SORMA, VƏTƏN NƏDƏN YAXŞIDIR?

Ayşən Aslan-Məmmədli, 

Bakı Dövlət Universiteninin müəllimi; “Qarabağa dönüş” ictimai birliyinin “Beynəlxalq məsələlər” şöbəsinin əməkdaşı 

Bəli, mən Şuşaya getdim. Əsgərlərimizin Şuşaya cığır açdığı Zəfər yolu ilə! Doğrusu, çox həyəcanlı ve qürurlu idim. İllərlə xəyalını qurduğum, həsrətində olduğum bir səfərə çıxırdım. Yola düşəndən sanki qulaqlarımda “Xudayar təsnifi” səslənirdi:

Deyirlər, bülbülə çəmən yaxşıdır,

İnsançün laləzar Vətən yaxşıdır.

Şair, sorma, Vətən nədən yaxşıdır?

Adı gəlcək, könül dastana döndü...

Xəyallarımızı gerçəkləşdirən Zəfər yolu ilə irəlilədikcə, canı-qanı bahasına bu zəfəri bizə yaşadan hər bir şəhidin müqəddəs ruhunu ehtiramla anırdım.

Şuşaya çatdıq... Daşaltı ərazisində xüsusi təyinatlıların qeyri-adi döyüş bacarıqları, Şuşaya necə daxil olmaqlarının, şəhəri ermənilərdən necə azad etdiklərinin görüntüləri gözümün önündə canlandı. Belə igid oğulları dünyaya bəxş edən analar qarşısında borclu olduğumuzu bir daha anladım. Ruhunuz şad olsun, Şəhidlərimiz! Başınız uca olsun, Analarımız! Allah sizi qorusun Əsgərlərimiz, Zabitlərimiz! Tanrı şəfanızı versin, Qazilərimiz! Gözün aydın, Millətim! Var olun, Ali Baş Komandanımız!

Cıdır düzünə qalxdıq. Sanki füsunkar bir aləmə düşmüşdüm. Heç də birinci dəfə görürmüş kimi hiss etmirdim özümü. Amma Cıdır düzündə mədəniyyət paytaxtımızın rəmzi Xarıbülbüllə, Azərbaycan bayrağı əlində şəkil çəkdirmək, gözəl havanı udmaq, işıqlı səhəri, gah günəş şəfəqlərinin şehli otların, çiçəklərin üzərinə düşərək parıldatmasını, gah da buludların dağların üzərinə kölgə salmasını müşahidə etmək başqa bir aləm idi.

Doğrudur, Şuşada tarixi abidələrimiz erməni vandalizmi nəticəsində dağıdılıb, muzeylər, məktəblər, mədəniyyət ocaqları məhv edilib, yandırılıb və bu vandal aktları bizi çox təsirləndirdi. Lakin sevincli və qürurlu idik. Az bir vaxtda xeyli yenidənqurma işləri həyata keçirilib. Tarixi abidələrimizlə tanış olduq, Yuxarı Gövhər Ağa məscidində olduq, M.P.Vaqifin muzey-məqbərə kompleksinin bərpasını, orada salınmış gözəl parkı gordük. Xan qızı Natəvan bulağının yenidən bərpasının şahidi olduq, su içdik. "Qarabağ” otelindən şəhərin hər tərəfini seyr edə bildik və s.

Ən gözəli odur ki, Şuşada həyat var, yaşayış var, yol kənarlarında işıqlandırma həyata keçirilir, küçələrdə Azərbaycan dövlət nişanlı avtomobillər hərəkət edir, şəhərdə çörək bişirilir. Hətta mən və səfər yoldaşlarım Şuşa çörəyindən alıb Bakıya da gətirdik.

Bəli, Şuşada yaşayış var. Kiçik yaşlı Şuşa sakinləri ilə görüşdüm. Birlikdə əyləncəli dəqiqələr yaşadıq.

Mədəniyyət paytaxtımıza ilk səfərimiz uzun çəkmədi - cəmi bir gün. Amma biz Şuşaya yenidən qayıdacağıq - həmişəlik yaşamaq üçün!

Şuşamızı əbədi yaşatmaq üçün!





635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar