NOBELÇİNİN İKİ MÜHÜM NARAHATÇILIĞI...

Məmməd Talıblı

II yazı

Aziz Sancarın məruzəsindən sonra tədbirin növbəti günündə başqa bir nobelçinin də çıxışı olacaqdı. Nobelçinin maqnit cəlbediciliyi növbəti gündə fərqli paneldə iştiraka marağımı oyatdı. Bu görüşün isə əsas məruzəçisi, iqtisadiyyat üzrə nobel mükafatı lauratı Muhammad Yunus idi.

Bu görüşdə Aziz Sancar şəxsən iştirak edirdi, lakin Muhammad Yunus isə “covid-19” pandemiyası ilə əlaqəli görüşdə məruzəsini elektron media üzərində etməli oldu. Çıxışı da pandemiyanın qlobal iqtisadiyyata təsirinə həsr olunmuşdu. “Sosial biznes” nəzəriyyəsi üzrə Nobel mükafatı lauratı olan Muhammad Yunusun çıxışı zamanı çoxsaylı fikirləri diqqətimi çəkdi.

Peyvəndə əlçatanlıq və gəlir bərabərsizliyi

Dünyada “covid”ə qarşı tədbirlərin iqtisadi aspektinə diqqət çəkən Muhammad Yunus söylədi ki, qlobal miqyasda baş verən koronovirus pandemiyasına qarşı olan tədbirlər fərqli miqyasda və doğru olmayan istiqamətdə aparıldı.

Daha sonra əlavə edərək bunları söylədi: “Biz dünya üzrə sanki məhbusa, girova çevrildik. Bunun üçün bilik var idi. Bu bilik də peyvənd idi. Lakin bizdə o dərəcədə yüksək gəlir əldə etmək hissi var idi ki, bu peyvənd heç də dərhal bütün dünyada bu bəla ilə üzləşən ölkələr üçün əlçatan olmadı. Yalnız 10 bəxti gətirən ölkə oldu ki, dünyada şirkətlərin istehsal imkanlarının 80 faizi məhz onların ehtiyaclarının qarşılanmasına yönəldildi. Yerdə qalan dünya ölkələri məhz 20 faiz yerdə qalan həmin peyvəndlərlə kifayətlənməli oldular. Hətta elə ölkələr oldu ki, həmin əhalinin heç 1 faizi belə peyvəndlənmədən məhrum oldular. Bəzi Afrika ölkələri də oldu ki, hətta əhalisinin 0,5 faizi belə peyəndlənməyə əlçatımlılığı təmin edə bilmədi. Çox təəsüf ki, dünyada pandemiyaya qarşı mübarizədə bir səfərbərlik və həmrəylik deyil, bir pərakəndəlik və var. İnsanlar ön qınına çəkilib. Əgər dünyanın bir yerində insanlar peyvəndlənməyibsə, bu o demək deyil ki, dünya təhülkəsiz deyil.” 

Uzun illərdir dünyanın tanınmış tədqiqat mərkəzləri haray çəkirlər ki, qlobal miqyasda gəlir bərabərisizliyi sürətlə böyüyür. Kiçik bir azlıq hər şeyə sahib, böyük bir çoxluq isə hər şeydən məhrum vəziyyətə düşüb. Nobelçi bu mövzuya pandemiya ilə əlaqədar peyvəndlənmə aspektindən yanaşdı.

Muhammad Yunus koronovirusla bağlı dünyanın vahid mövqedən çıxış etməsinin iqtisadi əlaqələrinə də toxunaraq əlavə etdi: “Biz belə sistemlə üzləşmişik ki, dünyanın bu 10 ölkə ətrafında mərkəzləşməsi baş verir. Dünya əhalisinin 1 faizi dünya sərvətinin 99 faizinə sahibdir. Bu o deməkdir ki, dünya əhalisi bu 1 faizlik sərvətlə kifayətlənməlidirlər. Bu dəyişəndir, bu sabit bir nisbət deyil. Sabah istənilən bir rəqəm başqa cür də dəyişə bilər.”

Gələcəklə bağlı nikbinliyini gizlətməyən məruzəçi bunları da əlavə edərək: “Proseslər hələ ki, bu istiqamətdədir. “Yuxarılarda” sərvət sürətlə artır. “Aşağılarda” isə sərvət eyni templə azalır. Sərvətin konsentrasiya artır. Yoxsulluq isə məhz bu konsentrasiyanın bir nəticəsidir.”

Dünyanın hətta inkişaf etmiş ölkələrində belə gəlir bərabərsizliyinin aradan qaldırılması dövlətlərin əsas iqtisadi məqsədlərindən sayılır. ABŞ başda olmaqla Qərbdə bu tendensiya güclənir. Gəlir bərabərsizliyi təkcə bir proses deyil, eyni zamanda onun doğurduğu neqativ nəticələr də xeyli düşündürücüdür.

Dünyanın yaxın gələcəyinin taleyini düşünərkən

Dahi insanlar daha çox uzaq dünyanı düşünürlər. Dərin mətləblərə baş vururlar. Bəşəriyyətin sabahının çətinliklərindən qayğılanırlar. Salvador Dali deyirdi ki, mən hər zaman başqalarının görmədiyini görür, başqalarının gördüklərini isə görmürdüm. Bununla uzaq görən dahilər yatmış cəmiyyətləri “diri” saxlamağa çalışırlar. Onları yatmağa yox, ayıq saxlamağa çalışırlar. Məhz onların “burunlarından neçə kilometrlərlə uzağı görməkləri” bəşəriyyətin məsuliyyət aurasından çıxmasına mane olur.

Əks halda nə olar? Hərbi sınaqlar daha da artar, ekoloji balans pozular və s. Retrospektiv baxış əsasında dünyanın perspektiv narahatçılığını gözümüzün qarşısında canlandıran Muhammad Yunus müzakirə üşün növbəti mövzusunu təqdim etdi. Çox təsirli çıxış tezisi idi.

M.Yunus dünyanın yaxın gələcəyi ilə bağlı da xəbərdarlıq mesajları ilə təkcə böyük iqtisadçı olduğunu deyil, həm də məsuliyyətli bir dünya insanı olduğunu bizlərə isbatladı. 

O, öz çıxışında qlobal istiləşməyə işarə edərək söylədi: “Məlumatlara görə, 1,5 faiz selsi şkalası üzrə dünyada istilik 1,5 dərəcə artacaqdır. Əvvəlki məlumatlara görə, biz əsrin sonuna qədər 1,5 dərəcəlik həddə gəlib çatacğıq. Amma indi deyirlər ki, artıq həmin kritik həddə cəmi 10 il qalıb. Həmin fövqəladə nöqtəyə gəlib çatan zaman həyat çox mürəkkəb olacaq. Sanki bizim ümumi planetimiz yanır, evimiz dağılır. Amma biz hələ də iqtisadi artımdan, inkişafdan danışırıq. Halbuki belə getsə, biz tamamilə evsiz qalacağıq.”

Təhsil sistemi və şirkət ehtiyacları

Hazırda dünya IV sənaye inqilabından danışır. Süni intelektin gücü və innovativ inkişafın önəmi dünyanı daha yeni-yeni uğurlara həvəsləndirir. Dünya bu uğur selinin axınına qoşulub. 

Amma M.Yunus bu axına qarşı cəsarətlə üzmək gücünü ifadə edərək deyir: “Bir dayanın, düşünək və nəticələri təhlil edək”.

M.Yunus qlobal xarakter almış dünyanın innovativ yönümlü inkişafına xüsusi diqqət yetirərək və inkişafla insan taleyi arasındakı əlaqəyə vurğu salaraq bunları söylədi: “Deyirlər ki, inkişaf edirik. İnsanları robotlarla əvəz edirik. Belə çıxır ki, insanlar da işsiz qalacaqlar. Maşınlar hər şey edə bilərlər. Universitetdə mühazirələr deyirsən, aparat gəlib sənin əvəzindən mühazirələr deyəcək. Süni zəka insanın etməli olduğu hər şeyi etdi? O zaman insana nə qaldı? Universal bir proses baş verir. Bunun fərqində olmalıyıq.”

M.Yunusun “Kasıbların bankiri” əsərini oxuyan zaman diqqətimi bir məqam cəlb etmişdi. Müəllif qeyd edirdi ki, ÜDM-nin artmasına təkcə makroiqtisadi göstərici kimi deyil, həm də insan hüquqları nöqteyi-nəzərindən də yanaşmalıyıq.

Məhz insanların robotlarla əvəzlənməsi prosesinə də eyni məntiqlə - insan hüquqları nöqteyi-nəzərdən yanaşaraq qeyd edir ki, süni zəka bizdən hər şeyi alır.

Nobelçi təklif edir: ”Gəlin yeni bir şey yaradaq. Sıfır karbon emissiyası, sıfır işsizlik, sıfır insanların süni zəka tərəfindən əvəzlənməsi baş versin. Sistemi yenidən dizayn edək. Biz iş axtaran deyil, iş yaradan olaq.”

Sonda M.Yunus təhsilin məqsədlərinə yenidən nəzər salmalı olduğumuzu və onun müasir tendensiyalarla nə dərəcədə adekvatlığına xüsusi vurğu saldı. O təhsil sisteminin hazırkı vəziyyəti ilə əmək bazarı arasındakı paradoksa diqqəti cəlb etdi. 

Gənclərin inkişafı üçün daha çox önəmin verilməsini tam olaraq təqdir etməyən nobelçi haqlı olaraq təhsilin məqslədlərinin düzgün olaraq müəyyənləşməsinin vacibliyini qeyd etdi: “İndiki təhsil sistemi gəncləri sanki şirkətlər üçün hazırlayır. Biz gəncləri təhsil vasitəsilə həyat üçün hazırlamalıyıq. İndiki müasir təhsil sistemi indiki gənc nəsli balaca bir qaba yerləşdirir. Mən onları nəhəng varlıq kimi təsəvvür edirəm.”

Təhsilin məqsədləri sırasında təkcə bilik vermək və onu yaratmaq durmur. Həm də şəxsiyyət formalaşdırmaq və müstəqil xarakterə malik kamil insan yetişdirmək durur. Təhsil sistemi yalnız şirkətlərin kadr ehtiyaclarını təmin edərsə, o zaman dünyanı div şirkətlərinin ehtiyacları təhsil sistemini öz içinə almış olmazmı? Şirkətlərin ehtiyacından və yalnız əmək bazarının siqnallarından irəli gələrək təhsil sistemini ona uyğunlaşdıraraq dünyanı “marketə” və ya “fabrikə” çevirmirikmi?

Biznes ağlasığmaz gəlir gətirsə də, yenə də biznesdir. Biznes bilik deyil, əlaqələrdir. Təhsil sistemi isə yalnız şirkət ehtiyaclarının qarşılanması üşün qurulan müəssisələr deyil. Təhsil sistemi özəl sektorun obyekti olsa belə, yenə də ictimai məzmun kəsb edəcək. Çünki təhsil həm də kvaziictimai nemətdir.

Maarif xadimi, sosioloq Bill Ellon yazırdı ki: “Təhsil sualın cavabı deyil. Təhsil əslində bütün suallara cavab tapmağı öyrədir.”

Bütün mənalarda biz başa düşməliyik ki, biznes təhsili özünə işlətməli deyil, təhsil prioritetləri ilə uzlaşmanı tapmağaı bacaran subyektlər olmalıdırlar. Onu anlamalıyıq ki, təhsil uğurlu biznesmen yetişdirir. Biznes isə təhsilli insan yetişdirə bilməz. Uzaqbaşı təhsilli insanları tapıb onların uğurların sənədləşdirər. Özününkü sayar...

635x100

Şərhlər

Seyid Ənhu 2022-01-17 21:49:32

Hörmıtli laureatın fikirlərini oxuduqca insanlığın hələ nə qədər uzaqda və aşağı pillədə olduğunu fərq etdim.

Son yazılar