Menu

"Qırmızı Xaç ağ yalan danışır" - Üzeyir Cəforov

29.10.2014, 14:38
"Qırmızı Xaç ağ yalan danışır" - Üzeyir Cəforov

Hərbi ekspert Üzeyir Cəforov Beynəlxalq Qızıl Xaç Komitəsini sərt tənqid edib.

Üzeyir Cəforov 21 il əvvəl itkin düşmüş Mehman Musayevin ailə üzvlərinin BQXK-nın Bərdə ofisində olması xəbərinə reaksiya göstərib.

Hərbi ekspertin Facebook statusunda paylaşdığı fikirləri təqdim edirik:

"Dünən mətbuatda 21 il əvvəl Kəlbəcərin Çıraqlı kəndində itkin düşdüyü ehtimal olunan Mehman Musayevin ailəsinin Beynəlxalq Qırmızı Xaç Komitəsinın (BQXK) Bərdə ofisində olması haqqında məlumatı oxudum. Ola bilsin ki, kimin üçün bu məlumat adi bir xəbər rolunu oynadı. Amma, məni bu xəbərdə ən çox narahat edən, qəzəbləndirən həmən o adı yuxarıda qeyd edilən BQXK-nin həsrətlə övladından xəbər-ətər gözləyən valideynlərə komitə rəsmilərinin özlərini artistliyə vurması faktı oldu.

Dəfələrlə qeyd etmişəm və bu gün də bir daha tam rəsmi olaraq bəyan edirəm ki, BQXK kimi bir çox beynəlxalq təşkilatlar istər Bakıda, istərsə də İrəvanda öz günlərini keçirtməklə məşğuldurlar. Onlara ümid etmək, onlardan hansısa ciddi addımların atılmasını gözləmək sadəcə sədəlöhvlükdür. Görün bu harınlaşmış və az qala reallıq hissini itirmiş adamlar özlərinə necə arxayındılarsa, onlar artıq açıq şəkildə yalan danışmaqdan belə çəkinmirlər. Vallah, deyirəm bizim dözümlü xalqımızda necə də böyük səbr varmış, ilahi!! Mehman Musayevin valideynlərinə guya yeni bir xəbər vermiş kimi onlar döyüşçü qardaşımızın itkin düşmüş şəxs kimi qeydiyyata götürüldüyünü bildiriblər. Pah atonnan, nə böyük "mərhəmət", nə böyük "diqqət". Özləri də gözəl bilirlər ki, M.Musayev kimi övladının nə ölüsündən, nə də dirisindən xəbət tutmaq istəyən valideynlərin sayı minlərlədir.

Onların təkcə qeydiyyata alınması deyil, onlarla bağlı hərtərəfli araşdırma aparmaq lazım idi ki, heç olmasa BQXK-nın qapısına üz tutmuş valideynlərə əlavə məlumat verilə bilərdi. Hardan əlavə məlumat olacaq ki, əgər bu beynəlxalq qurumlar adicə hazırda Xankəndində məhkəmə adı altında olan girovlarımız Şahbaz Quliyevlə Dilqəm Əsgərov, həmçinin vəhşicəsinə ermənilər tərəfindən öldürülən Həsən Həsənovla bağlı məsələdə necə aciz bir durumda olduqlarını bütün dünyaya sübut etdilər. İndi də, durub utanmadan bəyan edirlər ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi münaqişə zamanı itkin düşmüş şəxslərin tapılması üçün kompleks (???) şəkildə iş aparır. Vallah, yalan danışırlar. Özü də, çox üzr istəyirəm, gözlərinin içinə kimi ağ yalan danışırlar.

Uzağa getməyəcəyəm. 1994-cü ildə Füzuli döyüş briqadasının komandir müavini kimi gedən ağır döyüşlər vaxtı öz əlimlə, əsgərlərimizlə bərabər bəlkə də onlarla erməni əsgər və zabitinin cəsədini yalnız və yalnız bizə bəlli olan yerlərdə basdırmışıq. Yəqin ki, eyni qaydada əks tərəfdə yaralanan, döyüş meydanında qalan, sonradan dünyasını dəyişərək şəhid olmuş igid Azərbayca əsgər və ya zabitlərini, digər hərbçilərimizi erməni dığaları hansısa yalnız onlara bəlli olan yerlərdə dəfn ediblər. Baxın, üstündən 20 il vaxt ötüb.

Bu müddət ərzində bir dəfə də olsun həmən BQXK, eləcə də hansısa dövlət komissiyası nə məndən, nə də digər vəzifəli şəxslərdən sorusşmayıblar ki, onlar Füzuli istiqamətində ölən, itkin sayılan hansısa Sarkisyan, Xaçatryan və ya digər yanları axtarırlar. Əgər məndən soruşmayıblarsa, deməli eyni qaydada o vaxtlar bizim qəhrəmanlıq göstərən, hazırda işğal altında qalan ərazilərimizdə də döyüşçülərimizlə bağlı da düz-əməlli axtarış, araşdırma aparan olmayıb və yoxdur. Mən şəxsən buna varlığım qədər inanıram.

Onda, bu yalanlar kimə lazımdır? Əslində bu yalanlar BQXK, ATƏT və digər bivec beynəlxalq qurumlara öz fəaliyyətsiz ömürlərini daha da uzatmaq, kef sürməkləri üçün çox lazımdır. Bunu heç kim şübhə altına ala bilməz. Amma, insaf da yaxşı şeydir. Bu münaqişənin 20 ilində əgər siz belə "itkin düşmüş şəxslərin tapılması üçün kompleks şəkildə iş" aparırsinizsa, onda, belə "işin"nəticəsinin necə olacağı, indidən bəllidir.

Gəlin özümüz özümüzü aldatmayaq. Bir qədər şişirdib, az qala başımıza qaldırdığımız bu beynəlxalq qurumlara sərt üzümüzü də göstərək. Qoy onlar elə fikirləşməsinlər ki, bizim səbrimiz sonsuzluğa qədərdir. Elə Baş nazirin müavini, hörmətli Əli Həsənov da son aylarda bir neçə dəfə BQXK və digər qurumların Bakıda təmsil olunan vəzifəli şəxslərinə çox ciddi şəkildə xəbərdarlıq edib. Hesab edirəm ki, yetər artıq bunların nazı ilə oynamağımız. Ya ATƏT və BQXK, eləcə də ölkəmizdə akkreditasiya olunmuş çoxsaylı beynəlxalq qurumlar öz işlərində dönüş yaradacaqlar, ya da biz onların ölkədən getmələrini gündəmə gətirməyi düşünməliyik. Başqa yolumuz yox artıq.

Sonda onu xatırladım ki, Kəlbəcərin Taxtabaşı kəndində yaradılmış özünümüdafiə dəstəsinin komandiri olan Mehman Musayev 1993-cü il martın 27 də Ermənistan silahlı birləşmələrinin Çıraqlı kəndinə hücumu zamanı dəstəsi ilə birlikdə mühasirəyə düşüb. O gündən Mehmanın döğmaları onun öldüyünə inanıb. Amma bir həftə əvvəl internetdə yayılan video ailəni hərəkətə gətirib. Təqribən 1994-95-ci illərə aid olduğu deyilən videoda xalası oğlu Mehman Musayevin də azərbaycanlı əsirlərin arasında olduğunu görüb və ailəsinə xəbər verib. Yaxınları Mehmanın hələ də sağ olduğuna və ona qovuşacağına inanır. BQXK-nin Bərdə ofisindən də bildiriblər ki, Mehman Musayev haqqında hər hansı informasiya əldə olunsa (???-Ü.C.), ailəsinə bu barədə məlumat veriləcək.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupunun məlumatına əsasən 2011-ci il tarixinə qədər əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4049 nəfərdir. Onlardan 3273-ü hərbçi, 771 nəfəri mülki şəxslərdir,mülki şəxslərdən 47-i itkin düşərkən yetkinlik yaşına çatmamış uşaqlar olub. Əsir və girovluqdakı şəxslərdən indiyə qədər 1400-ü azad edilib. 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Qalanların taleyi isə hələ də məlum deyil.

Allah gözü yol çəkən analarımıza, atalarımıza, bütün doğmalarımıza Qarabağ savaşı zamanı ölməsi və ya sağ qalması bilinməyən əzizlərinə qovuşmaq, onlardan doğru xəbər almaq işində kömək olsun!!! Şəhidlərimizin narahat ruhlarına isə Uca Tanrıdan rəhmət diləyirəm!!!"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol