Demokratik ölkələrin idarəçiliyi və cəmiyyətin inkişaf qanunları - Fəxrəddin Mehdiyevin yazısı

Hakimiyyətin (horizontal) bölgüsü qanunu

IV məqalə

Fəxrəddin Mehdiyev

Hakimiyyətin bölgüsü ideyası böyük mütəfəkkirlər C.Lokk, Ş.L.Monteskyö tərəfindən irəli sürülüb. Bu ideyanın məqsədi hakimiyyətin bir əldə cəmləşməsinin qarşısını almağa yönəlmişdi. Çünki hakimiyyətin bir əldə cəmləşməsinin cəmiyyət həyatında ağır nəticələr doğurduğu məlum idi. İlk dəfə bu ideya ABŞ Konstitusiyasında (1787-ci il) öz əksini tapıb.

ABŞ Konstitusiyasına görə qanunverici hakimiyyət ABŞ Konqresinə məxsusdur. Prezident xalqın ümumi səsverməsi ilə seçilir. Konqres hökümətə ehtimasızlıq göstərib istefaya göndərə bilməz, eləcə də prezident Konqresi buraxıb növbədənkənar parlament seçkiləri keçirə bilməz. Lakin Konqres impiçment prosedurasının köməyi ilə prezidenti, hökumətin üzvlərini, federal hakimləri vəzifələrindən kənarlaşdıra bilər.

Hökumət prezident tərəfindən formalaşdırlır, lakin hökumətin tərkibi Konqresin palatası olaraq Senat tərəfindən təsdiq edilir. Prezident tərəfindən təyin edilən hökumət üzvlərinin namizədliyi Senat tərəfindən təsdiq olunmadan onlar vəzifələrinin icrasına başlaya bilməzlər.

Prezident federal icra hakimiyyətinin başçısıdır. Konqres icra hakimiyyətinə münasibətdə prezident administrasiyası tərəfindən qanunların necə icra olunmasına, büdcə vəsaitlərinin necə xərclənməsinə nəzarəti həyata keçirir. Prezident fəaliyyətində icra fərmanları verir, Konqres həmin fərmanları ləğv edə bilməz, lakin Ali Məhkəmə hesab etsə ki, bu fərmanlar Konstitusiyaya ziddir, belə halda Ali Məhkəmə həmin fərmanları ləğv etmək səlahiyyətinə malikdir.

Göründüyü kimi, ABŞ Konstitusiyası hakimiyyət bölgüsünün unikal sistemini yaradıb və bu öz üstünlüyünü təsdiq edib. ABŞ-ın dünyada nüfuzu, inkişafdakı lokomotiv rolu və böyük imkanlar ölkəsi kimi tanınması bu sistemin nəticəsidir.

Sonraki dövrlərdə hakimiyyətin bölgüsü prinsipi digər demokratik ölkələrin konstitusiyalarında da təsbit edildi. Prezident idarəçiliyində, eləcə də parlament idarəçiliyi sistemində qanunverici hakimiyyət, hakimiyyətin digər qollarının yaradılmasında həlledici rol oynayır.

Qanunverici hakimiyyət səlahiyyəti xalqdan, seçicilərdən alır, icra və dövrü olaraq məhkəmə hakimiyyətini, siyasi elitanı formalaşdırır, ölkənin siyasi kursunu, sosial - iqtisadi inkişaf istiqamətlərini müəyyən edir. Parlamentarizmin inkişafında siyasi partiyaların rolu böyükdür. Siyasi plüralizmin mühüm forması çoxpartiyalılıqdır.

Müasir dövrdə partiya sisteminin iki növü təşəkkül tapıb: ikipartiyalı və çoxpartiyalı sistem. İkipartiyalı sistemin nümunələri ABŞ və Böyük Britaniyadır. ABŞ da Demokratlar və Respublikaçılar partiyası, Böyük Britaniyada Konservatorlar və Leyboristlər partiyası siyasi mübarizədə rəqabət aparırlar. Bununla bərabər, həmin ölkələrdə seçkilərdə müstəqil olaraq kiçik partiyalar da iştirak edirlər, lakin ölkənin siyasi həyatına ciddi təsir göstərə bilmirlər.

Müasir Avropa ölkələrində isə siyasi həyatda çoxpartiyalı sistem mövcuddur və demək olar ki, bütün siyasi cərəyanlar - mühafizəkarlar, liberallar, sosial-demokratlar, sosialistlər, millətçilər və son illər yaşıllar və s. parlament seçkilərində mübarizə aparırlar. Siyasi rəqabət şəraitində, azad, bərabər, ədalətli seçkilər yolu ilə parlamenti formalaşdırırlar. Misal üçün, Avstriya, Almaniya, Finlandiya, Danimarka, Niderland, İsveç, Norveç, İsrail və s. demokratik, inkişaf etmiş ölkələrdə parlamentlər dörd il müddətinə proporsional sistem üzrə formalaşdırılır. Parlamentlərin dörd il müddətinə seçilməsi siyasi elitanın təzələnməsinin optimal müddətini, proporsional sistem isə siyasi partiyaların rəqabətli mübarizəsini təmin edir.

Belə bir sistem imkan verir ki, siyasi rəqabət şəraitində bütün siyasi partiyalar seçicilər qarşısında öz proqramları ilə çıxış etsinlər. Seçkinin nəticələrinə uyğun olaraq, hakimiyyətə gəldikləri təqdirdə proqramlarının həyata keçirilməsində kollektiv məsuliyyət daşıyırlar. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, demokratik siyasi həyat tərzi istefa mədəniyyəti və ənənəsini də yaradıb. Bu da siyasi həyatda mənəvi məsuliyyətin forması kimi çox önəmlidir.

Prezidentli, parlamentli və prezidentli–parlamentli (qarışıq tip) respublikalarda parlamentin icra hakimiyyətinin (hökumətin) fəaliyyətinə nəzarətdə böyük səlahiyyətləri var. Parlamentli respublikada isə hökumət parlament tərəfindən formalaşdırılır və zərurət yarandıqda istefaya göndərilir.

Azərbaycandakı hakimiyyət bölgüsünü müasir demokratik ölkələrdəki hakimiyyət bölgüsü ilə müqayisə etmək olmaz: Proporsional sistem mövcud deyil, ona görə də seçkilərə siyasi partiyalar nəzarət edə bilmir, parlamentdə siyasi partiyaların mübarizəsi yoxdur, qanun layihələri icra hakimiyyətindən daxil olur, ən əsası, parlamentin icra hakimiyyətinin fəaliyyətinə nəzarət funksiyası yoxdur.

Korrupsiya, monopoliya, işsizlik, və s. sosial-iqtisadi problemlər nəticələrdir. Səbəbləri aradan qaldırmaq lazımdır. Səbəblərdən biri də hakimiyyət bölgüsü problemidir. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar