PAŞİNYAN MOSKVANIN “QIRMIZI XƏTTLƏRİNİ” TAPDAYIR – Putinin “saatlarımızı birgə quraq” xəbərdarlığı nəticə verəcəkmi?

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 10-da Moskvaya əvvəlcədən elan olunmamış səfərə gedərək, Prezident Vladimir Putinlə görüş keçirib.

Kremlin rəsmi saytında dərc olunmuş məlumatda Putinin dəvəti qəbul edib gəldiyi üçün Paşinyana təşəkkür etdiyi yazılıb. Prezident əlavə edib ki, onlar daim telefonla əlaqə saxlasalar da, üzbəüz görüşlər daha nəticəli olur: “Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biz həm rəsmi, həm də qeyri-rəsmi formatda söhbət edəcəyik. Biz nahar edəcək, hazırkı məsələləri müzakirə edəcək və planlarımız barədə danışacağıq. Bizim tezliklə MDB sammitimiz olacaq. Mən istərdim ki, biz saatlarımızı buna, həm də əlbəttə, regionda bugün üçün və uzun perspektiv üçün tənzimləmə də daxil əsas əməkdaşlıq məqsədlərimizə uyğun quraq”.

Putinin dediklərindən məlum olur ki, o Paşinyanı Moskvaya çağırtdırıb və şübhəsiz ki, bunun çox ciddi səbəbləri var. Pandemiya şəraitinə görə rəsmi görüşlərini minimuma endirən Kreml rəhbərinin yəqin ki, Ermənistanın Baş nazirinə birbaşa demək istədiyi vacib məsələlər olub. 

Maraqlıdır, İrəvanın davranışlarında Rusiyanı narahat edən hansı məsələlər ola bilər? Putin görüşün rəsmi hissəsində N.Paşinyana xitabən "saatlarımızı birgə quraq" ifadəsi işlətməsi bəzi bəzi mətləblərə aydınlıq gətirməyə imkan verir.

Kreml rəhbərinin bu cümləsi ilk növbədə N.Paşinyanın Rusiyanın maraqlarından kənar fəaliyyətlərlə məşğul olmasına işarədir. Bura İranla Moskva ilə razılaşdırılmayan əlaqələr və Azərbaycanla gərginlik fonunda onu daha da sıxlaşdırmaq cəhdləri, İrəvanın da istədiyi kimi Minsk Qrupunun Azərbaycan-Ermənistan münaqişəsində vasitəçiliyə təkrar qayıtması, Paşinyanın Türkiyə ilə sərhədlərin açılması məsələsində Gürcüstan rəhbərliyini vasitəçi kimi prosesə qoşması, nəhayət, Azərbaycan rəhbərliyi ilə birbaşa təmaslara cəhd etməsi daxildir.

Xatırladaq ki, Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb, iki gün əvvəl Ararat Mirzoyan bəyan edib ki, bu formatda daha bir görüşün keçirilməsinə hazırlıq gedir. O, liderlərin görüşməsini də istisna etməyib. Bu təmas birbaşa Moskvanın vasitəçiliyi ilə baş tutmayıb. Sadalanan mövzuların hər biri ayrı-ayrılıqda Kremlin maraqlarına uyğun deyil.

Əvvəla, Rusiya İranı Cənubi Qafqazda oyunçulardan biri kimi görmək istəmir. Ötən həftə İranın xarici işlər naziri Abdullahianın rusiyalı həmkarı Sergey Lavrovla görüşünün nəticəsiz bitməsi bundan xəbər verir. İran Rusiyanın da maraqlı olduğu Zəngəzur dəhlizinin açılmasını qəti şəkildə istəmir. Çünki Azərbaycanı və Rusiyanı birbaşa Türkiyəyə birləşdirən bu kommunikasiya Tehranı bölgədə tamamilə oyundankənar vəziyyətə salır. Amma Ermənistan bu dəhlizin əleyhinədir və İrəvanın və Tehranın maraqları bu məsələdə üst-üstə düşür.

Xatırladaq ki, Naxçıvanla əlaqənin bərpa olunması müharibədən sonra imzalanmış Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatında da əks olunub. Sənəddə qeyd olunub ki, sözügedən yol Rusiya Təhlükəsizlik Xidmətinin nəzarətində olacaq. Amma Ermənistan rəsmiləri müxtəlif bəhanələrlə bu bəndi icra etməkdən yayınır. Bugünlərdə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın "Təsnim" agentliyinə müsahibəsində bunları deyib: "Əminliklə vurğulamaq istəyirəm ki, nə bəyanatda, nə də görüşlərdə dəhlizdən bəhs olunmur. Əksinə, Azərbaycan tərəfi dəfələrlə bu (Zəngəzur - red.) dəhlizlə bağlı məsələ qaldırıb. Vurğulamaq istərdim ki, Ermənistan dəhlizlə bağlı heç vaxt heç bir müzakirə aparmayıb, aparmır və aparmayacaq da. Marşrutların açılması məsələsi həm atəşkəslə bağlı 9 Noyabr 2020, həm də 11 yanvar 2021-ci il bəyanatlarında əks olunub. Bu iki sənədə görə, Ermənistan Mərkəzi Asiya və Rusiyaya çıxış üçün Azərbaycan ərazisindən də istifadə edə bilər, yəni biz Azərbaycanın avtomobil və dəmir yollarının imkanlarından və infrastrukturundan Orta Asiya və Rusiyaya daxil olmaq və qoşulmaq üçün istifadə edə bilərik. Azərbaycan da Naxçıvanla Ermənistan vasitəsilə əlaqə qura bilər".

Ehtimal etmək olar ki, Ermənistanın bu variasiyaları Rusiya rəhbərliyini hövsələdən çıxarıb və Putin Moskvada Paşinyana bu öhdəliyi xatırladaraq onun icrasını tələb edib.

Daha sonra İran-Ermənistan əlaqələrini təmin edən Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən 21 kilometrlik hissəsinin Azərbaycan tərəfindən nəzarətə götürülməsi Tehran və İrəvanı yeni ticarət yolu yaratmağa vadar edib. Hazırda iki ölkə rəsmiləri mütəxəssislərin iştirakı ilə Meğridən, çətin dağ reyleflərini aşmaqla yeni yolun inşasını müzakirə edirlər. İran bu marşrutla həm Ermənistana, həm də Qara dənizə maneəsiz çıxış əldə etmək istəyir. Şübhəsiz ki, İrəvanın bu "özfəaliyyəti" də Moskvanın xoşuna gəlmir, Kremlin bu barədə narazılığı Moskvada Paşinyanın nəzərinə çatdırılıb.

Rusiya Paşinyanın Türkiyə ilə sərhədlərin açılması və əlaqələrin bərpa olunması cəhdlərindən də qıcıqlanır. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, iki ölkənin münasibətlərinin normallaşdırılmasında vasitəçilik etməyə hazırdır. Bu bəyanatın diplomatik dildən tərcüməsi o deməkdir ki, proses ancaq Moskvanın patronajlığı altında mümkündür. Yəni, biz istəməsək, bu əlaqələr bərpa oluna bilməz.

Paşinyan isə Moskvaya yox, Tbilisiyə üz tutaraq Türkiyə rəhbərliyinə mesajlarını bu kanal vasitəsi ilə çatdırıb. Bunu Türkiyə lideri R.T.Ərdoğan ictimaiyyətə açıqlayıb. Yəqin ki, Putin Paşinyanla söhbətin qeyri-rəsmi hissəsində bu barədə mövqeyini ona açıq şəkildə ifadə edib. Nəhayət, Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan Ermənistan danışıqlarının start götürməsi də yeni situasiya yaradır. Məlumdur ki, müharibə bitdikdən sonra Paşinyan təkidlə vasitəçilərin prosesə qayıtmasını istəyib və bu sahədə Fransa və ABŞ-la fəal iş aparıb. Rusiya həmsədrlərdən biri olsa da indiki status-kvonun pozulmasında o qədər də maraqlı deyil. Yəni Vaşinqton və Parisin bölgəyə qayıtmasını istəmir və bu məsələdə Bakı və Moskvanın maraqları üst-üstə düşür. İrəvan isə Minsk Qrupunda daha çox Qərb tərəfdaşları ilə işləyir, Putinin təbirincə desək "saatlarını Moskva ilə birgə qurmur".

Güman etmək olar ki, Rusiya Prezidenti prosesin başlanğıcında Paşinyanı açıq şəkildə xəbərdar etməyə ehtiyac görüb ki, İrəvan heç bir halda Moskvanın cızdığı xəttdən kənara çıxmamalıdır. Yəni, vasitəçilərin təkliflərinə Kremlin razılığı olmadan "hə" demək olmaz.

Bu kontekstdə başqa bir məsələ 10 noyabr bəyanatının icra olunması ilə bağlı ola bilər. Təxminən 1 ay sonra 44 günlük müharibənin bitməsindən 1 il ötəcək və bu zaman kəsiyində atəşkəs sənədinin 3 maddəsi icra olunmur. Bu isə Azərbaycanın ciddi narazılığı ilə qarşılanır və Moskva qarşısında problem tez-tez qaldırılır. Ehtimal etmək olar ki, yaxın həftələrdə Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin iştirakı ilə sammit keçirilsin və yeni razılaşmalarla bağlı birgə bəyanat qəbul edilsin. Bu, Minsk Qrupunu qabaqlamaq, tərəflərə təsir imkanlarını saxlamaq üçün Moskvaya lazımdır. Rusiya rəhbəri ilə görüşdə Paşinyan bildirib ki, belə tez-tez keçirilən görüşlər münasibətlərin dinamikasına və ikitərəfli stateji, müttəfiqlik münasibətlərinin qarşılıqlı dərk olunmasına xidmət edir: “Əlbəttə, təəssüf ki, biz hələlik regionda tam stabilləşmədən danışa bilmirik. Sizin də qeyd etdiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi problem olaraq qalır. Aydındır ki, Rusiya münaqişənin həllində və regionda ümumi təhlükəsizliyin təminatında ATƏT-in Minsk Qrupunun həmsədri kimi əsas rol oynayır. Təbii ki, bütün bu problemlərin hamısı mühümdür. Bunlar əsas məsələlərdir və mən şadam ki, bizim bütün bu gündəliyi müzakirə etmək imkanımız olacaq”.

Moskvadan qayıtdıqdan sonra isə Ermənistanın Baş naziri Putinlə görüşünü məhsuldar və səmərəli adlandırmaqla kifayətlənib. Onun Kremlin şərtlərini və tələblərini nə dərəcədə yerinə yetirəcəyini isə zaman göstərəcək.

Elçin Rüstəmli

"AzPolitika.info"

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Eli 2021-10-16 00:44:46

Qorbaçovın hakimiyyete gelişi ve Eliyeve qusqanc münasibeti,ermenilerin onu rüşvetle tam ele slmaları Eliyevin işden azad olunması ve bu möhteşem lahiyenin yarımçıq qalması ile neti celendi Hele Eliyev vezifede olandd ermeni başbilenleti-Zori Balayan Silva Kaputikyan ve sairler Qorbaçovun kömekçisi Şaxnazarovun teşebbüsü ve kömekliyi ile hemim güc nazirlikletinin rehberleri ile görüşerek demişdiler ki ,Siz yatmısız,ancaq Eliyev Azerbaycanla size düşmen olan Türkiyyeni birleşdirmek üçün yol çekir.Ne ise demem isteyirdm ki Rehmelik Eliyev hele 35-40 il bundan qabaq ele bil bu günü görürmüş.Bu yolu çeke bilmese de obyektiv sebeblere göre,ancaq Naxçıvan Ali Meclisinin Sedri olanda Sederekde Araz çayı üzerinde Azerbaycanı qardaş Türkiyye ile birleşdiren”Ümüd körpusünun istifadeye vetrilmedine nail oldu.Bu gün ise onun layiqli davamçısı Müzeffer Ali Baş Komandan,Prezident İlham Eliyev bu tarxi missiyanı başa çatdırmaq uğrunda maksimium çalışır ve bu işin yaxın gelecekde müsbet hellinin şahidi olacağıq ve Ulu Önderin “Bir Millet İki Dövlet”müdrik siyasi fikrinin ne qeder düzgün olduğunun ve tarixi hafiselerin gedişinin bunu tesdiq etdiyinin şahidi olacağıq.

Eli 2021-10-16 00:19:19

Bu mesele Nazirler Sovetinde müzakireye çıxarılma erefesinde Ermenistanın birinci katibi Eliyevle götüşüb ona deyir ki, men Sizden Siyasi Büroya şikayet edecem o , ise cavab verir ki,bir qafqazlı kimi meslehet görmürem bu dövlet ehemiyyetli meseledir başınız ağrıyar.Ancaq şikayet ediri ve Andropov ağzından vuru ki sene aid olmayan işlerle meşğul olma.Buna baxmayaraq Kremlde olan ermenilet ve onların yal dostları bı işe mane olmağa maksimium mane olmağa çalışırlar.Heyder Eliyev Azerbaycan SSR-nin Nazirlet Sovetiniin sedri Hesen Seyidova tapşırır ki,NS-nin qerarını eline almamış Bakıya qayıtmasın.Bir hefte sonra Eliyev maraqlanır Seyidov deyir ki,Smirtyukov NS-nin İşler İdaresinin müdiri qetara qol çekmir .Smirtyukov o vaxt Ermenistandan SSRİ Ali Sovetine deputat seçilmişdi.Eliyev meseleni Sedre deyir ve ona ciddi töhmet vermekle qerara çekdirir ve işler başlayır ve çox süretle.Eliyevin şexsi nezareti ile Azerbaycan SSR NS ve Naxçıvan MSSR NS bu işr gündelik nezaret edirler.

Eli 2021-10-16 00:02:19

Biz hal hazırda tarixi günlerimizi yaşayırıq ki bu meselede Zengezur dehlizinin açılması xüsusi bir siyası iqdisadi ehemiyyet kesb edir.Bu melumat deqiq melumatdır.Rehmetlik Heyder Eliyev SSRİ Nazirler Sovetinin sedrinin birinci müavini teyin olunandzn qısa müddet sonra NS-nin sedri Tixinovla,Baş katib Andropovla razılaşaraq SSRİ-nin dörd güc nazirliyinin vesaiti daha doğrusu İttifaq büdcesi hesabına ,”Elet-Culfa”yolunun tikintisini (demir yolu ve avtomıbil yolları daxil) Xüsusi herbi strateji ehemiyyetli yol kimi Dövlet planına salınmasına nsil olmuş vd bu işlere başlanılmışdır.

Son yazılar