Yeni Günəşlinin “lift azarı” - Nə hökuməti, nə bələdiyyəni maraqlandırmır!

Liftsizlikdən lap təngə gəlmişdik! Nəhayət, ötən ilin yayında dövlət başçısı səsimizi eşitdi - vaxt və vəsait ayırdı, Yeni Günəşlidəki (S.Cəfərov küçəsi, 9 ünvanındakı) köhnə binaların sınıq-salxaq liftlərini yeniləri ilə əvəz etdilər. Bu proses təminən 3 ay çəkdi, ardınca yeni liftlər də bir neçə ay «prostoy» yazdı - onları sadəcə işə buraxan yox idi…

Nəhayət, payızın ortalarında insafa gəlib, liftlərimizi işə saldılar - uşaq kimii sevindik, amma nə fayda, görün lift idarəsi nə saymağa başladı… Qısası, ötən müddət ərzində «zavallı lift» iki-üç gündən bir yüklü gəmi kimi «təbaşirə oturdu». Yox-yox, binada liftə qulluq etməli olan operator da var, amma o vaxtını xırdavat satmaqla keçirir, liftin işi isə heç kimi maraqlandırmır - sakinlər sərnişin lifti ilə təmir üçün yük daşıyırlar, operator «gəl ay müştəri» çağırır, lift idarəsi «başının milçəyini qovmaqla gün keçirir», liftlərə qulluq etməli olan çilingər və elektriklər isə öz biznesləri ilə məşuldurlar…

Burada maraq məni götürür - hökumət (Əli Əsədov) və Bakı Şəhər İcra hakimiyyəti (Eldar Əzizov) görəsən hara baxır?! Yerli bələdiyyə isə belə işlərə qarışmaz - gəlirli sahələrə diqqət yetirir və s.

Belə bir vəziyyətdə ötən bazar günündən bəri 9 saylı binanın 1-ci girişindəki lift işləmir - maraqlanan yoxdur. Bilmək olmur, sabotajdır, yoxsa şantaj?!

Dövlət vəsait sərf edib, yeni liftlər alıb, quraşdırıb - maraqlıdır, onlar niyə işləməsin? Ayaqlarım tutulub, yeriyə, 9-cu mərtəbəyə qalxıb-enə bilmirəm, düz 4 gündür ki, evdən bayıra çıxmıram - mənim üçün «ikiqat karantindir», bilmirəm çörəksiz-susuz, davasız-dərmansız necə yaşayım?! Gündə neçə dəfə məsuliyyətsiz, pisniyyət kadrların «yeddi arxa dönənini yağlayıram»…

Hökumətə, «Baksovet»ə və yerli bələdiyyəyə sözüm var: İnsanlar zülm içində inləyirlər, siz hara baxırsınız? Bir maraqlanın - bu «ssılka» nə qədər davam edəcək?!

Dövləti gözdən salmayın, cənablar!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar