“Naxçıvan aeroportunda ümid göylərdən də kəsilib. Yalançı ildırım çaxması, bir-iki damcı yağış yağması münasibəti ilə iki reysə saatlarla gecikmə verilib, bizim reysdən isə hələ də xəbər yoxdur! 30 ildir gedib-gəlirəm, amma son bir neçə aydakı qədır problem görməmişəm, eşitməmişəm…”

“AzPolitika” xəbər verir ki, bu sözləri “Hədəf” şirkətlər qrupunun rəhbəri Şəmil Sadıqov “Faebook” səhifəsində paylaşıb. 

Gecə Naxçıvan Hava Limanından canlı yayım açan şirkət rəhbəri aiva reyslərin təxirə salınmasından ciddi narazılıq edib:

“Hazırda Bakıya gəlməyə çalışırıq. Bizim təyyarəmiz saat 01:10 radələrində uçmalıdır, amma bizdən öncəki daha iki reys yubanır, bizə mesaj gəldi ki, bu gücə Bakıya getməli olan təyyarə sabah axşam saat 21-:00-da uçmalıdır. Böyük biabırçılıqdır, nə tufan, nə boran var, gerçək səbəbini bilmirik. Nə qədər insan bu əziyyəti çəkir. Ümumilikdə 24 saat ərzində 5 hava reysi gecikir və bu da Naxçıvan sakinlərinin Azərbaycanın qalan hissəsi ilə əlaqəsində problemlər yaranır. Ümid Zəngəzur yolunun açılmasına qalıb, bəlkə o zaman nələrsə düzələr...”

Qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) QSC son aylarda dəfələrlə Naxçıvana və oradan paytaxta aviareyslərin təxirə salınması ilə bağlı dəfələrlə açıqlamalar yayıb. Yeganə səbəb kimi hava şəraitinin əlverişsiz olması göstərilib. Maraqlı məqam odur ki, daha əvvəl eyni səbəbdən təyyarə reyslərində bu qədər gecikmələr baş verməyib. Bu da sərnişinlərdə şübhələr və narazılıqlar yaradır.

Hazırda Naxçıvan Muxtar Respublikası sakinlərinin Azərbayanın digər bölgələri ilə yeganə əlaqəsi hava nəqliyyatı ilə həyata keçirilir. Quru sərhədlər bağlı olduğuna görə İran üzərindən gerçəkləşdirilən avtobus reysləri ləğv edilib. Uçuşlar AZAL tərəfindən gündəlik 8 reys (gediş-gəliş-red.) olmaqla təmin olunur. Aviabiletlərin qiyməti 60 manatdır, məbləğ dövlət tərəfindən tənzimlənir və subsidiyalaşdırılır.

Tədris ilinin başlanması ilə əlaqədər sentyabr ayının birinci yarısında hər iki istiqamət üzrə biletlərə tələbat kəskin artır. Məntiqlə, aviaşirkət əvvəldən proqnozlaşdırılan bu vəziyyəti sabitləşdirmək üçün tədbirlər planı hazırlamalıdır. Amma göründüyü kimi, ortalıqda daha ciddi problem var: aviareyslər gecikir, sərnişinlər hava limanında saatlarla gözləmək məcburiyyətindədirlər.

“AzPolitika” yaranmış vəziyyətlə bağlı “AZAL” QSC-yə sorğu göndərib.

“AZAL”dan sorğunuza cavab olaraq bildirilib ki, Bakı–Naxçıvan–Bakı marşrutu üzrə əlverişsiz hava şəraiti səbəbindən iki reysdə gecikmə baş verib və həmin reyslər hava şəraiti sabitləşdikdən sonra bərpa olunub. Həmçinin digər reyslər də ştat rejimində yerinə yetirilir”.

Məlumatda daha sonra qeyd olunur:

“Bununla yanaşı, hava limanında səmanın açıq görünməsi uçuş üçün bütün marşrut boyunca əlverişli şəraitin olması demək deyil. Hava limanı ətrafında, eləcə də qalxma və enmə marşrutunda müxtəlif yüksəkliklərdə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi, ildırım və turbulentlik kimi hallar müşahidə oluna bilər. Yer səviyyəsindən görünməyən bu amillər uçuşun təhlükəsiz yerinə yetirilməsinə təsir göstərir. Buna görə də reyslərin gecikdirilməsi və ya təxirə salınması barədə qərarlar aktual meteoroloji məlumatlar və uçuş təhlükəsizliyi tələbləri əsasında qəbul edilir. Hava şəraiti sabitləşdikdən sonra gecikmiş reyslərin sərnişinlərinin daşınmasını operativ təmin etmək üçün əlavə reyslər təşkil olunur, zərurət yarandıqda daha böyük tutumlu təyyarələrdən istifadə edilir.

Tədris ilinin başlanması ərəfəsində artan sərnişin tələbatı da nəzərə alınır. Bakı–Naxçıvan–Bakı marşrutu üzrə tələbat mütəmadi izlənilir və buna uyğun olaraq əlavə reyslər təyin olunur. Sərnişinlərə, xüsusilə səfərlərin intensivləşdiyi dövrlərdə, səyahətlərini əvvəlcədən planlaşdırmaq və biletlərini mümkün qədər erkən əldə etmək tövsiyə olunur.

Qeyd edək ki, Azərbaycan Hava Yolları üçün sərnişinlərin təhlükəsizliyi əsas prioritetdir və uçuşlarla bağlı bütün əməliyyat qərarları bu prinsip əsasında qəbul olunur".


Rasim

“AzPolitika.info”