ŞUŞALILARIN HƏSRƏTİNƏ SON QOYULUR – Şuşa sakinlərinin şəhərə ilk səfəri baş tutub + VİDEO

Bir qrup Şuşa sakininin 30 il sonra öz doğma şəhərlərinə səfəri təşkil olunub. Şəhər sakinləri illər sonra öz doğma ev-eşiklərini ziyarət ediblər.

Sakinlərin bəziləri bildirib ki, yaşadıqları evlər erməni vandalları tərəfindən dağıdılsa da, sökülsə də onlar burda olmaqdan qürur duyurlar. Onlar həm də Allahdan şəhidlərimizə rəhmət diləyib, onların sayəsində burda olduqlarını deyiblər.

“Həmişə yerimizdə-yurdumuzda, evimizdə-eşiyimizdə”. Bu sözləri bir qrup Şuşa sakininin 30 il sonra öz doğma şəhərlərinə səfəri zamanı sakinlər səsləndiriblər.

Sakinlər bildirib ki, onların 30 ildir sevinci, xoşbəxtliyi əllərindən alınmışdı. İndi isə bunların hamısı onlara geri qaytarılıb.

Daha ətraflı Baku TV-nin süjetlərində:

***

Bu gün 50 nəfər Şuşa sakini şəhərin azad olunmasından sonra ilk dəfə öz doğma yurdlarını görmək imkanı qazanıblar.

"Report"un əməkdaşı xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfərdə ilk olaraq yaşlı nəslin nümayəndələri, Qarabağ qaziləri, şəhərin ziyalıları iştirak ediblər.


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov şuşalıları salamlayaraq qeyd edib ki, bu gün şəhərin tarixində önəmli gün kimi qalacaq: “Əminəm ki, 29 illik həsrətdən sonra Şuşanı görmək sizlər üçün böyük bir hadisədir. Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruq” əməliyyatı və Ordumuzun şücaəti sayəsində azad olunan Şuşa şəhərinə qayıdan ilk sakinlər sizlər olmusunuz və müəyyən müddətdən sonra bütün Şuşa sakinləri öz doğma şəhərlərinə qayıda biləcəklər”.

M.Abbasov bildirib ki, erməni vandallarının şəhərə vurduqları ziyanı hər bir küçədə, evdə görmək mümkündür. Buna baxmayaraq, şəhərin Baş planına uyğun olaraq, şəhərdə bərpa və yenidən qurma işləri tam gücü ilə davam edir, küçələr və parklar yenilənir, şəhərin həyat əhəmiyyətli infrastrukturu dəyişdirilir, tarixi abidələr bərpa olunur, yararsız vəziyyətə düşən ərazilər yenidən qurulur. Bu baxımdan Şuşanın tarixi libasının qorunması şərti ilə müasir şəhərə çevrilməsi prosesinə başlanıb.

Daha sonra Şuşa sakinləri Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.

Səfərin sonunda sakinlər öz evlərini də ziyarət etmək imkanı qazanıblar.

11:44

Bu gün səhər saatlarında yola düşən bir qrup şuşalı doğma şəhərləri olan Şuşaya çatıblar.

"Report"un əməkdaşı xəbər verir ki, şuşalılar şəhəri sevinc göz yaşları ilə qarşılayıb.

Yaxın dəqiqələrdə şuşalılar 30 il əvvəl ermənilər tərəfindən işğal edilən evlərini ziyarət edəcəklər.

Onlar öz doğma şəhərlərində görülən işlərlə tanış olacaqlar. Daha sonra şəhərdə yerləşən tarixi, dini və mədəni abidələr ziyarət olunacaq.

05:44

Bir qrup Şuşa sakini doğma şəhərinə yola düşüb.

"Report"un əməkdaşı xəbər verir ki, səfər zamanı şuşalılar öz şəhərini ziyarət edəcəklər.

Onlar öz doğma şəhərlərində görülən işlərlə tanış olacaqlar. Daha sonra şəhərdə yerləşən tarixi, dini və mədəni abidələr ziyarət olunacaq.

Eyni zamanda, şuşalılar 30 il əvvəl ermənilər tərəfindən işğal edilən evlərini də ziyarət edəcəklər.

635x100

Şərhlər

Roma 2021-08-20 07:44:56

Gözünüz aydın Şuşalılar və Şuşa, biri-birinizə qovuşdunuz. Gün o gün olsun ki, tezliklə, daimi evlərinizdə məskunlaşasınız və bizlər də qonaq gəlib, Cıdır düzünü, İsa bulağını, Qırxqız yaylağını, Topxana meşəsini gəzərək, Şuşamızdan 30 illik həsrətə görə üzr istəyək...Gözünüz aydın Şuşalılar... h

Son yazılar