Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev 31 ünvanında yaşayan sakinlər binanın həyətindəki ağacların kəsilmə təhlükəsindən narahatdır.
Sakinlərdən “Report”a daxil olan müraciətdə bildirilib ki, ərazidəki ağacların kəsilərək yerində tikinti işi aparılması üçün işlər görülür. Artıq sözügedən ünvana tikinti üçün materiallar da gətirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bəhruz Nuriyev küçəsi 31 ünvanında yaşıllıq ərazidə tikinti işlərinin aparılacağı və oradakı ağacların kəsilmə təhlükəsinin olması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı yaşıllıq əraziyə mişar daşının tökülməsi faktı qeydə alınıb: "Ərazidə 14 müxtəlifcinsli ağacın olduğu müəyyən edilib. Ağaclar tərəfimizdən qeydiyyata alınaraq nəzarətə götürülüb. Hazırda torpaq sahəsinin mənsubiyyəti və kimin mülkiyyətinə verilməsi istiqamətində araşdırmalar aparılır".
Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov da “Report”a bildirib ki, ağacların kəsilməsi təhlükəsi ilə bağlı ərazidə yaşayan sakinlərdən müraciət daxil olub:
“Məsələni öyrənən kimi dərhal müdaxilə etdik və tikilinin qanunsuz olduğu ortaya çıxdı. Özünü idmançı kimi təqdim edən şəxs ağacları kəsdirib yerində tikinti aparmaq istəyirdi. Lakin operativ müdaxiləmiz nəticəsində iş dayandırıldı. Hazırda tikinti materialları ərazidən götürülür”.




Şərhlər
Bu cür biabırci və qanunsuz əməllər Xətai rayonunun Mehmandarov, İİnqilab İsmaylov, Şıxlinski kücələrində və hətta Gəncə prospektində, Əhmədli və Həzi Aslanov Metrostansiyalarının üstündə, ətrafində, su, qaz, elektrik xətlərinin mühafizə ərazilərində, piyada kecidlərində və səkilərdə həyata kecirilməsi adi hal alıb. Səbəb isə rayon İHA vəzifəli şəxslərinin tamah məqsədilə torpaqdan qanunsuz istifadə edib, özbaşına tikinti aparanlara himayədarlıq etmələridi. Ryonda qanunların icrasına nəzarət edən prokurorluq isə deyəsən müvəqqəti olaraq iləmir.
qoymayın ağacları məhv etməyə!
pul keçirib icazə alacaqlar.Tikintini heç kim əngəlləyə bilməyəcək.