Ötən həftə Prezident İlham Əliyev Bakıda sayca 6-cı, ölkə üzrə isə 21-ci olan “ASAN xidmət” mərkəzinin açılış mərasimində iştirak edib.
Beləliklə, Prezidentin 2012-ci ildə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında imzaladığı fərmandan keçən 9 il ərzində bu xidmət şəbəkəsi böyük inkişaf yolu keçib. Hazırda bölgələrdə daha bir neçə Mərkəzin tikintisi davam etdirilir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu sahədəki vəziyyəti dəyərləndirərkən qeyd edib ki, "ASAN xidmət" modeli cəmiyyətin bütün sahələrində müstəsna rol oynayan, inqilabi dəyişiklik yaradan, uzun illər əldə edilməsi mümkün olmayanı qısa müddətdə əldə etməyə imkan verən bir model olub. “Bu, birmənalıdır”.
Ekspert xatırladıb ki, pandemiyadan öncə ölkə Prezidenti 10 il müddətində 27 "ASAN xidmət" Mərkəzinin tikiləcəyini bildirib. O.Gündüzn sözlərinə görə, müasir çağırışlar baxımından ASAN-nın 10 illiyindən sonra bu sahədə yeni konsepsiya ortaya qoyulmalıdır: "Hazırda Dövlət Agentliyinin birbaşa tabeliyində olan hər iki qurumu - "ASAN xidmət"-i və “e-Gov” Mərkəzini müqayisə etsək, görərərik ki, ASAN mərkəzlərə, oflayn sahəyə, oflayn infrastrukturun formalaşmasına daha çox diqqət yetirilir və daha çox yatırım edilir. Xidmət mərkəzlərinin gündəlik həyatını müşahidə etsək görərik ki, vətəndaşların bura axını yüksəkdir. Yəni, əhali hələ də oflayn formada xidmətləri almaq məcburiyyətindədir. ASAN mərkəzlərdə əhalinin sıxlığı dövlət və qeyri-dövlət sektorunda rəqəmsal transformasiyanın zəif inkişafının göstəricisidir".
O.Gündüz hesab edir ki, əhalinin oflayn xidmətlərə meylli olması elektron xidmətlərin əlçatan və rahat, rəqəmsal savadlılığın yetərli olmaması, həm də ASAN mərkəzlərin - oflayn xidmətin daha əlçatan olması ilə bağlıdır: "Yəni belə görünür, vətəndaş məmnunluğu baxımından ASAN mərkəzlərin olması həm hökuməti razı salır, həm də elə vətəndaşlar da xidmətləri oflayn almağa meylli olurlar. Fikrimcə, müasir çağırışlar baxımından qarşıdakı illər üçün bu model dəyişməlidir. Qlobal dünyada baş verənlər göstərir ki, mütləq formada, cəmiyyətin bütün sahələrində rəqəmsal transformasiyaya getmək lazımdır, əhalinin rəqəmsal savadlılığı artırılmalıdır. Fikrimcə, hökumət indiki məqamda rəqəmsallaşmanı, rəqəmsal hökuməti və rəqəmsal savadlılığın artırılmasını prioritet elan etməli, ASAN mərkəzlər isə başqa daha modern formada, daha yığcam şəkildə fəaliyyətlərini davam etdirməlidir. Hazırda "ASAN xidmət" regionlarda yerli icra hakimiyyətlərinin xidmətlərini də elektron formaya keçirir. Yaxın müddətdə regional e-Gov formalaşacaq. Bu baxımdan, indiki klassik formada ASAN mərkəzlərin modernləşdirilməsi, yerli icra qurumlarının binasında daha yığcam ASAN mərkəzlərin yaradılmasına üstünlük verilməsi doğru olardı. Bir sıra populyar dövlət xidmətlərinin də yalnız elektron formada göstəriləcəyi ilə bağlı qabaqcadan açıqlamalar verilməsi, buna hazırlaşmaq doğru olardı".
Ekspertin sözlərinə görə, bu sahəyə sərf olunan vəsaitlərin rəqəmsal transformasiyaya, innovasiyalararın və internetin inkişafına, əhalinin rəqəmsal savadlılığının artırılmasına yönəltmək, bu sahəni prioritet elan etmək daha yaxşı olardı.
"AzPolitika.info"


Şərhlər