PAŞİNYANA İNANMAQ OLARMI...

Hüseynbala Səlimov

Prinspcə, üç il də kifayətdir ki, erməni baş naziri Nikol Paşinyan “həzrətlərinin” siyasi stilini öyrənəsən, onun siyasi davranışını müəyyən edəsən və siyasi niyyətlərini hesablayasan.

Xatırladaq ki, o, hakimiyyətə üç il bundan əvvəl, bəli, 2018-ci ilin 8 mayında gəldi. Amma siyasi müşahidəçilər, xüsusən də Azərbaycanda, hələ də “Paşinyana inanmaq olarmı” - deyə soruşmaqda davam edirlər.

Məsələ bundadır ki, indiki Paşinyan İkinci Qarabağ Savaşına qədərki Paşinyandan çox fərqlənir. Oxucu bizə etiraz edə bilər ki, bu, tamamilə təbii bir haldır – Paşinyan müharibəni uduzub və özünün yeni siyasi manerasını da bu məntiq əsasında qurur, belə ki, o, anlayır ki, məğlub bir ölkənin lideridir və buna görə də imkan daxilində hərbi ritorikaya müraciət etməməyə çalışır.

Əgər düzünü desək, bu arqumentlərlə razılaşmamaq olmur. Yalnız onu əlavə edək ki, Nikol Paşinyan həm də Bakının və Moskvanın permanent təzyiqini hiss edir, ona görə də onun manevr sahəsi elə də geniş deyil.

Amma nə olursa-olsun, biz onun konstruktiv çıxışlarına qarşılıqlı diqqətlə yanaşmalıyıq. Bu günlərdə o, bəyan etdi ki, Soçi və Brüssel görüşləri zamanı onlar Azərbaycan prezidentilə demək olar ki, dəmir yolu xəttinin və avtomobil yolunun çəkilişini razılaşdırıblar.

Qeyd edək ki, bu, çox ciddi məqamdır. Zəngəzur dəhlizi açılsa, iki ölkə arasındakı otuz illik buz əriyəcək.

Bu baxımdan növbəti il siyasi cəhətdən məhsuldar olmağı vəd edir. Əlbəttə, otuz ildən sonra dialoq başlamaq və davam etdirmək elə də asan məsələ deyil. Amma həyat məntiqi başqa davranış diqtə edir –bəli, əbədi düşmənlər olmur. Hamımız bir planetdə yaşayırıq və bu günədək yüzləlrə ekzo-planet kəşf olunsa da, başqa qalaktikaya köçmək fikrimiz və imkanımız yoxdur.

Bəli, uzunmüddətli Qarabağ müharibəsi nəticəsində təkcə ayrı-ayrı dövlətlərin yox, bütövlükdə regionun inkişafı ləngidi. Maraqlıdır ki, ötən əsrin əvvələrində də belə olmuşdu: azərbaycanlılar faktiki olaraq ermənilərə dövlət bağışlamışdılar, İrəvanı güzəşt etmişdilər, Cənubi Qafqazın iki ölkəsinə Qafqaz Evi yaratmağı təklif etmişdilər! Amma çox təəssüf! Gürcülərin lovğalığı, Ermənistanın isə məkrli və satqın siyasəti bu mütərəqqi planı onda reallaşdırmağa imkan vermədi.

Eyni təkliflər onlara ötən əsrin sonunda da edildi. Bu dəfə Gürcüstan konstruktiv siyasət yürütdü, Ermənistan isə yenə də öz bildiyini etdi və hətta Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək onun torpaqlarının bir hissəsini işğal da etdi...

Ona görə də unutmaq lazım deyildir ki, Azərbaycanda məşhur məsəl var: itlə dostluq et, çomağını yerə qoyma! Biz erməni baş nazirinin bütün müsbət çağırışlarına eyni konstruktivliklə cavab verməliyik, amma bir məqamı unutmamalıyıq: Ermənistan təcavüzkardır və yaxud da təcavüzkar olub, ona görə də o, daim sülhə məcbur edilməli və təzyiq hiss etməlidir.

Həm də bilməliyik ki, vaxtımız elə də çox deyildir. Bəli, bir neçə ildən sonra bir suala cavab verməli olacağıq: ərazimizdə rus sülhməramlılarını saxlamalı, yoxsa onların fəaliyyətini dayandırmalı? Bunun üçün Qarabağdakı proseslərə dönməz xarakter verməliyik, əks halda ruslar buradan getməmişdən öncə, necə deyərlər, yenə suyu bulandıracaqlar.

İndi tək Bakı yox, qardaş Ankara da Ermənistanla münasibətlərin tənzimlənməsi üzərində çalışırlar. Ankara ilə də İrəvanın problemləri heç də az deyil. Məlum olduğu kimi, Ermənistanda yeni konstitusiya üzrində işləməyi planlaşdırırlar. Ermənistanın Türkiyəyə qarşı torpaq iddiaları onun indiki konstitusiyasında da əks olunubdur. Bunlar yeni konstitusiyada qalacaqmı? Ermənistan uydurma “genosid”dən əl çəkəcəkmi? Bu suallara birmənalı cavab vermək çətindir. Amma ki, İrəvanın başqa yolu da yoxdur,- əlbəttə, o, region dövlətlərilə normal əlaqələr qurmaq istəyirsə...(musavat.com)

635x100

Şərhlər

vidadi 2021-12-25 16:54:34

pasnyan gezel dusmandir

Son yazılar