Ermənistan parlamentində müxalif “Ermənistan” və “Şərəfim var” partiyalarının “Dağlıq Qarabağa dair” bəyanatı müzakirəyə çıxarılıb.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, əsas təşəbbüskarı Robert Koçaryanın partiyası olan bəyanatda Azərbaycanın ünvanına xeyli şər-böhtan və ittihamlar yer alıb. Həmçinin, sənəddə xüsusi qeyd edilib ki, Ermənistan rəhbərliyi Minsk Qrupu formatından kənarda hər hansı danışıqlarda iştirak etməməli və heç bir sənədə imza atmamalıdır.
Belə görünür ki, bu müddəa xüsusi olaraq, noyabrda gözlənilən ölkə başçılarının üçtərəfli görüşü və yeni sənədlərin imzalanmasına dair məlumatlara cavab olaraq üzə çıxarılıb. Demək, Koçaryan və tərəfdarları Azərbaycanla Ermənistan arasında Moskvada, yalnız Rusiyanın vasitəçiliyilə imzalanacaq hər hansı bir razılaşmanın, müqavilənin əleyhinədir.
Bununla yanaşı, bəyanatda hökumət tənqid edilir və onun Ermənistan ordusunun yenidən qurulması və s. məsələlərlə bağlı hesabatla çıxış etməsi tələb olunur.
Bəyanatı müxalif deputat Tiqran Abramyan oxuyub. Lakin ondan sonra çıxış edən hakim partiyanın nümayəndəsi Ayk Koncoryan bəyanatın əleyhinə olduqlarını bildirib. Deputat Paşinyanın partiyasının mövqeyini onunla əsaslandırıb ki, sənəddəki bir çox ifadələrlə və daxili siyasətə dair tənqidlərlə razı deyillər. Ona görə də belə bir bəyanatın qəbulunun əleyhinədirlər. Bundan sonra səsvermə keçirilib. Lakin hakim partiya səsvermədə iştirakdan imtina etdiyi üçün bəyanat qəbul olunmayıb.
Cəlal
“AzPolitika.info”

Şərhlər