Menu

MTN-də Leyla Yunusun barəsində istintaq hərəkətləri aparılıb

22.10.2014, 14:34
MTN-də Leyla Yunusun barəsində istintaq hərəkətləri aparılıb

Dünən Milli Təhlükəsizlik Nazirliyində vəkil Elçin Qəmbərovun iştirakı ilə Leyla Yunusla bağlı istintaq hərəkətləri keçirilib. Bu barədə Turan-a vəkil Elçin Qəmbərov bildirib.

Onun sözlərinə görə, Leyla Yunus bu həftənin sonunadək 1 saylı Bakı İstintaq Təcridxanasına qaytarılacaq.

“Leyla Yunusun səhhəti yaxşı deyil, onun ciddi müalicəyə ehtiyacı var. Bu səbəbdən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilməlidir”, - vəkil bildirib.

Vəkilin dediklərinə görə, Leyla Yunusun MTN təcridxanasında saxlanılan həyat yoldaşı Arif Yunusla görüşünə şərait yaradılmayıb.

İyulun 30-da Leyla Yunusun barəsində üçaylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 320-ci (sənədlərin saxtalaşdırılması) və 178.3.2 (dələduzluq) maddələrilə təqsirləndirilir.

Həyat yoldaşı, tarixçi- alim Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələrilə təqsirləndirilir. Avqustun 5-də onun barəsində həbs qətimkan tədbiri seçilib.

Leyla və Arif Yunuslar ittihamları qəbul etməyərək siyasi sifariş kimi qiymətləndirirlər. Amnesty İnternational təşkilatı onları “vicdan məhbusu” elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol