ERMƏNİSTANIN SAAKAŞVİLİ TƏLAŞI – Təkcə gürcü hökuməti yox, Ermənistan da narahatdır

Mixeil Saakaşvilinin cəsarətli və riskli addım ataraq, bütün hədə-qorxulara və təhlükələrə rəğmən vətəninə qayıtması təkcə Gürcüstan yox, bütün region ölkələri üçün gözlənilməz oldu. Bu qayıdışın, hər nə qədər həbslə nəticələnsə də, tezliklə qonşu ölkənin siyasi həyatında özünü ciddi şəkildə göstərəcəyi şübhəsizdir.

Məsələ ondadır ki, sabiq prezidentin onsuz da gərgin keçəcəyi gözlənilən bələdiyyə seçkisindən bir gün öncə Gürcüstanda peyda olması hazırkı hökuməti olduqca çətin vəziyyətə salıb. Saakaşvilinin (həbsdə, yaxud azadlıqda olmasından asılı olmayaraq) ümumiyyətlə Gürcüstanda olması mövcud hakimiyyət üçün olduqca təhlükəlidir. Çünki Gürcüstanın üçüncü prezidenti təkcə kifayət qədər geniş elektoratı ilə deyil, xarakter, enerji, ideya, xarizma və s. baxımından da indiki hökumətin ən böyük rəqibidir və bir çox istiqamətlərdə onu üstələyir.

Digər yandan hakimiyyətlə müxalifət arasında aprel ayında Avropa İttifaqının patronajlığı altında imzalanmış anlaşmaya görə hakim partiya oktyabrın 2-də keçirilən seçkidə 43 faizdən az səs toplayacağı təqdirdə, ölkədə növbədənkənar parlament seçkiləri keçirilməlidir. Hökumət hər nə qədər bu anlaşmadan boyun qaçırmağa çalışsa da, hazırda Avropa İttifaqı bu anlaşmanın üzərində möhkəm dayanıb və Gürcüstandakı siyasi analitiklər hakimiyyətin həmin razılaşmaya riayət etməyə məcbur olacağını qeyd edirlər. Əks halda, hökuməti Qərblə qarşıdurma halına gətirəcək siyasi böhran gözləyir. Ona görə də bugünkü seçkidə hər kəsin diqqəti Saakaşvilinin “Milli Hərakatı”nın nə qədər səs toplayacağından daha çox hakim “Gürcü Arzusu”nun 43 faiz səs yığıb-yığmayacağına yönəlib. Əgər milyarder Bdzina İvanişvilinin partiyası səslərin ən azı 43 faizini toplamasa, növbədənkənar parlament seçkisi qaçılmaz görünür. Saakaşvilinin artıq Gürcüstanda olduğu nəzərə alınsa, həmin seçkilərin nəticələrini proqnozlaşdırmağın nə qədər çətin olduğunu isə xüsusi qeyd etməyə yəqin ki, ehtiyac yoxdur.

Bu arada Saakaşvilinin vətənə qayıtmasına qonşu ölkələrin reaksiyası maraq doğurur. İlk olaraq, Rusiyanın mövqeyini ifadə edən Vladimir Putinin sözçüsü Dmitri Peskov bir qədər saymazyana formada bildirib ki, guya Saakaşvilinin ətrafında baş verənlər Kreml üçün maraqlı deyil və Gürcüstanın hazırkı hökuməti kimi, o da sabiq prezidenti “təlxəklikdə” günahlandırmaqla yetinib. Təbii ki, Moskva özünü soyuqqanlı göstərməyə çalışsa da, Saakaşvilinin hakimiyyətə qayıtması perspektivinin Putin hakimiyyəti üçün nə demək olduğunu anlamaq çətin deyil... 

Gürcüstanın digər qonşusu Ermənistana gəlincə, rəsmi səviyyədə Gürcüstanda baş verənlərə hər hansı reaksiya bildirilməsə də, erməni mətbuatı və politoloqları artıq narahatlıqlarını biruzə verməyə başlayıblar. Məsələn, Rusiyanın Ermənistandakı ruporlarından sayılan “Sputnik Armenia”da Saakaşvilinin qayıdışı ilə bağlı dərc edilən məqalədə deyilir ki, sabiq prezidentin Gürcüstan siyasətində, xüsusilə də hakimiyyətdə olması perspektivi Ermənistana yaxşı heç nə vəd etmir: “İstənilən hakimiyyət dəyişikliyi xarici siyasətdə yeni prioritetlər deməkdir. Odur ki, İrəvanın düşünmək üçün əsasları var. Saakaşvilinin prezidentliyi dövründə Tbilisi ilə münasibətlər hər nə qədər hamar olsa da, o, xarici siyasətdə prioritet istiqamət kimi birmənalı şəkildə Türkiyə və Azərbaycanla əməkdaşlığa üstünlük verirdi.”

Məqalədə deyilir ki, uzun illər gürcü və erməni xalqlarının dostluğu və qardaşlığı barədə danışılsa da, real olaraq iki ölkənin ən çox yaxınlaşması məhz B.İvanişvilinin “Gürcü Arzusu” hökumətinin zamanında müşahidə olunub. Bu da xüsusilə onunla bağlıdır ki, İvanişvili hökuməti Ermənistanın sahibi olan Moskva ilə hansısa əlaqələr yaratmağa müvəffəq olub: “Məhz ”Gürcü Arzusu” Moskva ilə hansısa əlaqələr qura bildi ki, bu da İrəvanın maraqlarına uyğundur. Həmçinin, məhz bu hakimiyyətin dövründə İrəvanla Tbilisi arasında ölkə liderlərinin qeyri-rəsmi görüş formatı mümkün oldu. Saakaşvilinin mövqeyinin güclənməsi isə Gürcüstanın Rusiya ilə münasibətlərinin daha da pisləşməsinə və qonşularla münasibətdə disbalans yaranmasına səbəb olacaq. 9 illik hakimiyyəti dövründə Saakaşvilinin Ankara və Bakı ilə münasibətlərin dərinləşdirilməsi kursu prioritet təşkil edib.” 

Məqalədə bildirilir ki, hətta keşmiş prezident Serj Sarqsyan Saakaşvilini Ermənistanın ən ali mükafatı olan “Şərəf ordeni” ilə təltif etsə də, “Mişa” mövqeyini dəyişməyib və yenə hər vəchlə Türkiyə investisiyalarının Gürcüstana cəlb olunmasına və Tbilisinin Bakı ilə Ankaranın daxil olduğu üçlü formatda müxtəlif layihələrə qoşulmasına nail olub.

O da xüsusi vurğulanır ki, məhz Saakaşvilinin dövründə Gürcüstanın Milli Təhlükəsizlik Konsepsiyasına Azərbaycan strateji müttəfiq kimi daxil edilib: “Gürcüstanın 2005-ci ildə qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyasında Ermənistan “yaxın əməkdaş” kimi göstərilirsə, Azərbaycan “strateji əməkdaş ölkə” statusunda tanınır.” Nəhayət, Saakaşvilinin 44 günlük müharibədə tutduğu mövqe erməniləri qətiyyən qane etmir. Bununla bağlı “Sputnik Armenia” yazır: “Döyüşlərin aktiv fazası dövründə Saakaşvili açıq şəkildə Bakını müdafiə etdi və “Dağlıq Qarabağın Azərbaycan Respublikasının suveren ərazisi” olduğunu bidirərək, bunu heç nəyin dəyişə bilməyəcəyini bəyan etdi. Bütün bunlar onu deməyə əsas verir ki, Saakaşvilinin siyasətə qayıtması Gürcüstanın Ermənistanla münasibətlərinin dərinləşməsinə gətirib çıxarmayacaq...”

Göründüyü kimi, erməni tərəfini Mixeil Saakaşvilinin nəinki hakimiyyətə, ümumiyyətlə gürcü siyasətinə qayıtması belə narahat edir. Bu da gözlənilən idi, çünki təkcə Tbilisidəki erməni teatrının tikintisinə öz cibindən 18 milyon dollar xərcləyən Bdzina İvanişvilinin rəhbərlik etdiyi siyasi qüvvə ilə Saakaşvilinin regiona baxışları xeyli dərəcədə fərqlənir və bu fərq heç də Ermənistanın xeyrinə deyil. Bunun da ciddi əsasları var.

Qonşularını arxadan vurmağa adət etmiş Ermənistan Azərbaycan kimi Gürcüstana da qarşı ərazi iddialarına malikdir. Abxaziyada erməni hərbi dəstələrinin Gürcüstana qarşı döyüşməsi, Ermənistanın bütün beynəlxalq platformalarda Rusiyanı dəstəkləyərək, separatçı qurumlarla bağlı səsvermələrdə Moskvanın lehinə səs verməsi və digər çoxsaylı səbəblər Tbilisinin istənilən halda İrəvana yox, daha etibarlı qonşu və dost olan Bakıya və Ankaraya üstünlük verməsini qaçılmaz edir.

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2021-10-02 18:26:44

İstənilən halda Saakaşvili Azərbaycan və Türkiyə üçün ən yaxşı Gürcüstan rəhbəri olmuşdur, ona görə də mənim ona rəğbətim vardır...

Rasim 2021-10-02 16:20:47

Ela tehlildi

Son yazılar