ALBAN ƏLİFBALARI

İlhami Cəfərsoy

Qafqazın bəzi xalqları kimi albanların da dörd-beş əlifbası var idi. Bərdə, Mingəçevir, Qarqar əlifbaları. Bundan başqa Bolnisidən və Sinay dağının ətəyindəki Müqəddəs Katerina monastrından Alban əlifbası ilə yazılmış mətnlər tapılmışdır.

Erməni və gürcü dilçiləri alban əlifbalarından danışarkən daha çox Qarqar əlifbası üzərində dayanırlar. Bərdə, Bolnisi, Mingəçevir əlifbalardan isə yoxmuş kimi bəhs etmirlər. Buna səbəb nədir?

İlk səbəb odur ki, Mingəçevir şamdanı üzərində tanqri, yəni tanrı sözü aydın oxunur. V əsrə aid Bolnisi mətni isə qarışıq Alban və Türk əlifbaları ilə yazılmışdır.

Albaniya yepiskopu Şəqaqın tərtib etdiyi Bərdə əlifbası 38 işarədən ibarətdir. Qarqar əlifbasında isə 52 hərf vardır. Qonşularımızın iddialarına görə 52 səsli boğaz samitləri çox olan bir dil türk dillərinə qohum ola bilməz, Qafqaz dillərinə qohum olar.

Bizim dilçilik elmində Qafqaz dilləri haqqında çox yanlış düşüncələr vardır. Guya xırıltılı boğaz samitləri ilə danışan xalqlar Qafqazın yerli xalqlarıdır. Türk dillərində isə boğaz samitləri azdır. Türklər Qafqaza gəlmədir.

Əslində isə, Qafqazın bütün xalqları gəlmədir. Xalqlar öz güclü vaxtlarında Avrasiyanın məhsuldar vadilərini tutmuş, zəifləyəndə Qafqazın, Pireney və Alp dağlarının yüksəklikdəki gədiklərinə, mağaralarına sığınmışlar. Düzənliklər, vadilər həmişə güclülərin əlində olurdu.

Qarqarlar da güclü olanda Troya ətrafında yaşayırdılar. Bibliyada verilən məlumata görə eradan əvvəl 854-cü ildə Karkar mahalında Assuriya ilə İzrail qoşunları qanlı döyüşlər aparmışlar.

Qarqarlar e.ə. XIV əsrdən e.ə. IV əsrin sonlarına qədər Türkiyə ilə Suriya arasında yaşadılar. Sonra Makedoniyalı İsgəndər onları məğlub edib Qafqaz dağlarının ətəklərinə köçürtdü. Qarqarlar V əsrdə artıq Albaniyanın güclü etnoslarından biri idilər. Beş əlifbadan biri onların ləhcələri əsasında tərtib edilmişdir.

Həmdullah Qəzvini yazır ki, Karkar şəhəri Araz çayının şimalında salınmışdır. Ancaq o zaman şəhər qarqarların əlində deyildi. Onlar çoxdan şimala - Beşbarmaq dağının ətrafına qovulmuşdular.

Qarqar əlifbası eradan əvvəl XIV əsrdə yox, V əsrin əvvəllərində tərtib olunmuşdur. Artıq onlar o zaman Şumer dilinə qohum olan bir dildə yox, Qafqaz dillərinə qohum olan bir dildə danışırdılar. Onların əlifbası, dilləri Qafqaz dillərinə çevriləndə tərtib olunmuşdu.

Akademik Marr yazır ki, Qafqaz dillərindəki xırıltılı boğaz samitləri sami dillərinin təsirinin nəticəsidir. Assurlar eradan əvvəl X əsrdə qarqarları məğlub edəndə artıq samiləşmişdilər. Onların dilinin təsiri altında Qarqar dilində xırıltılı boğaz samitləri çoxalmışdı.

Musa Kalankatuklu yazır ki, qarqarlar Aran nəslindəndirlər (Albaniya tarixi. 1993. s. 17). Aran nəslindən olan qarqarların çoxu Dərbənd keçidini aşaraq, Volqa və Ural çaylarını keçərək Qazaxıstana köçüb getdi. Digər Alban tayfaları ilə birlikdə Qazax və Qırğız uluslarına qoşuldu.

“Mudccam -at- tavarix” əsərində verilən məlumata görə Karkar xan Manasın atasıdır. Çokan Valixanov yazır ki, Karkar xan Manas elinin başçısı idi. “Hüdud- əl-aləm”də verilən bilgiyə görə qarqarların bir oymağı qırğızların, bir oymağı Yeti Kaşkay elinin arasında məskunlaşmışdır.

Troya və Assuriya dövrünün karkarları yunan va latın tarixçilərinin əsərlərində Leleq də adlandırılır. Çünki onlar lələkli çöl qazına bənzəyən bir quşa sitayiş edirdilər. Düşünürdülər ki, igidlərin döyüşdə bədənləri ölür, ruhları ölmür. Durna, qu, qaz türündən olan quşların bədəninə köçərək yaşayır (B. Ögel. Türk mitolojisi. C.I, Ankara, 1971, s.27).

Bu gün döyüşlər yalnız səngərlərdə, təmas xətlərində getmir, beyinlərdə, düşüncələrdə gedir. Biz səngərdə olduğu kimi elmi tədqiqatda da düşməndən üstün olmalıyıq. İlk növbədə, Qafqaz xalqları və Qafqaz dilləri haqqında yanlış düşüncələrə son qoymalıyıq. Qafqaz xalqlarının çoxu, xüsusilə Kür ləzgiləri, avarlar, kumuklar, qaraçaylar, balkarlar, abxazlar, acarlar və başqaları bizim qan qardaşlarımızdır.

Abxazlar və iverlər baqrationların gəlişinə qədər Xəzər dilində danışırdılarsa, biz etnik tariximizi yenidən yazmalıyıq.

Acarlar 1923-cü ilə qədər öz ölkələrini II Azərbaycan adlandırırdılarsa, biz öz qardaşlarımızı tanımalıyıq. Qarqarlar e.ə. XIV əsrdə Troya ətrafında yaşayırdılarsa, biz yunanlara öz yerini göstərməliyik.


635x100

Şərhlər

t.ədalət 2021-09-07 10:51:34

Bizim dilçilik sahəsi də ermənilərin əlində olub.ermənilərin dəstəyi ilə qaradimdik(akademik) olmaq üçün hər şeyi aparıb erməni ilə əlaqələndiriblər.Sovet dövrü vətəndaşlarımız kimi mədəniyyətimiz,dilçilik və ədəbiyyatımız da repressiyaya məruz qalıb...

Son yazılar