"İLAN MƏLƏYƏN" ÇÖLLƏRİN YAŞIL CƏNNƏTƏ ÇEVRİLMƏSİ - 3 ildə minlərlə hektar boş ərazi yaşıla bürünüb (VİDEOREPORTAJ)

2017-ci ildən başlayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu torpaqlarını aqrobağ salınması məqsədilə sahibkarlara icarəyə verir. Artıq minlərlə hektar meşə fondu torpağında intensiv meyvə bağları salınıb.

Nazirlikdən verilən məlumata görə, 2018-2021-ci illərdə 84 hüquqi və fiziki şəxsə ümumilikdə 9013 hektar ərazi icarəyə verilib. Bu illərdə 10 halda müqavilənin tələbləri pozulduğu üçün 658 hektar meşə torpağının müqaviləsinə xitam verilib. Amma ümumilikdə layihə uğurla yerinə yetirilir və artıq minlərlə hektar ərazi yaşıl örtüyə bürünüb.

Təqdim etdiyimiz bu videoreportajda da belə uğurlu layihələrdən biri haqda söhbət açılır.

Ağdaş rayonunun Ərəbşəki kəndi yaxınlığında, Kür çayının qırağında yerləşən bu ərazi uzun illər boş çöllük olub. Əvvəllər ərazini yaşıllaşdırmaq cəhdləri, isti və quraq iqlimə, həmçinin ənənəvi selləmə üsuluyla suvarmanın çətinliyinə görə nəticəsiz qalıb. Ötən il 50 hektarlıq bu ərazi aqrobağ salınması məqsədilə sahibkara çoxillik icarəyə verilib. Gərgin əməkdən sonra ərazi əkin üçün yararlı hala gətirilib və bu yaz müasir damlama-suvarma üsulu tətbiq edilməklə, Türkiyədən gətirilmiş tinglərlə əsasən badam, nektarin, gilas, ərik bağları salınıb. Gördüyünüz kimi, indi ərazi nəinki gözoxşayan yaşıla bürünüb, həmçinin ətraf kəndlərin sakinləri üçün məşğulluq imkanları yaranıb.

İş icraçısı Savalan Hüseynlinin bildirdiyinə görə, 6-7 nəfər üçün daimi işyeri yaradılmaqla yanaşı, bəzən günəmuzd işə cəlb olunanların sayı 25-30 nəfərdən artıq olur. Getdikcə, işçi tələbatı daha da böyüyür.

“Əvvəllər bu torpaqların nə dövlətə, nə xalqa, nə də yerli camaata bir faydası olmayıb. İndi isə hamıya faydası olacaq. Ərazi yaşıl örtüyə bürünəcək, dövlət icarəhaqqı və vergi alacaq, xaricə məhsul ixrac olunaraq, ölkəyə valyuta gətiriləcək, üstəlik, onlarla adamın məşğulluğu təmin olunacaq”, - həmsöhbətimiz əminliklə deyir və bu şəraiti yaratdığına, belə faydalı layihəni həyata keçirdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə təşəkkür edir.

İş icraçısı bildirir ki, intensiv bağçılıq bölgə üçün yeni təcrübədir. Bu səbəbdən müəyyən risklər var. Lakin hələ ki, işlər planlaşdırıldığı kimi gedir, tinglərin inkişafı da yaxşıdır. “Təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi meşə fondundan icarəyə götürülmüş torpaqları əkin subsidiyası ilə təmin etməkdən imtina edir. Baxmayaraq ki, suvarma sisteminin çəkilməsi üçün subsidiya ayırdı. Ümid edirik ki, bu anormallıq tezliklə aradan qaldırılacaq və biz də əkin subsidiyası ala biləcəyik”, - həmsöhbətimiz bildirir.

Belə görünür ki, boş meşə talalarının yenidən yaşıllığa bürünməsi üçün ən optimal variant seçilib. Sahibkarları və investisiyanı cəlb etməklə, həm ölkənin yaşıl örtüyü artırılır, həm də regionların sosial-iqtisadi inkişafına böyük töhfə verilir.

Elvin Məhərrəmli

"AzPolitika.info"

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşfiqi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Əski kolxozçu 2021-08-14 17:04:20

Bəli, 1982-1989cu illərdə, xüsusilə yol kənarlarında salınmış Meyvə meşəliklərindən sanki, olmamış kimi danışılır? Halbuki, nə qədəri məhv edilib və ya özəlləşdirilib. Suvarılan belə Pambıq tarlalarının da əksəriyyəti daha zəruri məhsuldar sahələrə çevrilmək əvəzinə Qarabağ kimi Kremlin mərhəmətinə də yox, çoxdan susuz ilanların öhdəsinə buraxılıb?

M.Əsgərov 2021-08-13 18:40:48

Bütün ölkə yaşıllıqlarla örtülməlisir. Xüsisi nəzarət altında belə işlər aparılmalıdər, yoxsa əkirik suvarma aparmərəq qurub yanəe bülə oımaz....

Elcin 2021-08-13 16:45:17

Əla. Heyran qaldım.

murvet 2021-08-13 15:40:09

insallah o da duzeler

TARIX 2021-08-13 14:19:57

COX TƏƏSÜF Kİ ŞƏKİ-QAX ARSI MEŞƏLƏRDƏ FINDIQ BAĞLARI SALINIR.

t.ədalət 2021-08-13 13:11:04

Meşə ərazilərini sahibkarlara vermək,oranı meyvə bağlarına çevirmək çox təhlükəlidir.Biznes,kommersiya olan yerdə nə milli heysiyyət,nə də milli qeyrət olur.Hər şey pulla dəyərləndirilir.

Son yazılar