"Rəşadətli Azərbaycan Ordusunun 44 günlük müharibədə düşməni darmadağın edərək işğaldan azad etdiyi Füzuli rayonuna Bakıdan ilk uçuş həyata keçirilməsi möhtəşəm tarixi hadisədir. Beynəlxalq aeroportun işə düşməsi, müntəzəm ucuşların yerinə yetirilməsi gələcəkdə bölgənin inkişafına və beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasına şərait yaratmaqla Qarabağın cənnətə çevrilməsində mühüm amil olacaq".
Bunları Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “AzPolitika.info”-ya açıqlamasında deyib.
Millət vəkili vurğulayıb ki, Füzulu hava limanı bəlkə də dünyada belə sürətlə tikilən ilk aeroportdur: "Bütün bu görülən işlər, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin real nəticələridir və xalqımızın hərtərəfli rifahına xidmət edir. Eyni zamanda tariximizin şanlı səhifələrini daha da zənginləşdirir".

Komitə sədri daha sonra işğaldan azad edilən bölgələrdə aparılan abadlıq, quruculuq işlərinə, o cümlədən yolların sürətli bərpasına toxunub. Qeyd edib ki, bölgənin sürətli inkişafının, dirçəlişin başlıca şərti bu infrastrukturun qurulmasıdır. Füzuli beynəlxalq hava limanı bütün Qarabağın hava qapısıdır, gələcəkdə regionun inkişafında mühüm rol oynayacaq: "Turizmin inkişafı, daxili və xarici investisyaların cəlb olunması, investorların rahatlığı, xüsusilə vətəndaşlarımızın rifahı üçün aeroportların tikilməsi strateji məsələdir. Məlumdur ki, Zəngilanda və Laçında da hava limanları tikiləcək. Nəzərə almaq lazımdır ki, bütün işlər bölgənin sürətli inkişaf planına uyğun aparılır və bu hava limanları da bu strategiyanın tərkib hissəsidir".
Millət vəkili vurğulayıb ki, Şərqi Zəngəzur iqtisadi rayonu çox qısa müddətdə Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək: "Biz müharibədən keçən qısa müddətdə işğaldan azad edilmiş bölgələrdə hansı miqyasda işlərin aparılmasından xəbərdarıq. Təsəvvür edin, bir neçə ildən sonra biz bölgədə hansı işlərin, hansı mənzərənin şahidi olacağıq. Buna dövlətimizin iqtisadi-maliyyə imkanları yetərli qədər çatır, başlıcası nəhəng abadlıq-quruculuq işlərini həyata keçirən, qurub-yaradan Prezident İlham Əliyev - Birinci xanım Mehriban Əliyeva tandemi var. Hesab edirəm ki, bu tandem Azərbaycanın sürətli inkişafı, tərəqqisi üçün hələ çox naliyyətələrə imza atacaq".
"AzPolitika.info"


Şərhlər