Menu

Saakaşvilinin həbsi Gürcüstana nə vəd edir? – “Hakimiyyət dilemma qarşısında qalıb...”

01.10.2021, 15:10
Saakaşvilinin həbsi Gürcüstana nə vəd edir? – “Hakimiyyət dilemma qarşısında qalıb...”

Gürcüstan hakimiyyəti 8 ildən sonra ölkəyə qayıtdığını elan edən eks-prezident Mixeil Saakaşvilini həbs etmək üçün hərəkətə keçib. Rəsmi məlumata görə, xüsusi təyinatlılar onu həbs etmək üçün Batumiyə göndərilib. Sabah - oktyabrın 2-də keçiriləcək yerli seçkilər öncəsi Saakaşvilinin həbs edilməsi ölkədə mürəkkəb situasiya yarada bilər.

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Gürcüstan hakimiyyəti bələdiyyə seçkisinə bir gün qalmış dilemma ilə üzləşib. Onun sözlərinə görə, Gürcüstana qayıdan eks-prezident Mixeil Saakaşvilini həbs etmək də problem yaradacaq, sərbəst fəaliyyətinə şərait yaratmaq da: "Ukrayna vətəndaşlığı olan Saakaşvilinin həbsi onun reytinqini daha da artıracaq, ABŞ və Avropa onu siyasi məhbus kimi qiymətləndirəcək və rəsmi Tbilisiyə təzyiqi artıracaq. NATO və Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoyan Gürcüstan hakimiyyəti Qərbin təzyiqlərinə nə qədər dözə bilər? Saakaşvilinin Gürcüstanda sərbəst siyasi fəaliyyət göstərməsi isə İvanişvilinin hakim "Gürcü arzusu" partiyasının problemlərini artıracaq".

E.Şahinoğlu vurğulayır ki, Mixeil Saakaşvili yenə dediyini etdi. "Vaxtilə onu keçmiş dostu, Ukraynanın eks-prezidenti Petro Poroşenko da zorla Avropaya ekstradisiya etmişdi. Başqa siyasətçi olsaydı Avropadakı rahat həyatı, yaxşı maaşı qoyub yenidən alovun içinə atılmazdı. Saakaşvili elələrindən deyil. Quru yolla Ukraynaya keçdi, həmin anda onu həbs edə bilməsələr də, sonradan yenidən ölkədən zorla çıxardılar. Vladimir Zelenski prezident seçiləndən sonra Saakaşviliyə Ukraynaya qayıtmağa icazə verdi, onu Milli İslahatlar Şurasına başçı təyin etdi. Saakaşvili bu vəzifədə Ukraynada iqtisadi islahatların dərinləşdirilməsinə var gücüylə çalışdı, ancaq alınmadı, çünki qarşısında güclü korrupsiyalaşmış oliqarxik sistem var. Ürəyi Gürcüstanla döyünən Saakaşvili üçün vətənində yeni mübarizə dövrü başlayır", - politoloq bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol