Prezident İlham Əliyev ötən həftə Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində altı ayın yekunlarını əsas götürərək ölkə iqtisadiyyatının 2 faiz artdığını qeyd etdi.
“Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb”, - dövlət başçısı belə deyib.
O, dünya ölkələrinin böyük əksəriyyətində hələ iqtisadi tənəzzülün olduğunu vurğulayaraq bidirib ki, Azərbaycan iqtisadiyyatı artır: “Əminəm ki, ilin sonuna qədər daha da artacaq”.
Ancaq dövlət başçısı sənaye istehsalının 0.3 faiz azaldığını da vurğulayıb və bunun əsas səbəbini neft hasilatı ilə əlaqələndirib.
Milli Məclisin deputatı Vüqar Bayramovun qənaətincə, cari ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında qeydə alınan artım qeyri-neft sektoru hesabına baş verib: “Bu dövrdə qeyri-neft sektorunda 5.1 faiz artım qeydə alınıb, neft-qaz sektorunda, 4.7 faiz azalma müşahidə olunub. Neft-qaz sektorunda azalma eyni zamanda neft-qaz sənayesində qeydə alınıb. Belə ki, neft-qaz sənayesində bu ilin I yarısında 3.2 faiz azalma qeydə alınıb. Amma qeyri-neft sənayesində isə 16.6 faiz artım qeydə alınıb. Praktik olaraq rəqəmlərin müqayisəsi göstərir ki, qeyri-neft sektorunda və həm də qeyri-neft sənayesində artım tempi 2021-ci ilin I yarısında qeydə alınıb və qorunub saxlanılıb”.
Onun fikrincə, amma buna rəğmən bütövlükdə sektorda azalma tempi davam edib: “Sənayedəki azalma neft-qaz sektorundakı azalma hesabına baş verib. Çünki qeyri-neft sənayesində ikirəqəmli artım qeydə alınıb, amma buna rəğmən neft sənayesində müşahidə olunan azalma ümumi sənaye istehsalının azalmasına səbəb olub. Bu, əsas Azərbaycanın Neft İxrac Edən Ölkələr Birliyi (OPEC ) + anlaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklər və buna uyğun neft hasilatının azalması ilə bağlıdır”.
Vüqar Bayramov hesab edir ki, neftin dünya bazar qiymətləri indiki halda məqbul səviyyədədir: “Nəzərə alsaq ki, ilin əvvəllərində qiymət heç də yüksək deyildi, orta qiymət də koronavirus pandemiyasından əvvəlki qiymətlə yüksək hesab olunmur. Amma OPEC+ avqust ayından etibarən hasilatın mərhələli şəkildə artımına gedəcək. Bu, onu deməyə əsas verir ki, növbəti aylardan Azərbaycanın neft hasilatının mərhələli şəkildə artması və neft-qaz sənayesindəki azalması tempinin optimallaşdırılması mümkün olacaq”.
"AzPolitika.info"


Şərhlər