Menu

“Onun bəyanatları dövlət üçün risk yaradır...” – Ermənistanda spikerin istefası tələb olunur

13.12.2021, 15:05
“Onun bəyanatları dövlət üçün risk yaradır...” – Ermənistanda spikerin istefası tələb olunur

Ermənistan parlamentinin sədri Alen Simonyanın son zamanlar verdiyi bəzi açıqlamalar erməni cəmiyyətinin bir qismi və müxalifət tərəfindən birmənalı qarşılanmır.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan parlamentindəki müxalif düşərgə bu açıqlamalarına görə parlament sədrinin istefasını tələb edir.

Xatırladaq ki, bir neçə gün əvvəl Nikol Paşinyanın ən yaxın silahdaşlarından olan Alen Simonyanın noyabrın 16-da sərhəddə baş verən hərbi toqquşma zamanı Azərbaycan tərəfindən əsir götürülmüş erməni hərbçilərinin ünvanına aşağılayıcı fikirlər söylədiyini əks etdirən video yayılıb. Orada parlament sədri həmin hərbçiləri qorxaqlıqda, fərarilikdə günahlandırır, onların silahlarını atıb qaçan zaman azaraq Azərbaycan tərəfinə əsir düşdüklərini bildirir və “mənim üçün onlar yoxdur” deyir. Bununla yanaşı, parlament sədri bir neçə gün əvvəl rusiyalı jurnalistlərlə söhbəti zamanı dolayısı ilə Rusiyanı “Qarabağı satmaqda” günahlandırıb və “Lavrov planı”nın da buna xidmət etdiyini söyləyib. Artıq xeyli vaxtdır spikerdən narazı olan müxalifət ötən gün Alen Simonyanın istefaya göndərilməsilə bağlı xüsusi layihə hazırlayaraq, parlamentə təqdim edib. Robert Koçaryanın blokunu təmsil edən deputat Artsvik Minasyan isə bununla bağlı brifinq təşkil edərək, Simonyanı sərt tənqid edib və onun açıqlamalarının Ermənistan üçün təhlükəli olduğunu söyləyib: “Zaman göstərdi ki, spikerin əsirlər və dövlətin xarici siyasətilə bağlı bəyanatları ölkə üçün risklər təşkil edir.”

Eyni zamanda, deputat, Simonyanın bu bəyanatlarının təsadüfi deyil, planlaşdırılmış xarakter daşıdığını bildirib. O, əlavə edib ki, spikerin parlamentdə gərginlik yaranmasında xüsusi rolu var. Və Simonyan tez-tez dövlət mühafizə xidmətinin deputatlara qarşı güc tətbiq etməsinə şərait yaradır.

Xatırladaq ki, son növbədənkənar seçkidən sonra Paşinyanın partiyası əvvəlki kimi parlamentdə böyük üstünlüyə malikdir. Odur ki, müxalifətin Simonyanın istefaya göndərilməsi təklifinin qəbul edilməsi gözlənilmir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol