ŞUŞA BİZİM KÜTLƏVİ SİMVOLUMUZDUR!

Etibar ƏLİYEV, millət vəkili

Böyük Avstriya yazıçısı Elias Kanetti Nobel mükafatını “Kütlə və hakimiyyət” əsərinə görə alıb. Bu möhtəşəm kitabın bir fəsli “Millətlərin kütləvi simvolu” adlanır. Kanetti millətlərin kütləvi simvolunu onların dili, ədəbiyyatı, tarixi, ərazisi, idarəetmə üsulları, milli hissiyyatından önə çəkir. İnsana başqaları ilə daim əlaqəli olduğunu hiss etdirən yeganə dəyər kütləvi simvoldur.

Böyük yazıçı bir neçə millətin kollektiv simvolunu işləyə bilib:

İngilislər - Hər kəsə bəllidir ki, ingilis üçün dəniz nə deməkdir. İngilislər özlərini kiçik insan qrupları arasında gəmi kapitanı kimi görürlər. İngilis hesab edir ki, ətrafı və ayağının altı yalnız sudan ibarətdir. Faktiki olaraq o, komandadan təcrid olunub və təkdir.

Bu millət üçün dəniz həm həyatdır, həm də təhlükə. İngilis məişətdə dənizdə çatışmayan şeyləri axtarır. Ailədə əsas meyar dayanıqlıq və təhlükəsizlikdir. Hərənin öz yeri var, oranı tərk etmək olmaz, ingilis həmin yeri tərk etdisə, demək dənizə düşür.

Almanlar - Kütləvi simvolları ordudur. Amma dünyada elə bir millət tapılmaz ki, onun meşə hissləri almanınkı kimi canlı olsun. Ağacların son dərəcə səliqəli düzülüşü, onların sayı və sıxlığı alman ruhunu məmnun edir. Alman meşələrinə baxanda, nəyinsə artıq, yaxud əskik olduğunu hiss etmək olmur. Darısqal evdən meşəyə qaçan uşaq özünü əsgərlər sırasına qəbul olunmuş kimi hiss edir. Meşədə artıq onu qürurlu, inamlı, düzgün olan yoldaşları gözləyir.

Alman meşə romantikasının uşaqlara təsirini danmaq qeyri-mümkündür. İngilis özünü dənizdə, alman özünü meşədə görəndə sevinir.

Fransızlar - Bu xalqın kütləvi simvolu onların inqilabıdır. Azadlığın bayramı hər il keçirilir. 14 iyulda tanış olmayan insanlar küçədə birgə rəqs edə bilərlər. Hər il sanki Bastiliya yenidən götürülür.

Fransızların himni də inqilabdan doğdu. Fransızların kollektiv simvolu bir qədər qeyri-müəyyən kimi görünə bilər. Amma kütləvi inqilab hissiyyatı konkret hərəkətə və konkret obyektə - Bastiliyaya yönəlib. Buna görə də “inqilab” sözünə həmişə “fransız” sözü əlavə olunur.

İsveçrəlilər - Yalnız bir dildə danışan xalqlarla müqayisədə onlarda vətənpərvərlik daha güclüdür. Burda dillərin müxtəlifliyi, kantonların sosial strukturlarının fərqi, dinlər arasındakı ziddiyyətlərin milli özünüdərkə təsiri azdır. Onları bu bəladan kütləvi simvolları xilas edir. Bu, onların gözləri qarşısında dayanan tərpənməz dağlardır.

İsveçrəlilər dağlarının əzəmətini hər yerdən görürlər. İsveçrəlilərin qarşısında dayanan dağlar maqnit kimi dünyanın hər yerindən insanları bu ölkəyə cəzb edir.

İspanlar - Əgər ingilis özünü kapitan kimi görürsə, ispan özünü matador kimi görür. O, qorxmadan müəyyən qaydalarla güclü heyvanı öldürməlidir. O, vəhşi heyvanla təkbətək döyüşə çıxır. İspan öküzü minlərə insanın gözü qarşısında öldürməlidir. Matador milli simvola çevrilib.

2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən dəhşətli terror maraqlı bir mənzərəni ortaya qoydu. Amerikanlar əllərində bayraq küçələrə axışmağa başladılar. Samuel Xantinqton “Biz kimik” kitabında yazır: “İnsanların güvənə biləcəyi bircə şey var idisə, o da bayraq idi. Nyu-Yorkda, Vaşinqtonda insanlara bayraq çatdırmaq mümkün deyildi”. Əslində Amerika faciənin miqyasına görə öz kütləvi simvolunu tapa bildi.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəlik şücaəti sayəsində biz Qarabağımızı erməni işğalından azad etdik. Şuşamız da işğaldan azad olundu. Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. İndi Şuşamıza gedib-gələnlər sanki özlərini dünyaya yenidən göz açmış insan kimi hiss edirlər. Şuşada dağ da var, meşə də var, mədəniyyətimizin xəzinəsi də ordadır. Və Şuşa həm də bizim kütləvi simvolumuzdur. Şuşada hər an bir-birimizin yanında olmağımızı hiss edirik.

Bir-birimizin yanında olmağımıza bu şəhərin verdiyi impuls əbədi xarakter daşıyacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar