Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevə hökm oxunub, o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
"Report" xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə A.Abdullayev son söz deyib.
O, barəsində irəli sürülən ittihamlarla razılaşmadığını deyib və bəraət hökmünün çıxarılmasını istəyib.
Ata Abdullayev son sözündə bildirib ki, başqa günahının nə olduğunu bilir, buna görə dəfələrlə üzr istəyib. O, sözlərini də ağlayaraq dilə gətirib.
“Kiminsə sözünü kəsmişəmsə, kiməsə qarşı xətam olubsa, hansısa balacanın, böyüklərdən də, kiçiklərdən də dönə-dönə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam. Mənim üç babam var, iki atam. Heydər Əliyev mənim babam, cənab Prezident isə mənəvi atamdır".
Abdullayevin vəkili Telman Talıbov da müvəkkilinə qarşı irəli sürülən ittihamların əsassız, uydurma olduğunu deyir. Onun sözlərinə görə, ittihamlar söz yığınından ibarətdir, heç bir sübut yoxdur:
“Mən də deyə bilərəm ki, kimsə məndən pul tələb etdi. Axı bununla bitmir, ortada sübut olmalıdır. Zərərçəkmiş qismində tanınanlardan biri keçmiş MTN əməkdaşıdır. Tutaq ki, bu birilər məlumatsızdır, o isə belə bir qurumda işləyib, bütün vasitələrdən, üsullardan xəbərdardır. Bəs niyə əlində Abdullayevin ondan pul tələb etdiyini təsdiqləyən heç bir sübut yoxdur?”. (Musavat.com)
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.
Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.
Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.
A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.
Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.


Şərhlər
Ata Abdullayev kimlərinsə idarə etdiyi marionetka idi.Lazım olmadı,ipini buraxıb sahibsiz itə çevirdilər.
ata abdullayev kimi reketler coxdur
Bunun həbsi üçün deyilən ittihamların düzlüyü və ya sehvliyi hec kimə maraqlı deyil. Cünki kəsilən həbsə haqq edir. Bu cür yaltaqlıq ilə qazanc əldə edib yaşamaq yolu secmişlər daha agır cəzaya layiqdir.
Bütün ölkə boyu belə "zurnalist"lər at oynadır. Dövlət başçısına saxta "sədaqətlərini"baglrmaqla sığortalanıb faktiki reketlik edilməsi çox geniş yayılmışdı. Ən bərk gedəni də bu idi. İndi bəlkə özlərinə yıgışalar....