Menu

Bayden qisas vəd edir - ABŞ-da isə onun idarəçilik qabiliyyətinə şübhələr yaranıb

27.08.2021, 12:43
Bayden qisas vəd edir - ABŞ-da isə onun idarəçilik qabiliyyətinə şübhələr yaranıb

ABŞ Prezidenti Co Bayden Kabil aeroportuna intiharçı hücumlarına görə İslam Dövləti qruplaşmasından qisas alınacağına and içib. Xatırladaq ki, hücumlarda azı 13 ABŞ hərbçisi və onlarla əfqan həlak olub, xeyli sayda yaralı var.

“Bunu unutmayacağıq. Unutmayacağıq. Sizi təqib edib bunun əvəzini çıxacağıq”, – Bayden avqustun 26-da Ağ evdən teleçıxışında deyib.

Onun sözlərinə görə, ABŞ qüvvələri İŞİD-in Xorasan qolunu (İŞİD-X) hədəfə alacaq. İŞİD-X ekstremist qrupun Əfqanıstan və Pakistan qanadıdır: “Komandirlərimə İŞİD-X-nın aktivlərini, rəhbərlik və obyektlərini vurmaq üçün əməliyyat planları hazırlamağı əmr etmişəm”.

Taliban avqustun 15-də Kabili tutandan sonra Birləşmiş Ştatlar evakuasiyaları bu qruplaşma ilə koordinasiya edir. Bayden deyib ki, bu terror hücumu Birləşmiş Ştatların Əfqanıstandan minlərlə amerikalını, müttəfiqini, riskdə olan əfqanları çıxarmaq missiyasından çəkindirməyəcək.

“Onların missiyamızı dayandırmasına icazə verməyəcəyik. Evakuasiyanı davam etdirəcəyik”, – deyən Bayden son 12 gündə ölkədən 100 mindən çox insanın çıxarıldığını sözlərinə əlavə edib.

O, ABŞ əsgərlərinin avqustun 31-də Əfqanıstanı tərk edəcəyini təsdiqləyərək deyib ki, təxliyələri bir neçə günə yekunlaşdırmağa yetərincə vaxt var. Hazırda ölkədə minədək ABŞ vətəndaşının qaldığı bildirilir. Prezident hücumda həlak olmuş ABŞ hərbçilərini digərlərinin həyatlarını xilas etmək kimi təhlükəli və fədakar missiya gerçəkləşdirən qəhrəmanlar adlandırıb.
Taliban Əfqanıstanı tutandan və ABŞ-ın dəstəklədiyi hökumət iflas edəndən sonra administrasiya xaotik təxliyələrə görə tənqid olunur. Amma prezident dəfələrlə Əfqanıstandan əsgərləri çıxarmaq, Amerikanın ən uzun müharibəsini bitirmək qərarını müdafiə edib.

Siyası şərhçi Şahin Cəfərli bildirir ki, təxliyyə fiaskosundan sonra bu hadisə Baydenə və demokratların mövqelərinə növbəti ağır zərbədir. Onun sözlərinə görə, 79 yaşına girmiş prezidentin idarəçilik qabiliyyətinə dair ciddi şübhələr yaranıb.

"Respublikaçılar impiçment tələb edir. Baydenin düşdüyü durum demokratları qorxudur. Gələn il Konqresə ara seçkilər keçiriləcək. Gedişat onu göstərir ki, respublikaçılar böyük ehtimalla palatalardan azı birini (Senatı) yenidən nəzarətə götürəcək.

Maraqlıdır ki, demokratlar ən çox Baydenin xarici siyasət təcrübəsi ilə öyünürdülər, uğursuzluqlar da məhz bu sahədə gəldi. İndi o boyda dövlət Talibana möhtac qalıb ki, təxliyyə əməliyyatının təhlükəsizliyi daha etibarlı təmin olunsun",-deyə ekspert qeyd edib.

Ş. Cəfərli hadisədə başqa bir önəmli detalın İŞİD-in Əfqanıstanda bu dərəcədə operasyonel gücə sahib olmasıdır: "Əgər bugünkü terrorun təşkilində Talibanın rolu yoxdursa, yəni İŞİD bunu tamamən öz gücü ilə həyata keçiribsə, bu, o deməkdir ki, Əfqanıstanın yaxın gələcəkdə suriyalaşma potensialı var".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol