Qərb dünyası Ukraynanın yanında olduğunu və Rusiya ilə müharibədə onu hərtərəfli dəstəkləyəcəyini bəyan etsə də, biz bu müharibənin xarakterinə uyğun şəkildə Ukraynaya kömək göstərilməsini görmürük. Bəzi analitiklər belə hesab edirlər ki, Qərbdəki sözlə əməl arasındakı ziddiyyətin başlıca səbəbi onların Rusiyadan gələ biləcək təhlükənin ciddiliyinə inanmamalarından irəli gəlir və əsl həqiqətdə Avropa Rusiyanı öz həyatı maraqlarına təhlükə hesab etmir.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-nin “The Hill” internet portalı “Qərb Rusiya təhlükəsinə qarşı cavab verə bilmir” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. 

Həmin məqaləni qısa ixtisarla təqdim edirik:

Norveçin xarici işlər naziri Espen Bart Eyde bu yaxınlarda jurnalistlərə deyib: ”Mən düşünürəm ki, bizim hamımız səmimi olmalıyıq və deməliyik ki, heç kim Putin Rusiyasına qalib gəlmək üçün Ukraynaya kifayət qədər kömək etmir”. Espen Eyde 4 aprel 1949-cu ildə qurulmuş və 75 illiyini qeyd edən NATO ölkələrini nəzərdə tutur.

Gəlin, Eydenin bəyanatına daha diqqətlə baxaq. Bu, aşağıdakı məntiqi fərziyyəyə əsaslanır: Əgər siz Eydenin və əksər NATO ölkələrinin iddia etdiyi kimi Putin Rusiyasını Avropa üçün həyati vacib təhlükə hesab edirsinizsə, onda siz bu təhlükəyə qarşı sinə gərmək üçün mümkün olan hər şeyi edəcəksiniz ki, Ukrayna qalib gəlsin. İndi məsələyə tərs tərəfdən baxaq - əgər Eydenin dediyi kimi, Ukraynaya kömək üçün lazım olan hər şey edilmirsə, deməli buradan belə çıxır ki, heç kim Putin Rusiyasını Avropa üçün həyati təhlükə hesab etmir. Nəticə qaçılmazdır: NATO ölkələri Rusiya təhlükəsindən danışırlar, amma onların ləngliyi, Ukraynaya kifayət səviyyədə kömək göstərilməməsi və sərt cəza sanksiyalarının tətbiq edilməsi arzusunun olmaması və sairə bu kimi hərəkətlər göstərir ki, əsilndə onlar Rusiyanı təhlükə saymırlar. Bu mənada Macarıstanın avtoritar Baş naziri Viktor Orbanı və onun slovakiyalı həmkarı Rober Fiçonu dürüst hesab etmək olar. Onlar açıq şəkildə Putini dəstəkləyirlər, çünki onun totalitar dəyərlərini bölüşürlər və onun rejimindən heyranlıq duyurlar. Bu elə Donald Trampa və onun “MAGA” respublikaçılar bazasına da aiddir. Düşünülür ki, əgər Putinin qələbəsi Rusiya ilə gəlirli kommersiya münasibətlərini başlada bilərsə, Ukraynadan narahat olmağa nə ehtiyac var ki?...

Bəzi putinofiliya halları var ki, onlar daha asan izah olunandır. Belə ki, Kolumbiya Universitetinin tanınmış iqtisadçısı Ceffri Saksı nümunə çəkə bilərik. O, hələ də NATO-nun Ukraynanı öz sıralarına daxil etmək istədiyinə və ABŞ-nin 2014-cü ildə Kiyevdə Ləyaqət İnqilabı zamanı “çevriliş”etdiyinə inanır. Onun iddialarının heç bir sübutu yoxdur, Ukraynadakı xalq etirazını Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələndirmək 2014-cü ildə küçələrə axışan və həyatlarını riskə atan milyonlarla ukraynalı üçün dərin təhqirdir. Ceffri Saksın mütəmadi olaraq Rusiyanın ən iyrənc təbliğat tok-şoularında çıxış etməsi heç də təəcüblü deyil. Bu məqamda Putini tənqid edən jurnalistlər təkidlə deyirlər ki, Rusiya təkcə Ukrayna üçün yox, bütün Avropa, ABŞ və hətta bütün dünya üçün ölümcül təhlükə təşkil edir. Bu, o dərəcədə aydındır ki, Putinin 21-cı əsrin Adolf Hitleri olmasını yalnız axmaq başa düşə bilməz. Bizim çoxlu arqumentlərimiz var və yalnız az adam Ukraynaya yardımların lazım olmasının vacibliyini arqumentlərlə müdafiə edə bilir. Bununla belə, nəinki orbanlar, fikoslar və onların tərəfdarları, həmçinin amerikalılar, Norveç də daxil olmaqla avropalıların əksəriyyəti Rusiya təhlükəsinin ciddiliyinə əmin deyillər. Baltik ölkələri təhlükəni görürlər, çünki bu cür düşünməni Rusiya ilə coğrafi yaxınlıq diktə edir. Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda “ayılıb” və indi ritorik olsa da, Putinin ən qızğın tənqidçiləri ilə bir sırada yer alır. Hətta Ukraynanın ən yaxın müttəfiqi sayılan Polşa, görünür ki, nə baş verdiyini hələ anlamır və öz sərhədlərini Ukrayna yük maşınlarının üzünə qapayır. Ukrayna iqtisadiyyatının çökməsi Rusiya təhlükəsini anlamağın heç də yaxşı üsulu deyil. ABŞ ən böyük ikiüzlüdür. Konqresdə Donald Trampın dönməz tərəfdarlarından ibarət kiçik bir qrup istisna olmaqla, Amerika siyasi sinfi bötövlüklə deyir ki, biz Ukraynanı dəstəkləyirik və bilirik ki, Rusiya iri miqyaslı təhlükə təşkil edir. Vaşinqton seçkiöncəsi siyasəti və şəxsi ambisiyaları özünə tabe etdirə bilmək imkanını göstərə bilmir. Bu isə Ukraynanın məğlubiyyətinə Rusiya işğalçılığının davam etməsinə və üçüncü dünya müharibəsində minlərlə amerikalının ölmünə səbəb ola bilər.

Qənatə gəlmək çətindir ki, doğrudanmı, əksər Qərb dövlətləri Putinin Hitler olduğuna sadəcə inanmırlar. Bu necə mümkündür?

Bəlkə, ola bilər ki, siyasətçilər və ictimaiyyət bunun sadəcə pis yuxu olduğuna və yuxudan ayılanda hər şeyin yaxşı olacağına ümid bəsələyirlər. Təəssüf ki, əgər Putin istədiyinə nail olsa, onda onların yuxuları bitməyəcək, daimi olacaq.

Mümkündür ki, demokratiyanın çarxı ləng dönür və ümumi yekunda gözlənilən yardım Ukraynaya gələcək. Hələ 1940-cı illərdə Böyük Britaniya və ABŞ gərəkli siyasi iradə nümayiş etdirmişdilər. Onlar radikal tədbirlər həyata keçirməklə ən qısa müddətdə fenomenal miqdarda silah istehsal etməyə nail olmuşdular.

Başqa sözlə desək, Qərbdə Rusiya təhlükəsinə qarşı öz ölkələrini səfərbər edə biləcək, qətiyyətli Uinston Çörçil və ya Franklin Ruzvelt yoxdur.

Kinayə ondadır ki, Putin strateji cəhətdən zəif bir liderdir, onu istənilən cəsarətli Qərb lideri manevrlərlə asanlıqla aldada bilər. Bütün çatışmazlıqlarına və siyasi təcrübəsinin olmamasına baxmayraq, Ukrayna Prezidenti Volodimir Zelenski yüksəkdə dura bildi və xalqını birləşdirərək Putinə “yox” deməyi bacardı. Ona görə də güclü liderin meydana çıxması bu gün də mümkündür. Zelenski sübut etdi ki, ağır çəkili kimi döyüşmək üçün heç də ağır çəkili olmağa gərək yoxdur.

Təəssüf ki, Prezident Co Bayden dünyanın Putinə qarşı çıxmasına rəhbərlik edə bilmədi. Donald Trampı da bu məsələdə lider ola bilməyəcəyini nümayiş etdirdi. Və bütün baş verənlər sayəsində, deyəsən, Ukrayna və Qərbin taleyi müsyö Makronun əlində qala bilər. O, Şarl de Qoll zirvəsinə çatacaqmı?

“AzPolitika.info”