VARLILAR ÜÇÜN “VERGİ CƏNNƏTİ”, KASIBLAR ÜÇÜN “CƏRİMƏ İQTİSADİYYATI” – Azərbaycanda varlı təbəqəyə xüsusi vergilər niyə tətbiq olunmur?

2022-ci ilin dövlət büdcəsində Vergi Məcəlləsinə edilən növbəti dəyişikliklər, eləcə də cərimələr, rüsumlar və digər ödənişlərlə bağlı nəzərdə tutulan artımlar hökumətin yenə də əhalidən və sahibkarlardan mümkün qədər çox vəsait cəlb etməklə büdcəni doldurmaq niyyətində olduğundan xəbər verir. Təəssüf ki, növbəti ildə də əvvəlki illərdə olduğu kimi, nəticə etibarilə əhalinin sosial cəhətdən zəif təbəqəsi, eləcə də kiçik və orta sahibkarlıq subyektləri bu dəyişikliklərin mənfi təsirlərini öz üzərlərində daha çox hiss edəcəklər. İri biznes, yüksək vəzifəli məmur və oliqarxiya təbəqəsi isə həmişəki kimi öz kefində olacaq...

Hökumətin büdcə gəlirlərini təmin etmək üçün əhali arasında narazılıqla qarşılanan istənilən qeyri-populyar addımı atmaqdan çəkinməməsi, qiymət, rüsum, cərimə artımına, vergi sərtləşdirilməsi tədbirlərinə əl atması düşündürücüdür. Ən azından ona görə ki, Azərbaycanda nisbətən kasıb əhali və kiçik biznes subyektləri zatən ağır durumdadır. Varlı təbəqə isə onlardan fərqli olaraq, qat-qat daha geniş vergi və rüsum yığımı bazasına malikdir. Kasıb əhali onsuz da artıq “bir həsir qalıb, bir də Məmmədnəsir” vəziyyətindədir, varlı təbəqə isə nə pandemiya, nə də iqtisadi böhrandan ciddi zərər görür, əksinə, varlandıqca varlanır. Çünki Azərbaycanda bu təbəqənin gəlirləri heç də bazar iqtisadiyyatı qanunları yox, tamam başqa “kriteriyalar”, mənbələr əsasında formalaşır. Paradoks da ondadır ki, bu qeyd edilənlərə baxmayaraq, hökumətin büdcə yığımlarına cavabdeh strukturlarının gözü varlı məmur, iri biznes, oliqarxiya təbəqəsinin yox, yenə də kasıb əhalinin cibindədir...

Dünyada varlı kəsimin müxtəlif vergi və rüsum növlərinə cəlb olumasına dair çoxlu sayda nümunələr göstərmək olar. Bunun nəticəsidir ki, belə ölkələrdə varlı təbəqənin büdcə gəlirlərinin formalaşmasındakı payı Azərbaycanla müqayisə olunmayacaq qədər çoxdur. Azərbaycanda varlılar varlı olduqlarına görə daha çox pul ödəməli olduqlarını demək olar ki, yalnız ölkəyə özləri üçün iri mühərrik həcminə malik avtomobil gətirəndə gömrük rüsumu ödəyərkən və bir də öz lyuks maşınlarına premium markalı benzin tökərkən hiss edirlər. Digər ödəniş və rüsumlarda varlı təbəqə kasıb əhali ilə eyni tutulur. Hansı ki, bu təbəqənin büdcəyə, dövlətə daha böyük xeyri dəyə bilər və dəyməlidir də. Bu gün Badamdardan Şüvəlana, Qəbələdən Şəkiyə, Gəncədən Qazaxa, Lənkərandan Qubaya kimi minlərlə, on minlərlə, bəlkə də daha çox sayda qiyməti yüz minlərlə, milyonlarla ölçülən villalara, malikanələrə rast gəlmək olar. Hələ paytaxt Bakının mərkəzindəki bahalı mənzilləri demirik. Niyə onlar qiymətləndirilib, vergiyə cəlb olunmasın? Bunlar hamısı vergi tutulması üçün real və ciddi mənbələrdir.

Təbii qazı camaata limitlə və ildə bir neçə dəfə bahalaşdıraraq satanlar zəhmət çəkib bahalı əmlaklara malik olanlara da uyğun münasibət göstərsinlər, ən azından yüksək dərəcə ilə əmlak vergisi tətbiq etsinlər. Qiymətləri, rüsumları, vergiləri artırmaq, əvəzində əlilə, pensiyaçıya çox pul verməmək üçün müxtəlif dolaşıq sxemlər, mexanizmlər, limitlər və s. tətbiq edənlər gözlərinin qarşısındakı iri malikanələri, obyektləri və s. görmürlər? Axı, onları vergiyə cəlb etmək üçün daha sadə mexanizmlər var. Bəs, niyə onlardan istifadə olunmur?

Görünən odur ki, 1000 manat maaşla milyonluq villalarda yaşayanlara nə hökumətdəki müvafiq nəzarət strukturlarının, nə hüquq-mühafizə orqanlarının, nə məhkəmələrin, nə də vətəndaş cəmiyyətinin gücü çatır. Belədə, bəlkə vergi orqanı qabağa dursun? Deyək ki, belə məmur-oliqarxların büdcədən oğurladıqlarını əllərindən alıb, geri qaytarmaq çətindir, o zaman heç olmasa millətin, büdcənin hesabına tikilən malikanələrdən, iri obyektlərdən vergi tutulmasına nail olunsun. Axı, bu gün dənizi belə hasara alıb ucu-bucağı görünməyən sahələrə yiyələnənlər, milyonluq malikanələr tikənlər nəinki əmlak vergisi ödəyir, heç yandırdığı qazın, işığın pulunu belə vermək istəmirlər. Bu harınlamış təbəqə bilir ki, malik olduğu cah-cəlala görə ondan nə hesab soran, nə vergi tələb edən, nə də “bunu hansı pulla almısan”,- deyə sorğu-sual edən yoxdur. Çünki bunu soruşmalı olanların, məsələn, hüquq-mühafizə orqanlarının özləri də onlardan çox geri qalmır...

Əslində, iri mülklər, obyektlər və digər tikililərlə yanaşı, eyni qaydada bahalı, lüks avtomobillər üçün də xüsusi vergi tətbiq etmək olar. Hansısa məbləğ müəyyən etmək olar ki, ondan artıq qiyməti olan maşınlardan dəyərinə görə vergi tutulsun. Bütün bunları edə biləcək mütəxəssislər də olmamış deyil. Məsələn, Dövlət Gömrük Komitəsində oturub, dərmandan oyuncağa, parfümeriyadan boyalara qədər bütün məhsullara rəsmi sənədlər yox, “bazar dəyərinə uyğun” qiymət qoyanları bu işə cəlb etmək olar... 

Bütün bu qeyd etdiklərimiz və sadalamadığımız bir çox digər vergi növlərinin, rüsumların tətbiqi əksər ölkələrin təcrübəsində var və onlardan varlı təbəqənin sosial məsuliyyət hiss etməsi, ölkənin büdcəsinə xeyir verməsi üçün istifadə olunur. Azərbaycanda isə hər il büdcə zərfində və ümumilikdə qanunvericilikdə, eləcə də Tarif Şurasının qərarlarında yalnız kasıb və orta təbəqənin maraqları ilə ziddiyyət təşkil edən “yeniliklər” görürük. Varlı təbəqə isə sanki ömürlük “sığorta kəməri”nə malikdir və bütün ziyanlı qərarlar ondan yan keçir.

Bir sözlə, ölkəmizdə uzun illər davam edən iqtisadiyyatın, büdcə siyasətinin azərbaycansayağı idarəetmə modeli ölkənin sosial-iqtisadi mühitini varlılar üçün “vergi cənnəti”, kasıblar üçünsə bahalaşma və cərimə iqtisadiyyatı şəklinə salıb. Hansı ki, bunun tam əksi olmalı idi...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Veten dashi 2022-01-19 10:16:44

Ünvanli sosial yardımın proqramını elə tərtib ediblər ki,bir dəfə müraciət edən ikinci dəfə müraciət etmək istəmir.İsmarıc göndərələr ki bu catışmır düzəldib verəsən. 2 nəfər bədbəxt ücün dəstək vermək istədim peşiman oldum.

Şəki-Bazar ASC-nin səhmdarı 2021-11-25 21:16:38

Həqiqətəndə imkanlı şəxslər vergi ödəməyirlər, vergini ödəyənlər yalnız kiçik sahibkarlardır. Şəki-Bazar ASC -i ildə ən azı 500,0 - 600,0 min manat vergidən yayınmasına baxmayaraq aidiyyatı qurumlar tərəfindən göz yumulur ???

c 2021-11-25 21:06:02

Əmlak vergisi, komunnal xidmət haqqları ödənilmyən bahalı mülklər dərhal dövlət hesabına müsadirə edilsin!

Səbuhi 2021-11-25 04:11:45

Bu sd adı ilə yazan onlardan biri deyil, onların puluna əli çatanlanlardandır.

sd-yə 2021-11-24 23:49:10

varlı olmaq olar,ancaq vicdanla bizneslə məşğul ol qazan. Məmurların biznesi haramçılıqdır oz millətini xaincəsinə atır talayır və varlarır. Yetimin bir bir iş görüb 5 manat qazananda da müəyyən səviyyəyə çatanda tutub əlindən alırlar. ...

cd 2021-11-24 20:53:24

Nədənsə Azərbaycanda varlı olmaq ayıb sayılır,varlı olmaq,yaxşı yaşamaq hər bir insanın haqqıdır,heç kimin haqqı yoxdur ki,kiminsə əmlakını,pulunu varlı olduğu üçün alsın.Proletar fikirləri yaymayın,bu zərəlidir.

Habil 2021-11-24 20:24:07

Əslində qərbi avropa ölkələrində dəbdəbəli həyata verqi çoxdan tədbiq edilir və kifayət gədərdə uğurludu ama bizdə bu yoxdur

məzlum 2021-11-24 19:22:27

harınlamış məmurlar xalqı acından qırıb qurtaracaq!

Pensiyaçı 2021-11-24 18:37:24

Bu limitləri, cərimələri kasıb təbəqə 'təttbiq edənləri kimdir? .Bunlar hamıya. bəlli vəzifəəyə qiyulmuş,yüksək maaş alaniqtidara yaxın.qohum,yerli və tanışlar, layoq olçasıqları maaşı alan "deputatlar"dır....

Niyaməddin 2021-11-24 17:02:13

Kasıbların haqqını yeyənlərə Allahın lənəti olsun!

Sd-yə 2021-11-24 15:29:22

Sd adıyla şərh yazan, varlı təbəqə doğrudan da çoxdan harınlayib. Deyəsən sn də deyəsən onlardan birisən.

Sd-yə 2021-11-24 15:19:25

Sd adıyla şərh yazan, varlı təbəqə doğrudan da harınlayıb. Sən də deyəsən onlardan birisən.

sd 2021-11-24 14:31:24

Demaqoqcasına və savadsız yazılmış məqalədir,belə yanaşma qaçaq Nəbidən qalıb.

Rafael 2021-11-24 14:06:12

Çünkü vergi yığanlarda, nəzarət edənlərdə, mühakimə edənlərdə onlardan biridir. Odur ki, aöla batan deyil

Vətəndaş 2021-11-24 13:45:34

Sanki bir talançı komandadır ölkəni çapıb talayırlar. ....Xahiş edirəm bunu verin.

Son yazılar