Baş Prokurorluq Bakıda 20 yaşlı qızın bacısı tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 22-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində yaşamış 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, G.Nuriyeva ilə eyni ünvanda yaşamış kiçik bacısı Pərvanə Nuriyeva tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Şərhlər