Bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid Hümbətov Azad Arif oğlunun anım tədbiri keçirilib.
“AzPolitika.info” xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən anım mərasimində Milli Məclisin vitse-spikeri Adil Əliyev və deputatlar, eləcə də Müdafiə Nazirliyinin rəsmi şəxsləri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev başda olmaqla rayon rəhbərliyi, ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin məzarı ətrafına toplananlar tərəfindən Vətən Müharibəsi Qəhrəmanının məzarı üzərinə əklil və gül dəstələri qoyub, xatirəsi hörmət və ehtiramla yad edilib.
Həmçinin, Nərimanov Rayon İcra Hakimiyyəti şəhid qəhrəmanın ruhuna paytaxt restoranlarının birində ehsan verib, şəhidin ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər Azad Hümbətovun qısa, lakin şərəfli həyat yolu barədə danışıblar. Anım mərasimində 44 günlük Vətən Müharibəsini əks etdirən videoçarx da nümayiş etdirilib. Mərasimdə Milli Məclisin sədr müavini, millət vəkili Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və millət vəkili Hikmət Məmmədov çıxış edərək qeyd etmişlər ki, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, xalqımızın həmrəyliyi nəticəsində qazanıldı. Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında vurğuladı ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. O vurğuladı ki, dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. İcra başçısı bildirdi ki, 27 sentyabr - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın, eləcə də 3000 nəfərədək soydaşımızın iştirak etdiyi və başları üzərində tutduqları şəhid portretlərindən biri də Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun və şəhid Qasısımov Şəhriyarın portretləri olmuşdur. Anım mərasiminin qürurverici anlarından biri də həmin portretlərin şəhidlərin valideynlərinə təqdim edilməsi olmuşdur.

Mərasiminin sonunda şəhid Azad Hümbətovun atası Arif Hümbətov ailəsi adından çıxış edərək, hərtərəfli dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıq edib.
Qeyd edək ki, şəhid Azad Hümbətov Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə ölkə başçısı tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Hümbətov Azad Arif oğlu 1996-cı il yanvarın 24-də Bakı şəhərində dünyaya gəlib.
2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olan A.Hümbətov 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi alaraq başa vurub.
Təyinatı üzrə elə eyni ildə Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə xidmətini davam etdirib.
Şəhidimiz 2018-ci il “Azərbaycan Ordusunun 100 illiyi” münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşıyıb. Daha sonra “Silahli Qüvvələrin 100 illiyi” medalı ilə təltif olunub.
A.Hümbətov vətəninə, torpağına bağlı qəhrəman oğullardan biri olub. Həyatını hərbiyə bağlayan qəhrəman şəhidimiz Silahlı Qüvvələrin təlim və tədris mərkəzində 45 günlük zabit heyətinin təkmilləşdirmə kursunda iştirak edib. Kursu müvəffəqiyyətlə başa vurduğu üçün baş leytenant rütbəsi alıb.

Müharibənin başladığı ilk günlərdən A.Hümbətov ön cəbhədə gedən döyüşlərdə iştirak edir. Füzuli, Qubadlı, Laçının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edir. Döyüş zamanı A.Hümbətovun komandanlıq etdiyi tank minaya düşür. Özü ayağından yaralanır. Lakin buna baxmayaraq tankı idarə edən mexanikin daha ağır xəsarət aldığını görərək özündə güc toplayır və yaralı silah yoldaşını 25 km belində daşıyaraq meşə ərazisinə gətirir.
Çətinliklə 2 gün yaralı halda öz döyüş yoldaşını daşıyır və nəhayət 2 gündən sonra öz döyüş postlarına gəlib çata bilir. Bundan sonra Azadın vəziyyəti ağırlaşdığı üçün onu müalicə almaq üçün Beyləqana göndərirlər. Lakin, A.Hümbətov müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdır.
Tank tağımı komandiri olan qəhrəman şəhidimiz Azad Hümbətov öz həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirməyə nail olub. Dəfələrlə öz döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxaran cəsur döyüşçümüz Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
A.Hümbətov İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb. Ruhun şad olsun...
Şanlı tariximizin ən parlaq səhifəsi olan Vətən müharibəsində qazanılmış qələbəyə görə Azərbaycan xalqı hər zaman qəhrəmanlarımıza minnətdardır. Şəhidlərimizin müqəddəs ruhu hər birimiz üçün əzizdir.
“AzPolitika.info”







Şərhlər