Dünən Siyəzən və Şabran rayonlarında ali təhsil ocaqlarına qəbul imtahanları zamanı yüksək bal toplamış, tələbə adını qazanmış gənclərlə görüş keçirilib. Tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, rayon icra hakimiyyətlərinin başçısı Novruz Novruzov, Asif Hüseynov, təhsil şöbələrinin rəhbərləri Pərvin Ağasiyev və Emin Mövsümov iştirak ediblər.
Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra ali məktəblərə qəbul imtahanları zamanı hərbi məktəblərə qəbul olunanların sayının əvvəlki illərə nisbətən 50% artması sevindirici haldır. "Bu, vətənpərvərlik ruhunun, vətən sevgisinin, eyni zamanda dövlətin, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasətin nəticəsi və göstəricisidir. Azərbaycana əyri baxanların cavabıdır. Torpaqlarımıza göz dikənlərə, yeni-yeni oyunlar quraraq üstümüzə gəlmək istəyənlərə göz dağıdır", - deyə Komitə sədri vurğulayıb.
S.Qurbanov görüşdə çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik edib: "Çətin pandemiya dövründə göstərdiyiniz nəticə bir daha sübut edir ki, çətinliklər qarşısında təslim olmayanda, iradəli olaraq bilik və bacarıqları səfərbər etdikdə və inadla çalışdıqda yüksək nəticələr əldə etmək olur".
Millət vəkili əmin olduğunu bildirib ki, ali təhsil illəri gənclərin həyatında ən parlaq və yaddaqalan illərdən biri olaraq heç vaxt yaddaşlardan silinməyəcək. "Eyni zamanda inanıram ki, sizin əldə edəcəyiniz biliklər, elmi nailiyyətlər Azərbaycanın sürətli inkişafına və tərəqqisinə öz töhfəsi verməklə, ölkəmizə yeni uğurlar qazandıracaq. Müasir dünyada uğuru şərtləndirən əsas amillər, daim inkişaf etmək, təkmilləşmək və yeniliklərə can atmaqla çətinliklərə qalib gəlməkdir", - deyə o vurğulayıb.
Komitəs sədri daha sonra qeyd edib ki, bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən qudrətli dövlətlərindən birinə çevrilib. "Sizin də ölkəmizin hərtərəfli inkişafı və rifahına öz töhfənizi verməyiniz üçün tükənməz enerji, daim zehn açıqlığı, yeni uğurlar arzulayıram! Bir daha sizi bu böyük nailiyyətiniz üçün səmimi qəlbdən təbrik edirəm! Yolunuz açıq olsun!" - millət vəkili gənclərə uğurlar arzulayıb.
Daha sonra millət vəkili tələbə adını qazanmış gənclərə hədiyyələr və mükafatlar təqdim edim. İcra başçısı Novruz Novruzov isə yuksək bal toplamış tələbələrə pul mükafatı ayrılması barədə sərəncam verdiyini açıqlayıb.
Sonda tədbirdə iştirak edən valdeynlər və tələbələr də çıxış edərək dəstəyə görə minnətdarlıq edib, habelə öz arzularını və və təkliflərini bildiriblər.
"AzPolitika.info"


Şərhlər