Almaniyada qətlə yetirilən azərbaycanlı üçün anım mərasimi keçirilib.
“Report”un Avropa bürosunun məlumatına görə, Qreven şəhərində 35 yaşlı azərbaycanlı Elmir Arazovun (soyadı qeyri rəsmi olaraq Fərzəliyev kimi qeyd olunur) qətlə yetirildiyi yataqxananın qarşısında şəhər bələdiyyəsi tərəfindən təşkil olunan anım mərasimində Qreven şəhər icra hakimiyyətinin başçısı Ditrix Aden, bələdiyyə rəsmiləri, şəhər sakinləri və ətraf şəhərlərdən həmyerlilərimiz iştirak edərək mərhum haqda düşüncələrini, xatirələrini bölüşüblər.
Mərasimdə həmçinin mərhumun xatirəsinə ehsan süfrəsi də təşkil olunub. Yandırılan şamlar və güllər E.Arazovun qətlə yetirildiyi yerə düzülüb.
Xatırladaq ki, iyulun 4-də, Almaniyanın Qreven şəhərində 35 yaşlı azərbaycanlı Elmir Arazov eyni yataqxanada yaşadığı 25 yaşlı Əfqanıstan vətəndaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətldə şübhəli bilinən Əfqanıstan vətəndaşı saxlanılıb.
Faktı Qreven şəhər Prokurorluğu araşdırır.


Şərhlər