Bakının Binə qəsəbəsində “Mercedes” markalı avtomobil velosipedlə hərəkət edən azyaşlını vurub. Hadisəni törədən sürücü uşağın səhhəti ilə maraqlanmaq əvəzinə uşağa 2 manat verərək hadisə yerindən uzaqlaşıb.
Hadisə ilə bağlı danışan azyaşlının atası Elşad Babaşovun sözlərinə görə, axşam haradasa 10-11 radələri idi, evdən zəng gəldi ki, uşağı maşın vurub: “Hadisə bir neçə gün əvvəl Binə qəsəbəsində baş verib, hadisədən sonra maşının sürücüsü oğluma 2 manat pul verərək oranı tərk edib. Daha sonra oğlumun vəziyyəti pisləşdiyi üçün yanına toplaşan adamlar təcili tibbi yardım çağırıblar. Həmin ərazidən keçən Təcili Tibbi yardım maşını azyaşlını Sabunçu rayon xəstəxanasına çatdırıb”.
“Uşağa pul verərək deyiblər ki, evdə deyərsən velosipeddən yıxılmışam” – deyə, E.Babaşov bildirib.
Onun sözlərinə hazırda axtarış gedir: “Uşaqdan adın, harada qaldığını soruşublar uşaq bilmədiyini deyib, onlar da o halda qoyub çıxıb gediblər. Şahidlərin sözlərinə görə, hadisə “Mercedes” markalı avtomobillə törədilib, sürücü qarşıda kamera olduğunu bildiyi üçün Binə istiqamətinə geri qayıdıb. Polisə, 102-yə məlumat verilib, axtarış gedir, bizimlə də əlaqə saxlayırlar”.
Uşaq travmatologiya və ortopediya şöbəsinin Müdiri Firudin İbrahimov bildirib ki, azyaşlı hazırda həkim nəzarətindədir, onun vəziyyəti qənaətbəxş hesab olunur: “Gələndə vəziyyəti orta ağır dərəcədə olub, lazımi müayinələrdən keçib, hal-hazırda travmatologiya və ortopediya şöbəsində müalicə alır, vəziyyəti sabitdir, müalicə davam etdirilir”.
Daxili İşlər Nazirliyindən bildirib ki, məsələ nəzarətdədir, sürücünün tapılması istiqamətində tədbirlər görülür.
Uşağın anası Səbinə Babaşova "AzPolitika.info" vasitəsilə azyaşlı oğlunu vuran sürücünün tapılması üçün ictimaiyyətə müraciət edib: "Mənim oğlumu velosiped sürərkən maşın vurub. Oğlumu vuran adam axşamüstü uşağı yol kənarında qoyub xaincəsinə qaçıb. Uşaq bir neçə saat yol kənarında köməksiz qalıb. Beyin travması alan oğlumu xəstəxanaya koma vəziyyətində çatdırıblar. Hal-hazırda vəziyyəti stabil olsa da, hələ də baş və qulaq ağrılarından əziyyət çəkir. Oğlumun reabilitasiyası nə qədər sürəcək bilmirik. Həmin insan da deməyə dilim gəlmədiyi bir məxluqun tapılmasına köməklik göstərməyinizi sizdən xahiş edirəm. Bəlkə, bu məqaləni oxuyan bir şahid tapılar. Cavabınızı səbirsizliklə gözləyirəm".


Şərhlər