DÖVRÜMÜZÜN MÜAVİYƏLƏRİ və HƏRBİ ÇEVRİLİŞ HƏDƏSİ

Elxan ŞÜKÜRLÜ

İslam tarixini oxuyanlar yaxşı bilərlər: 656-cı ildə üçüncü xəlifə Osmanın qətlə yetirilməsindən sonra özü hakimiyyətə can atan Şam valisi Müaviyə, Həzrəti Əliyə beyətdən yayınmaq və ona qarşı qiyama qalxmaq üçün elə bir tələb irəli sürmüşdü ki, onun ədalət mücəssəməsi olan Əli tərəfindən yerinə yetirilməyəcəyini də öncədən bilirdi. Sadəcə, bu tələb – qan qohumluğunu əsas gətirərək Osmanın qatilini israrla Əlidən istəmək - Müaviyəyə qiyama başlamaq üçün gərək idi və işin gerçəyindən xəbərsizləri öz məkrli niyyətini pərdələməkdə, səmimi səhabələri haqlı olduğuna inandırmaqda və səfinə çəkməkdə çox tutarlı bəhanəyə çevrilmişdi...

Bu hadisə müsəlmanlar arasında sonradan böyük bir təfriqənin və bölünmənin əsasını qoyduğundan, İslam tarixinin ən böyük fitnəkarlıq əməllərindən biri kimi qiymətləndirilir... 

Bunu niyə xatırladıram? Çünki dövrümüzdə də Müaviyə kimi öz hakimiyyət iddialarına, məkrli niyyətlərinə ilk baxışdan haqlı və ədalətli görünən tələblərlə, çağırış və ideyalarla pərdə çəkib ölkədə qarışıqlığa, fitnə salmağa çalışan siyasətçilər, adamlar, təşkilatlar var. Təəssüf ki, uzunömürlü hakimiyyətin ədalətsiz mahiyyətindən bezmiş və usanmış, içərisində haqsızlığa qarşı təbii etiraz haqqı və hissi olan insanlarımızın əksəriyyəti də öz emosiyalarına - qəzəb və nifrətlərinə, yaxud rəğbət və sevgilərinə yenik düşdüyündən, əksər hallarda hadisələrin arxasındakıları görməyi bacarmır, beləcə, özləri də bilmədən, çox asanlıqla bu fitnəkar siyasətçilərin oyununa gəlir, yeminə, məkrli niyyətlərinin alətlərinə çevrilirlər.

Biz bu fitnəkarları – dövrümüzün müaviyələrini son 1 ildə daha yaxından görmək və tanımaq imkanı əldə etmişik və belə bir tanıtım fürsəti, çətin ki, bir də ələ düşə. Baxın, 44 günlük Qarabağ savaşının gedişi zamanı pusquda durub ovunu izləyən yırtıcıtək marığa yatan və həsrətlə Əliyevin haçan büdrəyəcəyini gözləyən bu fitnəkarlar cəbhədəki ardıcıl qələbələrlə cəmiyyətin rəğbətinin sürətlə hakimiyyət tərəfə necə dəyişdiyini və onu gücləndirdiyini müşahidə edərək, əvvəlcə, sakitcə qınlarına çəkilmişdilər. Hətta savaşın sonuna yaxın – Şuşa zəfərindən sonra, aşkar ictimai qınağa tuş gələcəklərindən ehtiyatlanaraq, udquna-udquna Əliyevə boğazdan yuxarı bir təbrik də ünvanlamışdılar. Ancaq elə ki, noyabrın 9-dan 10-na keçən gecə Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Əliyevlə Ermənistanın Baş naziri Paşinyan arasında atəşkəs razılaşması imzalandı, bax, əsil mərəkə, həngamə də bundan sonra başladı: maskalar düşdü, gerçək simalar üzə çıxdı, qısılmış boyunlar yenidən uzandı, sifətlər əvvəlki rəngini aldı...

Eynilə, 1365 il əvvəlin Müaviyəsinin bəhanəsitək, cavabı hər kəsə aydın bir suala bu dəfə prezident Əliyevdən cavab tələb edildi: israrla onun üzərinə gedildi ki, Rusiya sülhməramlılarının Qarabağa yerləşməsinə imkan yaradan sənədə niyə imza atıb?! Halbuki istənilən siyasətçi ATƏT-in Minsk Qrupunun təklif etdiyi bütün “sülhlə həll” variantlarında bölgəyə sülhməramlıların yerləşdirilməsinin ən vacib tələblərdən biri kimi qoyulduğunu bilirdi və üstəlik, 44 günlük savaşın gedişində də aşkar görünürdü ki, Azərbaycan üzərində bir Rusiya-Türkiyə uzlaşması mövcuddur...

Ancaq bu gerçəkləri bilə-bilə, vaxtilə bir narkoman rus agentinin qabağına çıxmağı bacarmayıb hakimiyyətlərini, vəzifələrini qoyub qaçanlar utanmaq, sakitcə dayanmaq və hətta mümkünsə, mərdcə davranıb onların bacarmadığını bacardığına görə Əliyevin əlini sıxmaq əvəzinə, düşməni diz çökməyə və məğlubiyyətini konkret sənədlə təsdiqləməyə məcbur etmiş bir Ordunun Ali Baş Komandanını suçlayırdılar ki, niyə Orduya dayanmaq əmri verdi, atəşkəs razılaşması imzaladı, Rusiya ilə savaşa qalxmadı?!

Beləcə, “Rusiya sülhməramlıları” mövzusu dövrümüzün müaviyələrinin yenidən dirçəlməsi, baş qaldırması, öz hakimiyyət iddialarını və düşmən niyyətlərini pərdələmək, gizləmək üçün yaxşı bir bəhanəyə çevrildi... Ardınca şəhid məzarıyla bağlı problemdən yapışdılar, sonra qazilərdən, sonra “Tərtər işi”ndən, sonra əsgər maaşından, sonra uşaqpulundan, sonra “Pandorra sənədləri”ndən, sonra “London mülkləri”ndən, indi də Paşinyanın “demokratlığı”ndan...

Düz bir ildir ki, 30 illik bir işğala hərbi müstəvidə son qoyaraq, diplomatik masa arxasında düşmənlə amansız bir savaşa girişən Əliyev hakimiyyətinə ölkənin içərisində rahat nəfəs almağa imkan verilmir, hər fürsətdəcə daxildən fitnə atəşini alovlandırmağa, körükləməyə cəhdlər göstərilir!

Halbuki gerçək milli təəssüb və qeyrət hissi onu tələb edirdi ki, belə gərgin bir vaxtda, xarici düşmənlə üz-üzə olan hakimiyyətə ölkənin içərisində qətiyyən problem yaradılmasın, ona qarşı daxildə cəbhə açılmasın və hətta Qarabağ məsələsində başqa cür düşünənlərin olmadığını göstərmək üçün hakimiyyət aşkar dəstək verilsin!

Ancaq 1 ildir Yeni Cəbhə açılıb artıq – həm xaricdən, həm də daxildən! Və hər iki Cəbhədə də əsas fəallıq edənlər yenə ermənilər, erməniqanlılar, onların xaricdəki havadarları və ölkə içərisindəki uzantılarıdır!

İnanmayanlar, kor tutduğunu buraxmayan kimi, inadında israr edənlər son 1 il ərzində xaricdən idarə olunan və əsasən müxalif çətir altında gizlənən media vasitələrində “ekspert”, “analitik”, “blogger” kimi çıxış edən şəxslərin etnik və dini mənsubiyyətlərini, siyasi və şəxsi əlaqələrini, əxlaq göstəricilərini araşdırsınlar, sonra da 1 ildəki çıxışlarının aşkar təfriqəçi məzmununa diqqət yetirsinlər və onlara da ölkənin içərisindən kimərin pas verdiyinə baxsınlar, hər şey aydın olacaq...

Məsələn, dünən onlardan biri – Beydulla Manafov adlı şəxs şəhid Osmanın erməni Paşinyana sevgisini gizlətməyən qızı Sevincin “Osmanqızı TV”sində çıxış edərək, demokratiyadan gen-bol danışdıqdan və Prezident Əliyevi açıq şəkildə təhqir etdikdən sonra Azərbaycan Ordusunu hətta hərbi çevrilişə də səslədi!

Diqqət yetirin ha, Azərbaycanda indiyədək demokratiya qurmaqdan danışanlar artıq açıq şəkildə ölkədə hərbi çevrilişə çağırış edir, ideoloji diversiya aparırlar! Bu çağırışı edən qoca Beydulla, heç bilirsiniz, kimdir? Arvadının erməni olması (Raisa Qaykovna) səbəbiylə Azərbaycandan qaçan və bunu əsas gətirərək, erməni lobbisinin dəstəyi ilə də ABŞ-ın Texas ştatında özünə, arvadına və 2 qızına siyasi sığınacaq və vətəndaşlıq alan bir şəxs!

Əlbəttə, ABŞ-ın Demokatiya Sammitinə çağırmadığı ölkələrin hakimiyyətlərini, xüsusən də 44 günlük Qarabağ savaşının gedişində razılaşma əldə edərək, Qərbi bu bölgədə oyundankənar duruma salmış Ərdoğan-Putin-Əliyev üçlüyündən ən azından birini, çevriliş yoluyla da olsa, yıxmağa çalışacağı gözlənilən idi. İndi belə görünür ki, Baydenin bu planından xəbərdar olan ABŞ-dakı erməni lobbisi artıq Azərbaycan üzərindən hərəkətə keçməyə qərar verib. Böyük ehtimalla, çox yaxın vaxtlarda bu şəbəkənin Azərbaycandakı ayağı – müxalifət cəbhəsindəki “Müaviyə qoşunu” da hansısa tutarlı bir bəhanə ilə yenidən hərəkətə gətiriləcək...

...657-ci ildə Siffeyn savaşında Müaviyənin qoşunundakılar mizraqlarına “Quran” ayələrinin yazıldığı parçaları taxmışdılar ki, Həzrəti Əli onlara zərbə endirmək əmri verməsin, gei çəkilsin, tərəfdarları arasına çaşqınlıq düşsün.

İndi dövrümüzdəki müaviyələrin qoşunu da “mizrqaları”nı – feysbuk profillərini dirəniş və dəyanətləriylə cəmiyyətdə öz şəxsiyyətlərinə böyük rəğbət qazandırmış iki Qarabağ qazisinin fotolarıyla bəzəyiblər. Kimin dost, kimin düşmən olduğu bilinmir artıq. Belə şəraitdə isə onlardan birinin öldürülməsi bəs edər ki, ölkənin içərisində yeni bir fitnə atəşi alovlandırılsın...

Nəticə çıxara bilənə tarix ən yaxşı müəllimdir. İndi görək, bu dəfə tarixdən ibrət alanlar olacaqmı?!

635x100

Şərhlər

Ali 2021-12-19 00:11:31

Siyasi mənsubiyyəti "anası ya avadı ermənidir" arqumenti ilə izah etməkdən də səfeh məşğuliyyət tapmaq çətindir. Ona qalsa rəsmilərinin dediiyinə görə hal-hazırda respubliada azərrbaycanlı kişilərin arvadı olan 30 min erməni qadını yaşayır. Bəs keçən min il ərzində azərbaycanlıların neçə erməni arvadı olub? Ən azı 100 min. Deməli bu 130 min erməni arvadından əzı 200 min övlad olub. Bu o deməkdir ki, ən azı 300 min azərbaycanlının damarında erməni qanı axır. İndi biz neyləməliyik, onları sürgün etməliyik, ya güllələləməliyik?. Bəs heç onu demirsiz ki, ay elxan, azı 30 il Azərbaycanın siyasətinin ən ciddi simaları erməni analı və ervəni arvadlı kişilər olub? Onlara niyə hücum etmirsiniz? Cəsarətiniz çatmır?

Ali 2021-12-18 23:58:43

Burada nədənsə elxanın dini təfəkkürünün harada formaşalması sualı dəfələrlə səslənir. Bu sirr deyil. Zavağzalnıda, Çapayev küçəsinin başlanğıcındakı Sələfi məscidində. Yaxşı olar ki, bu cənabın əqidəsinin oxununun gah o yana, gah da bu yana fırlanmasının, Naxçıvan gömrüyündən keçənlərə qan udduran qanun tanımayan soyğunçu Labaya mədhiyyələr oxumağınınn sirrinə diqqət yetirəsiniz.

Vətənsevər 2021-12-13 20:06:34

dini dərindən öyrnmək üçün mütləq mollaxanaya getməlisən. Məncə real və maraqlı yanaşmadır.

kim 2021-12-13 19:20:11

Kimin şəklindən gedir söhbət? kimdi o iki qazi?

Seyid Ənhuya cavab 2021-12-13 19:19:23

Onu bilmək üçün mollaxana təhsilinə gərək yoxdur.

"molla" elxana 2021-12-13 18:40:08

"Malades"! sənə bir "beş"

cc 2021-12-13 17:56:34

Azərbaycanda Müaviyə mövzusu çoxları üçün patoloji dominant ocaqdır.Bundan istifadə edib camaatı çaşdırmayın.Arvadı erməni olduğuna görə qaçsa idi,çoxları qaçardı,tək onun arvadı erməni deyil ki

Seyid Ənhu 2021-12-13 16:25:24

GÖRƏSƏN BU ADAM HANSI MOLLAXANADA TƏHSİL ALIB Kİ, ,DİN ELMİNİ BU QƏDƏR DƏRİNDƏN MƏNİMSƏYİB.?

Son yazılar