Bu günlərdə Kremlə yaxın jurnalistlərdən biri Rusiya XİN başçısı Sergey Lavrovdan müsahibə alarkən, kifayət qədər gözlənilnməz və bəlkə də cəsarətli bir sual verib: “Bizim cəmi iki müttəfqiqimiz var – Şimali Koreya və İran. Hamı soruşur ki, necə oldu biz bu vəziyyətə gəldik və belə bir kampaniyaya düşdük?”.

Yəni, jurnalist bir növ soruşmuş olub ki, bir vaxtlar özünü Qərb sivilizasiyasının bir hissəsi və Avropa ölkəsi hesab edən, dünyanın yarıdan çoxunun pis-yaxşı dostluq etdiyi Rusiyanın hazırda “izqoy” vəziyyətinə düşməsi, Şimali Koreya və İrandan başqa müttəfiqinin qalmaması “ayıb deyilmi”?

Lavrovun cavabı da sualın özü kimi müəyyən mənada gözlənilməz olub: “Bu kampaniyanın nəyi pisdir ki?”…

Doğrudan da, əgər Rusiyanın özünün hazırda Şimali Koreyadan elə bir ciddi fərqi qalmayıbsa, onunla bir kampaniyada olmağın nəyi pisdir?.

“Necə oldu bu vəziyyətə düşdük” sualı da bir qədər yersiz görünür. Çünki Rusiya cəmiyyəti uzun illər buna doğru gəlirdi…

Bu toplumun böyük hissəsinə sanki hava-su kimi lazımdır ki, ac olsunlar, səfalətdə yaşasınlar, elmdə, texnologiyada geri qalsınlar, məhrumiyətlərə düçar olsunlar, amma əsas odur “böyük” olsunlar, ətrafda hamı onlardan qorxsun və “baş əyməyə” məcbur olsun! Bunlar üçün əsas məsələ odur ki, Rusiyanın ərazisi daha böyük olsun – “nə qədər böyük olsa bir o qədər yaxşıdır”.

Kimin üçün, nə üçün yaxşıdır – bilən yoxdur. Bu adamlar yalnız məkan kateqoriyası tanıyır və bunun üzərindən mülahizə yürüdürlər. Hansı ki, Rusiyanın ucsuz - bucaqsız ərazilərinin böyük qismi, böyük şəhərlər istisna olmaqla, əksər yaşayış məntəqələri onsuz da baxımsız, yolsuz, kanalizasiyasız, səfalət içindədir. Belə ərazilərə daha bir neçə min kvadrat kilometr əlavə etmək üçün bir milyondan çox insanı tələf etməyin, qonşu xalqı, ölkəni və qismən də özünü viran qoymağın nəyə lazım olduğunu isə soruşan, bilən yoxdur.

Bu şovinist və imperiyaçı mentalitet “Rusiyanın sərhədləri yoxdur” deyən Vladimir Putinin dövründə daha da “qanadlanıb”, böyüyüb və aqressivləşib. Müharibə dövründə daha da qızışan bu abu-hava təkcə qonşu və uzaq dövlətlərə, xalqlara deyil, Rusiyanın öz daxilindəki qeyri millətlərə qarşı da aqressiyanı, nifrəti, təhdid və təzyiqi artırıb…


Bu gün nəinki qeyri millətlərə, rusların özünə divan tutan, ziyalılarını, alimlərini, genrallarını məhv edən, bütöv xalqları sürgünə göndərən, repressiyalarla milyonlarla insanın həyatına və taleyinə son qoyan İosif Stalin kimisi yenidən Rusiya cəmiyyətinin ”kumirinə” çevrilməkdədir, siyasi tok-şoularda tez-tez ona istinadlar edilir, Vladimir Putin səviyyəsində ona haqq qazandırılılr, ayrı-ayrı şəhərlərdə onun büstləri, heykəlləri peyda olur. Ötən günlərdə onun büstü Volqoqrad Tibb Universitetinin fasadına qaytarılıb. Onun bu barelyefi 1961-ci ildə götürülüb və indi yenidən Marks, Engels və Leninin yanında qoyulub. Budur müasir Rusiyanın mənzərəsi…

Bu gün Rusiya hakim siyasi isteblişmentində ayıq və ağzı söz tutan kim tapılırsa, hamısının “ağzından od yağır”. Xüsusilə də son günlər yenə Ukraynaya, hətta Böyük Britaniyaya nüvə zərbəsi endirilməsi barədə Duma deputatlatrından Kremlə yaxın müxtəlif “politoloqlar” və təbliğatçılara qədər hər yandan “apokalipsis” çağırışları, təhdidləri çoxalıb.

Niyə? Çünki “dünyanın ikinci ordusu” özündən dəfələrlə kiçik və zəif Ukrayna ordusu ilə cəbhədə, döyüş meydanında bacara bilmir. Çünki rus ordusu muzdlular, pulla döyüşənlər ordusuna çevrilib. Orada müharibə üçün həbsdən azad edilən ağır cinayətlər törətmiş residivistlərdən, qatillərdən tutmuş narkotik satanlara qədər kim desən var.

Artıq rusların və qeyri millətlərin böyük hissəsi müharibəyə Vətən, şərəf, ləyaqət və sair üçün yox, pul üçün gedir. Rusiya təbliğatçılarından birini dediyi kimi, “Taras”lar (ukraynalılar) “İvan”lardan (ruslardan) daha tez qurtaracaq, çünki “İvan”lar daha çoxdur. Ancaq faktiki olaraq “İvan”lar daha sürətlə qırılır, ona görə bu “formula” işləməyə də bilər. Ən əsası həmin təbliğatçıdan soruşan yoxdur ki, axı bu adamlar, həmçinin, qeyri millətlər nə üçün, kimin üçün qırılırlar?...

Rusiya üçün təhlükəli olan həm də odur ki, bu şəxslər geri dönəndən sonra da pulla adam öldürməyə, üsyan, hətta çevriliş etməyə hazır olacaqlar. Putini narahat edən və müharibəni bitirməyə qoymayan səbəblərdən biri də bu göstərilir.

Əksər analitiklərin də dediyi kimi, bu gün Putinin repressiyalardan və aşağı-yuxarı Şimali Koreya idarəçiliyi variantından başqa yolu qalmayıb. Ona görə Lavrov Şimali Koreya ilə eyni kampaniyada olmaqda pis heç nə görmədiyini deyir.


Təəssüf ki, Rusiyada bir çox tanınmış incəsənət adamları da bu siyasəti dəstəkləyir. Bəzən ən gözəl əsərləri, ən gözəl bəstələri, ən gözəl filmləri, ən gözəl rolları ən keyfiyyətsiz, mənəvi cəhətdən çürük adamlar yaradır. Rusiya ədəbiyyatında, incəsənətində buna dair Dostoyevski başda olmaqla, bir çox nümunələr var. Müasir Rusiyada isə Nikita Mixalkov, Vladimir Bortko, Valeri Qerqiyev və sair bu kimi dünyaca ünlü və istedadlı sənət adamları bunun bariz nümunəsidir. Bu rejissorlar, dirijorlar, bəstəkarlar, rəssamlar - incəsənət adamları, insanlara sülh, sevinc, mənəvi dəyərlər, humanizm aşılamaq əvəzinə Putindən Ukraynaya və digər ölkələrə qarşı daha amansız olmağı, hətta nüvə silahı atmağı tələb edirlər.

Bütün bunlar təsadüfi, yaxud tək Kremlin sifarişi deyil. Təəssüf ki, həm də böyük hissəsinin qanı zatən əsrlər boyu şovinizm, qatı millətçilik, imperiyaçılıq və s. ilə yoğrulan, üstəlik də Kreml təbliğatı ilə daha da zəhərlənən toplumun sifarişidir. Hakimiyyət özü də artıq ruslara imperiyaçılıqdan başqa heç bir ideologiya təklif edə bilmir. Lakin bu təklifin özü belə sınıq-salxaqdır. Çünki Kremlin özündə puldan və hakimiyyətdən başqa heç bir ideologiyaya daxili inam yoxdur, imperiyaçılıq isə şırmadır. Əks halda, Rusiyanın böyük sərvətləri Putinin ətrafındakılar arasında pay - pürüş edilməzdi....

Nüvə zərbəsi tələb edən həmin insanlara gəlincə, onlar başa düşmək istəmir ki, Ukrayna da Rusiya AES-lərini vura bilər, nüvə komponenti daşıyan PUA-lar, raketlər, “çirkli bombalar” ata bilər. Anlamırlar ki, Ukrayna olmasa, Urala qədər Rusiya əraziləri də olmaya, yaşanması mümkünsüz ərazilərə çevrilə bilər.

Ən pisi də odur ki, dünyada bu prosesi dayandıra bilən, yaxud dayandırmaq istəyən böyük güc, yaxud güclər gözə dəymir. Artıq nüvə silahı daha çox divardan asılan və nə vaxtsa mütləq atacaq tüfəngi xatırladır. Həmin vaxt isə təəssüf ki, istənilən an gələ bilər…

C.Məmmədli

“AzPolitika.info”