Menu

“Evim “Azərişıq” və FHN-in Ucar rayon şöbəsinin yarıtmazlığı səbəbindən yandı...” - Ucar sakini evsiz qalıb

07.09.2021, 12:07
“Evim “Azərişıq” və FHN-in Ucar rayon şöbəsinin yarıtmazlığı səbəbindən yandı...” - Ucar sakini evsiz qalıb

Ölkə başçısına, “Azərişıq” və Fövqəladə Hallar Nazirliyi rəhbərliyinə müraciət edən Ucar rayonu Alpout kənd sakini Abbasova Mehriban İnqilab qızı 03 sentyabr 2021-ci il tarixində evinin yanaraq kül olduğunu bildirir.

Şikayət məktubunun bir nüsxəsini də “AzPolitika.info”-ya göndərən kənd sakini evinin yanmasına Ucar rayon Elektrik Şəbəkəsinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə Xidmətinin Ucar rayon şöbəsinin yarıtmaz fəaliyyətinin səbəb olduğunu yazır: “03 sentyabr tarixində, təxminən saat 16.00 radələrində bizim ailəyə məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət, ümumi sahəsi 210 kvadrat metr olan ev içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq külə dönüb. Buna Ucar Elektrik Şəbəkəsinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə Xidmətinin Ucar rayon şöbəsinin yarıtmaz fəaliyyəti səbəb olub.
Belə ki, evimin yaxınlığında taxtadan olan elektirik dirəklərindəki naqillərin yararsızlığından ilk olaraq çəpər yanmağa başladı.

Tez zəng edib məlumat verdik. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə Xidmətinin Ucar rayon şöbəsinin əməkdaşları yanğını söndürüb getdilər. Lakin yanğın tam söndürülmədiyindən, ətraf yoxlanılmadığından və əraziyə diqqət yetirilmədiyindən yenidən alışma baş verdi. Nəticədədə ev yanaraq külə döndü. Evin yanmasının səbəbkarı Ucar Elektirik Şəbəkəsi və Yanğından Mühafizə Xidmətinin səhlənkarlığı , yarıtmaz fəaliyyəti olub.
Çünki yanğına səbəb köhnə taxta elektrik dirəklərindəki yararsız naqillərin ətrafa od saçması olub. Hansı ki, biz bu barədə dəfələrlə Ucar Elektrik Şəbəkəsinə məlumat versək də, heç bir tədbir görülmədi. Əslində, həmin taxtadan olan elektrik dirəkləri və naqillər təcili dəyişdirilməli idi.”

Şikayətçi qeyd edir ki, yanğınsöndürənlərin də işi yarıtmaz olub: “Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə yarım maşın su ilə gəliblər. Onlar ilk dəfə çəpər yanarkən orada dəqiq, məsuliyyətli iş görsəydilər bir neçə saatdan sonra ev yanmazdı.
İlin-günün bu ağır vaxtında iki yaramaz qurumun qanunsuzluğu ucbatından ailəliklə evsiz, çöllərdə qalmışıq. Buna görə hər iki qurum məsuliyyət daşıyır. Ucar Elektirik Şəbəkəsinin rəhbərliyi işinin öhdəsindən gələ bilmir.

Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirəm ki, bizim ailəyə maddi köməklik edilsin. Evimizi inşa etdirək ki, çöllərdə qalmayaq. Həmçinin, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdan və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdan xahiş edirəm ki, bu məsələni araşdırıb işinə məsuliyyətsiz yanaşan vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görsünlər.”

“AzPolitika.info” şikayət məktubunda adı çəkilən qurumların mövqeyini dərc etməyə hazırdır.

“AzPolitika.info”





Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol