DAHA HANSI SƏFİRLƏR ŞUŞAYA GETMƏYİB? – Reallıqlar dəyişməyəcək, amma hər şey tarixə yazılır

Azərbaycanın Ordusunun zəfəri ilə başa çatan 44 günlük müharibənin yaratdığı əsas geosiyasi reallıq odur ki, bütün cəhdlərə rəğmən Dağlıq Qarabağı Azərbaycandan qoparmağın mümkün olmayacağı hər kəsə aydın oldu. Azərbaycan işğalda olan ərazilərinin üçdə ikisindən çoxunu güc yolu ilə azad etdi, düşmənə sarsıdıcı zərbə vurdu. Və bu işi beynəlxalq hüquqdan kənara çıxmadan, müharibə qanunlarına uyğun apararaq, heç bir sanksiyaya, təzyiqə bəhanə vermədi. Doğrudur, Fransanın timsalında belə cəhdlər oldu, amma siyasi ritorikadan o tərəfə keçmədi.

Hazırda Şuşa, Hadrut da daxil olmaqla işğaldan azad olunmuş torpaqlarımız yenidən abadlaşdırılır, nəhəng infrastruktur layihələri bu əraziləri də əhatə edir. Əlbəttə, reallıqların biri də Qərblə “soyuq müharibə” aparan aqressiv Rusiya və onun Cənubi Qafqazdakı strateji maraqlarının yaratdı nəticələrdir. Moskva işğalçı Ermənistan ordusunun sona qədər məhv edilməsinə imkan vermədi və Xankəndi mərkəz olmaqla işğalda qalan ərazilərin bir hissəsini özünün məsuliyyət zonası elan etdi. 10 noyabrda imzalanmış atəşkəs bəyanatına görə bölgədə bu status-kvo 5 il davam etməlidir, sonra tərəflər vəziyyət uyğun olaraq yeni qərarlar verəcəklər.

Qarşıdakı müddət 44 günlük müharibədə əldə olunmuş nəticələrin qorunub-saxlanılması, onun siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyatın bərpa edilməsi kimi mühüm vəzifələr müəyyən edir. Azərbaycan bu istiqamətdə fəal işləyir, paralel olaraq strateji müttəfiqi Türkiyə ilə əlaqələrini daha da sıxlaşdıraraq, ordu quruculuğu, müdafiə və təhlükəsizlik sektorunun yenidən qurulması, ərazilərin minadan təmizlənməsi, bərpa olunması istiqamətində müştərək fəaliyyət həyata keçirir.

İyunun 15-də Prezidentlərin iştirakı ilə Şuşada imzalanmış Bəyannamə bu istiqamətdə müttəfiqlərin niyyətini və qəbul etdikləri “yol xəritəsini” göstərir. Məhz bu amil, Türkiyə ilə birləşərək Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiyası maraqlı qüvvələri hərəkətə gətirib. Başda Rusiya olmaqla Azərbaycana neqativ münasibətdə olanlar, Ermənistanın dostları və Türkiyənin düşmənləri az qala bir platformada birləşiblər. Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, Şuşaya səfərdən imtina edən ölkələrin siyahısı elə bu bədnam platformanın özəyini təşkil edir.

Bu siyahıda kimlər var: Əlbəttə, başda Ermənistanın dostları və əsas hamiləri Rusiya və Fransa gəlir. ABŞ da ənənəvi xətdən kənara çıxmayıb, həmsədr “dostları” ilə həmrəylik nümayiş etdirib.

ABŞ səfirliyindən bu barədə “Haqqin.az” saytının sorğusuna verilən cavabda isə heç bir izahat yoxdur, obrazlı desək, dipliomatik “kəkələmə” var. 

Səfirlikdən deyilib: “Səfirin cədvəli və ya müəyyən tədbirlərdə iştirak edə bilməməsinin səbəbləri ilə bağlı detalları şərh etmirik. Qeyd etmək istərdik ki, cümə günü Bakıda Füzuli və Şuşaya gedə bilməyən bir sıra diplomatik nümayəndəliklərin nümayəndələri var idi…”

Jurnalistin təkrar verdiyi “Niyə Minsk Qrupunun üç həmsədri – ABŞ, Rusiya və Fransa səfirləri eyni mövqedən çıxış edərək 9 iyulda Şuşaya səfər dəvətini rədd etdilər” sualına verilən cavab da əvvəlki “kəkələmə”-nin təkrardır: “Səfirimizin cədvəlinin təfərrüatlarını şərh etmirik. Digər səfirliklərlə bağlı ətraflı məlumat üçün Fransa və Rusiya səfirləri ilə əlaqə saxlamağınızı tövsiyə edirik”.

Təəccüblü odur ki, Böyük Britaniya müharibə zamanı Azərbaycana diplomatik-siyasi dəstək nümayiş etidrsə də, səfir Ceyms Şarp Şuşada görünməyib. Elçinin həmin günlərdə Londonda istirahətdə olduğu bildirilir. Hər halda Azərbaycanın neft layihələrindən 68 milyard dollar xalis mənfəət əldə etmiş BP ölkəsinin səfirliyindən bir diplomatın Hikmət Hacıyevlə Şuşada bir qismət çörək kəsməsi üçün heç bir əngəl yox idi. Görünür, Londonda BMT Təhlükəsizilik Şurasının üzvlərindən “geri qalmamaq” prinsipini rəhbər tutublar. 

Amma Çin fərqli mövqe nümayiş etdirib, Pekinin Bakıdakı baş diplomatı dəvətdə şəxsən iştirak edib. Əlbəttə, bu da təsadüfi deyil, Çinin “Bir kəmər, bir yol” layihəsi Azərbaycandan keçir və rəsmi Bakı bu layihədə iştirak etməkdə maraqlıdır, neft pulları hesabına regionda həyata keçirilən transmilli nəqliyyat layihələri buna əlverişli imkanlar yaradır.

Almaniyaya gəldikdə, bizdə olan məlumata görə, onun səfirini bu dəfə Azərbaycan hökuməti dəvət etməyib. Səbəb sadədir: Prezidentin tapşırığı ilə təşkil olunan 6-7 səfərin hər birinə Berlinin təmsilçisi dəvət olunub, amma heç birinə getməyib, gah minaları, gah da pandemiyanı bəhanə gətirib. Ona görə alman diplomatlarına daha bir dəvət göndərməyə ehtiyac duyulmayıb...

Yeri gəlmişkən, Almaniyanın biganəliyi başa düşülən deyil. Əvvəla, Avropanın iqtisadi baxımdan ən qüdrətli ölkəsinin Cənubi Qafqazda ən geniş iqtisadi əlaqələri, ticarət dövriyyəsi Azərbaycanladır. Dövlət Gömrük Komitəsinin 2019-cu ildə açıqladığı məlumata görə, Azərbaycan əsas ixracının 4.9 faizini Almaniyaya həyata keçirib. Adıçəkilən ölkədə ölkəmizə idxal da ümumi idxalın 5 faizə qədərini təşkil edib.

Siyasi-diplomatik müstəvidə də əlaqələr sabit olub, Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, habelə Bundestaqın qəbul etdiyi bir neçə qətnamədə erməni işğalı pislənib, təcavüzün dayandırılmasına, işğalçı qouşunların Azərbaycan ərazilərini tərk edilməsinə çağırış edilib.

Qeyd edək ki, Füzuli və Şuşa səfərində ərəb ölkələrinin əksəriyyəti həvəslə iştirak edib. Ya səfirlər, ya da ölkəni təmsil edən başqa diplomatlar, müvəqqəti işlər vəkilləri, attaşelər səfər heyətlərində yer alıblar. Onların sırasında Fələstin nümayəndələri aktivliyi ilə fərqlənsələr də, Misir ölkələr arasında əlaqələrin xarakterinə ziddi davranış sərgiləyib. 

Əslində Azərbaycanı təəccübləndirən mövqe müharibə günlərinə nümayiş etdirilib. Rəsmi Qahirə Azərbaycanın haqq işini dəstəkləyən heç bir bəyanat verməyib, Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamayıb. Bu siyasətə uyğun olaraq, Bakıdakı səfir Adel İbrahim də susmağa üstünlük verib.

Xatırladaq ki, 1993-cü ilin aprel ayından Misirin Bakıda və 1994-cü ilin yanvarında Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyi kimi tarixə düşüb.

Misir Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü həmişə müdafiə edib. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə Misir nümayəndələrinin dəstəyini qazanıb.

İki ölkə arasında diplomatik, siyasi əlaqələr də sabit məcrada inkişaf edib. 6-8 may 2007-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Qahirədə rəsmi səfərdə olub. Səfər çərçivəsində idman sahəsində, iki ölkənin ədliyyə nazirlikləri, kənd təsərrüfatı nazirlikləri, dövlət informasiya agentlikləri, poçt təşkilatları arasında əməkdaşlıq haqqında sazişlər, turizm sahəsində, iki ölkənin daxili işlər nazirlikləri, M.F.Axundov adına Milli Kitabxana və Misirin Ərəb İsgəndəriyyə Kitabxanası, Abşeron İcra Hakimiyyəti və Misirin Qəlyubiyyə İcra Hakimiyyəti arasında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Misirin Mineral Ehtiyatlar Qurumu arasında texniki əməkdaşlıq Protokolu, İnformasiya və YüksəkTexnologiyaları Nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu və iki ölkənin hökumətləri arasında hava nəqliyyatı haqqında sazişə əlavə Protokol imzalanıb.

Misirin hazırkı mövqeyi çox güman Azərbaycan-Türkiyə arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsi ilə bağlıdır. Məlumdur ki, Türkiyə Misirdə inqlibala hakimiyyətə gələn Müsəlman Qardaşları təşkilatının sonradan hazırki Prezident Sisi tərəfindən güc yolu ilə devrilməsini qəti şəkildə pisləyib. Bu səbəbdən iki ölkə arasında münasibətlər gərgindir və diplomatik münasibətlər ən aşağı səviyyəyə endirilib. Görünür, Misir rəhbərliyi Türkiyəyə qarşı münasibətini bir formada onun əsas müttəfiqi Azərbaycana da şamil edir. Bu isə iki ölkə arasında iqtisadi, siyasi və diplomatik münasibətlərin xarakterinə ziddir. Rəsmi Bakı bəzi istisnalarla həmişə xarici siyasətində bu cür standartları tətbiq etməkdən yaynıb.

Yekun olaraq qeyd edək ki, bu cür təzyiq cəhdləri, ikitərəfli əlaqələrin xarakterinə zidd olan davranışlar Azərbaycanda xəyal qırıqlığı yaratsa da, bölgədəki siyasi reallıqları dəyişəcək faktor deyil. Qarabağ Azərbaycanın ərazisidir, bunu BMT təsdiqləyib, Təhlükəsizlik Şurasının üzvləri də bunu eitraf etmək məcburiyyətindədirlər. Mhüaribədən sonra Şuşa da Azərbaycanın nəzarəti altındadır və tarixi ədalətin bərpa olunmasını alqışlamaq, qalan ərazilərin dinç, birgəyaşayış prinsipləri əsasında öz sahibinə verilməsinə yardım etmək bəşəriyyət qarşısında bir məsuliyyətdir.

E.Rüstəmli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Hasanov-Maniq cütlüyü 2021-08-08 11:31:27

Almaniya sefiri her yerde ağızdolusu ilə Azərbaycanın Almaniyadakı səfiri Ramin Hasanovla dost olduğundan dəm vurur... Necə deyərlər, dostunun kim olduğunu mənə de, mən də sənin kim olduğunu deyim....

AFR hissesine dair kritika 2021-07-20 13:10:26

Almaniya-Azərbaycan münasibətləri ilə bağlı qeyd edilənlərin dəqiqləşdirilməsinə ehtiyac vardır. Almaniya müharibədən öncə və müharibə zamanı Azərbaycanı deyil, məhz Ermənsitan Respublikasını dəstəkləmişdir. Bu gün də Avropa İttifaqı müstəvisində emrənistanı bütün müstəvilərdə dəstəkləyən ölkə Almaniyadır. Müəllifdən yazını hazırlamamışdan öncə, faktları və prosesləri dərin araşdırmasını tövsiyə edirik.

RT 2021-07-14 06:39:03

Cehenneme qora qelsinner )))) Dallariyca qara dash !!!!

Tahir 2021-07-13 21:27:49

Dəvətə qatılmayan bu dövlətlər ölkəmizə qarşı həmişə reallıq və həqiqətləri görmək istəməyiblər.İndi həm ölkə vətəndaşlarına və beynəlxalq aləmə gün kimi aydın oldu ki Qarabağ münaqişəsi başlayn gündən bu günə kimi bu dövlətlər elə indiki siyasəti, davranışı və münasibəti göstərirdilər

Xalq 2021-07-13 21:14:22

məncə bütün bunlar Turan Birliyinə görə baş verir!

turan 2021-07-13 19:48:58

".... karvan keçər"

Son yazılar