“Nəhayət, Azərbaycan Qarabağda qanunsuz fəaliyyət göstərən telekommunikasiya operatorlarının fəaliyyətinə də “əl gəzdirməyə” başlayıb. Bunu “artsax ombudsmanının” Rusiya sülhməramlılarına şikayətindən də hiss etmək olur.
Qondarma “ombudsman” sülhməramlılara şikayət edib ki, Azərbaycan texniki vasitələrin köməyi ilə Qarabağda erməniləin mobil rabitə əlaqələrini və internetə çıxışını əngəlləyir”.
“AzPolitika.info” xəbər verir ki, bunları Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Ekspert xatırladır ki, son günlər Ağdərədə, Şuşa ətrafında, Xocavənddə və Xankəndində yaşayan və ora səfər edən ermənilər sosial mediada mobil rabitənin və internetin fəaliyyətindən şikayətlər edirlər. “Məlumdur ki, “Karabakh Telecom” mobil operatoru 20 ildir ki, beynəlxalq telekommunikasiya qurumlarından müvafiq kodlar alaraq bizim ərazilərimizdə qanunsuz fəaliyyət göstərir. 44 günlük müharibə zamanı bu operator və onların telekommunikasiya infrastrukturu darmadağın edilmişdi”, - deyə ekspert vurğulayıb.
O.Gündüz əlavə edir ki, “artsax”-ın qondarma hərbi-siyasi rəhbərliyi “Karabakh Telecom”-un da livanlı sahiblərini qovmuş və qondarma prezident Arutyunyan bu operatoru zorla ələ keçirmişdi. Hazırda bu mobil operator ona məxsusdur.
Ekspertin sözlərinə görə, müharibədən sonra Ermənistan və Rusiya sülhməramlılarının köməyi ilə “Karabakh Telecom”-un fəaliyyəti bərpa edilib və Ermənistan üzərindən internet və digər telekommunikasiya xidmətləri alırlar: “Əgər hansısa bir xarici operator bizim tezlik resursundan istifadə edib bizim ərazilərimizdə fəaliyyət göstərirsə, onun fəaliyyəti çoxdan bloklanmalıydı. Ermənilər münaqişəni dinc yolla nizamlamağa mane olurlarsa, doğru yanaşma o ola bilər ki, “Karabakh Telecom” mobil operatoru uzun illər qanunsuz biznesinə görə cavab versin, mobil rabitə üçün Azərbaycanın müvafiq qurumlarından lisenziya alsın və internet trafiki də “Delta Telekom” və ya “Azertelecom” üzərindən götürsün”.
Osman Gündüz hesab edir ki, onsuz da əvvəl-axır “Caucasus Online” da Azərbaycan tərəfinin nəzarəti altına keçəcək və nəinki Qarabağda ermənilər yaşayan ərazilərin, elə Ermənistanın da trafiki nəzarət altında olacaq.
“AzPolitika.info”


Şərhlər
bu çoxdan olmalı idi!