ŞƏHİD HƏRBİ HƏKİM AQŞİN ƏNVƏRLİNİN XATİRƏSİ ANILIB - VİDEOREPORTAJ

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan hərbi həkim, baş leytenant Aqşin Ənvərlinin doğum günündür. 27 yaşını cənnətdə qeyd edən Aqşin Ənvərlinin xatirəsini anmaq üçün bu gün Qəbələ rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, Şəhidimizin təhsil aldığı məktəbin kollektivi, ailə üzvləri  və həmkəndliləri onun rayonun Xırxatala kənd qəbirstanlığındakı məzarını ziyarət ediblər. 

Aqşin Ənvərlinin xatirəsi sonsuz ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyularaq, ruhuna dualar oxunub. Anım mərasiminin iştirakçıları Aqşin Ənvərlinin həyat yolundan danışıb, vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını qeyd ediblər.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Tibb Xidməti baş leytenantı Ənvərli Aqşin Faiq oğlu 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb.

Aqşin Ənvərli 2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi.

Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib.

Aqşin Ənvərli noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə “baş leytenant” rütbəsi alıb. Qəbələ rayonunda torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aqşin Ənvərli ölümündən sonra “Vətən uğrunda” medalı, "Xocavəndin azad olunmasına görə” medalı, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Elman

"AzPolitika.info"



635x100

Şərhlər

Xalq 2021-10-10 17:49:26

Allah rəhmət eləsin!

Son yazılar