Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 10 şagird və onların valideynləri ilə görüşüb.
Bu barədə "AzPolitika.info"-ya Universitetin İctimaiyyətlə əlaqələr mərkəzindən daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, rektor liseyə qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə şagirdləri təbrik edib, təhsillərində uğurlar arzulayıb. BDU-nun nəzdində “Gənc istedadlar” liseyində şagirdlərin hərtərəfli biliklərə yiyələnməsi üçün yaradılmış şəraitdən, lisey şagirdlərinin Respublika və dünya olimpiada və müsabiqələrində əldə etdikləri nəticələr haqqında söz açıb.

Bildirib ki, cari ildə liiseyin şagirdləri Respublika və dünya olimpiadalarında 10 medal qazanıb. Bunlardan 2-i qızıl, 2-i gümüş, 6-i bürüncdür. “Sabahın alimləri” onuncu Respublika müsabiqəsində liseyin 21 şagirdi Kompüter elmləri, Kimya, Riyaziyyat, Fizika və astronomiya, Biologiya, Ekologiya, ətraf mühitin idarə olunması kimi sahələr üzrə müxtəlif mövzularda layihələrlə çıxış edib və 3 layihə 1-ci yerə, 5 layihə 2-ci yerə, 3 layihə 3-cü yerə və 1 layihə isə xüsusi mükafata layiq görülüb. Bu il liseyi 9 şagird qızıl, 2 şagird isə gümüş medalla bitirib.
Məlumatda qeyd olunub ki, rektor liseyə yeni qəbul olunmuş şagirdlərin də liseyin bu ənənələrini davam etdirəcəyinə əminliyini bildirib.
Daha sonra rektorun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə, “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov, direktor müavini Rəfiyyə Cəbrayılova çıxış edərək şagirdləri təbrik ediblər.

Görüşdə iştirak edən valideynlər qəbul imtahanlarının şəffaf keçirilməsi, şagirdlərin öz biliklərini nümayiş etdirə bilməsi üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür ediblər. Görüşün sonunda rektor ən yüksək nəticə göstərmiş şagirdlərə təşəkkürnamə və hədiyyələr təqdim edib.
"AzPolitika.info"


Şərhlər