Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Slovakiya Respublikasına rəsmi səfəri başa çatıb. Səfər oktyabrın 7-dən 9 -a qədər davam edib.
Bu barədə "AzPolitika.inf"ya nümayəndə heyətinin tərkibinə daxil olan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.
Slovakiyada keçirilən görüşlər barədə qısa məlumat verən Sadiq Qurbanov bildirdi ki, səfər olduqca məhsuldar keçib: "Nümayəndə heyətimiz Slovakiya Respublikasının Baş naziri Eduard Heger, Milli Şurasının sədri Boris Kollar, Xarici İşlər naziri İvan Korçok, habelə Slovakiya parlamentinin Azərbaycanla əməkdaşlıq qrupunun üzvləri ilə yüksək səviyyəli görüşlər keçirdərək faydalı müzakirələr apardı.
Bütün görüşlərdə Milli Məclisin sədri Sahibə xanım Qafarova Slovakiyalı həmkarlara Azərbaycanın müstəqillik illərində keçdiyi çətin və şərəfli inkişaf yolundan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi uğurlar və nailiyyətlərdən, eyni zamanda Ermənistan Azərbaycan münaqişəsinin tarixini, ermənilərin ölkəmizə əsasız ərazi iddialarını, 1990- cı illərin əvvəllərində torpaqlarımızın işğal edilməsini, xalqımıza qarşı soyqırımı və vandalizm aktlarının törədilməsini həmkarlarımızın diqqətinə yüksək məharətlə çatdırdı.

Sahibə xanım Qafarova Prezident İlham Əliyevin "Qarabağ- işğaldan əvvəl və sonra" kitabını onlara hədiyyə edərək, erməni vandallarının şəhərlərimizə, kəndlərimizə və təbiətimizə qarşı törətdikləri insanlığa sığmayan cinayətləri barədə əyani məlumat verdi və xalqımıza qarşı ermənilərin törətdikləri vəhşilikləri xüsusi qeyd edərək Slovakiya parlamentini Xocalı soyqırımını tanımağa çağırdı. Sahibə xanım törədilən vəhşilikləri, dağıdılmış əraziləri gözləri ilə görmək üçün Slovakiyalı rəsmiləri ölkəmizə səfərə dəvət etdi. Slovakiya parlamentinin sədri cənab Boris Kollar dəvətə görə minnətdarlığını bildirdi və çox qısa zamanda məmuniyyətlə ölkəmizə səfərə gələcəyini söylədi. Slovakiya səfərimiz çox uğurlu oldu".




Şərhlər