiyası qanunvericliyin ölkənin inkişafı üçün mühümlüyünü nəzərə alaraq konstitusiya qanunvericiliyi məsələlərində daim başqa parlament qüvvələri ilə konsensus tapa bilib. Bu elə bir meydandır ki, burada mübahisələr siyasi debatlara çevrilir. Siyasi debatlar çərçivəsində isə hər bir arqument son dərəcə mühümdür”.

Buna baxmayaraq, Vardanyan deyib ki, qanunvericilikdəki boşluq aşkar edilib və bu, gələcək parlamentlər üçün aradan qaldırılmalıdır.

O, Konstitusiya Məhkəməsinə müraciət olunacağını istisna etdiyini bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol