ZAKİR HƏSƏNOVUN GÜC XƏBƏRDARLIĞI – Azərbaycan Rusiyanın məqsədini anlayır və buna yol vermək niyyətində deyil

Azərbaycan Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində qalan ərazilərində anti-terror əməliyyatı keçirə bilər. İki gün əvvəl müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə səsləndirilən fikirlərdən bu qənaətə gəlmək mümkündür.

Nazirin dediklərinə keçməzdən əvvəl xatırladaq ki, son aylarda Ermənistanla sərhəd boyu, o cümlədən Şuşa ətrafında atəşkəs tez-tez pozulur. Bu zaman həm qanunsuz erməni silahlı dəstələri, həm də Azərbaycan Ordusu itkilər verib. Azərbaycan bu günə qədər təxribatlara təmkinli reaksiya verib, Rusiya sülhməramlıları və adıçəkilən ölkənin Müdafiə Nazirliyinin açıqlamaları isə nə 10 noyabr bəyanatına, nə də real situasiyaya uyğun olmayıb. Üstəlik, Rusiya Qarabağın işğalda qalan ərazisini müstəqil subyekt kimi təqdim etməyə başlayıb, habelə Azərbaycanın qanunsuz saydığı silahlı birləşmələri "dqr-in müdafiə ordusu" kimi təqdim edir. Laçın dəhlizindən isə həm bu terrorçu qruplaşmanın təchizatını həyata keçirmək üçün, həm də separatçı rejimin Ermənistandan siyasi dəstəyinin təmin olunmasında istifadə edir. Halbuki, 10 noyabr bəyanatına görə, Qarabağdakı bütün silahlı qruplar ləğv olunmalı, bölgədə Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində mərhələli addımlar atılmalıdır. Görünən odur ki, Rusiya bu sənədin icra olunmasına imkan vermir, erməni separatçılarını himayəsi altına alıb ərazidə "dövlət quruculuğu" ilə məşğul olur.

Sülhməramlı missiyanın müvəqqəti nəzarətində olan ərazilərdən Azərbaycan Ordusuna tez-tez atəş açılması ilə bir məqəsədə xidmət edir: Miqyasca kiçik olsa da, 44 günlük müharibədən əvvəlki təmas xəttini bərpa etmək, bölgəni bu dəfə Rusiyanın tam hərbi-siyasi nəzarətində olan anklava çevirmək.

Müdafiə naziri Zakir Həsənovun iki gün əvvəl dediklərindən aydın olur ki, Azərbaycan, suverenliyinə qarşı belə məkrli planların həyata keçirilməsinə imkan vermək niyyətində deyil. Nazir müşavirə iştirakçılarına Prezident İlham Əliyevin verdiyi tapşırıqları çatdırıb. MN-in müşavirə ilə bağlı rəsmi məlumatında deyilir: "Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməlidir".

Bakı açıq mesaj verir ki, bundan sonra əsas prioriteti ordunun bu cür təxribatlara operativ cavab verməsini təmin etmək olacaq. Rusiya və Ermənistana xəbərdarlıq edilir ki, məsuliyyətsiz hərəkətlər, təxribat cəhdləri güc tətbiqi ilə qarşılanacaq və bunun doğuracağı nəticələrə artıq Bakı cavabdeh deyil.

Silahlı Qüvvələr elitasının müşavirəsində başqa önəmli mesajlar da var. Müdafiə naziri bəyan edib ki, Azərbaycan Ordusunda aparılan islahatlar bundan sonra da davam etdiriləcək. Söhbət müharibədən sonra Prezidentin tapşırığı ilə Türkiyə modelli peşəkar ordu sisteminə keçidlə bağlı anons edilmiş islahatlardan gedir. Məlumdur ki, Azərbaycanın dəvəti ilə ölkəmizə gələn qardaş ölkənin hərbi mütxəssisləri bu sahədə gərəkən bütün dəstəyi təmin edir. Paralel olaraq ordunun silah-sursat, hərbi texnika, aviasiya, HHM vasitələri, habelə müharibədə uğurla sınaqdan çıxan pilotsuz uçuş aparatları ilə təminatı istiqamətində ciddi addımlar atılır. Türkiyə və İsrailin hərbi sənayesinin ən müasir qurğuları Azərbaycan Silahlı Qüvvələrinin sərəncamına verilir. Təbii ki, Rusiya bu əməkdaşlıqdan məmnun deyil - ekspertlər qonşu ölkədən təzyiq cəhdlərinin bir səbəbini də bununla əlaqələndirirlər. Moskva çalışır ki, Azərbaycan Kremlin siyasi oriyentasiyasında qalsın və onun nəzarətində olan Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inteqrasiya etsin. Bu, həm də köhnəlmiş sovet hərbi sənayesinin məhsullarının varlı alıcısını itirməmək cəhdidir.

Azərbaycan isə artıq sovet silahlarından, ümumiyyətlə Rusiya hərbi sənayesinin məhsullarından imtina edir. Bu, həm dövrün tələbatı olmaqla yanaşı, həm də Rusiyanın müharibədə darmadağın edilmiş Ermənistan ordusunu yenidən silahlandırmasına qarşı bir etirazdır.

Xatırladaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu erməni həmkarına hər cür dəstəyin veriləcəyini bəyan edib, Rusiya Xarici İşlər Nazirliyi isə bunu "regionda güc balansının qorunması zərurəti" ilə izah edib. Azərbaycan Prezidenti İlham Əliyev isə bu cür addımların bəhrəsiz olduğunu deyib və Hərbi Qənimətlər Parkında nümayiş olunan Rusiya silahlarının aqibətini örnək gətirib. Bu kontekstdə müşavirədə müdafiə naziri Zakir Həsənovun Türkiyənin milli müdafiə naziri və Baş Qərargah rəisini, o cümlədən qəhrəman Türk əsgərini 30 avqust – Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik etməsi Azərbaycanın qardaş ölkə ilə müttəfqilik münasibətlərinə nə qədər böyük önəm verdiyini göstərir. Həm də onu göstərir ki, Azərbaycan 44 günlük müharibədə olduğu kimi, Qarabağda anons edilən anti-terror əməliyyatlarında da qardaş ölkənin dəstəyinə güvənir. Azərbaycan regionda balanslı siyasət aparmağa çalışır, amma təbii müttəfiqi Türkiyə Respublikası ilə vahid xarici siyasət yürüdür və ortaq müdafiə strategiyası qurur. Əlbəttə, bu münasibətlərin böyük tarixi, dini, siyasi, milli əsasları var. İki ölkə arasında imzalanmış sənədlər, habelə 15 iyunda Şuşa şəhərində imza atılan Birgə Bəyannamə cağdaş dünyaya bu birliyin, bərabərliyin sarsılmaz olduğunun növbəti nümayişidir. Azərbaycanı bu təbii ittifaqdan çəkindirmək üçün müxtəlif təzyiqlər, cəhdlər var, onların davam edəcəyi də qaçılmazdır. Amma xalqlardan, tarixdən milli birlikdən güc alan birliyi parçalamaq mümkün deyil.

E.Rüstəmli

"AzPolitika.info"

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

B.Qarabağlı 2021-09-14 02:32:04

Əvvəla, Rusiyanın HƏRBİ DƏSTƏYİnə əmin olmayan Ermənistan nəinki, Qarabağı işğal, heç vaxt sərhədlərimizə atəş belə açmazdı? Kreml bilsə, özü DEMARŞ! verib erməni işğalçılarını uzağı bircə həftəyə heç bir canlı itgi vermədən Azərbaycandan tam çıxara bilərdi və indi həmin ultimatumu Ermənistana verə bilər!

Roma 2021-09-01 07:48:31

t.ədalətə...Sizinlə tam razıyam, Putin imkan vermədi ki, araik, vitali balasanyan və onun kimilərin bir neçə terrorçu oğraşların necə lazımdırsa dərsini verək...

Eko 2021-09-01 05:54:34

Necmeddin kimi ..., milyonnar yuqdi , milleti satdi , neynedik biz ? Rahat oturub hardasa yeyib icir , hele dalimizcada qûlûr .))) bedbaxtciliqimiz ele bundadi !

Samir Məhəmmədi 2021-08-31 23:14:32

Xalq Şanlı Ordumuzu Dəstəkləyir

t.ədalət 2021-08-31 20:59:50

Nəhayət,Azərbaycan tərəf işğalçının Rusiya olduğunu yavaş-yavaş deməyə başlayır....

Xalq 2021-08-31 20:50:42

dəstəkləyirik!

Eli 2021-08-31 20:44:01

Azerbaycanın müsteqillikden sonraki siyassi kursu rehmetlik Ulu önder terefinden müeyyen olunub:Bir millet iki dövlet.Ve bu gün bu kurs prezident terefinden üğurla davam etdilir.Burda daha kimdense qorxmaq be ya çekinmek siyaseti bizi meğlubiyyete aparar.Bizim Rusiya ile yollarımuz 20 yanvar hadiselerinden be ondan qabaq Qarabağ meselesinden sonra ayrılın bınu onlar ds çox gözel anlayırlar.Ancaq yeme de min dostun varsa azdır bir düşmenin varsa çoxdur prinsipini de nezere slmaq lazımdır ancaq bizim limdense qorxacaq yerimiz yoxdur me qeder li qardaş Türkiyye bizimledir.

Son yazılar