NATO oktyabrın 29-da bildirib ki, Rusiya hərbi təyyarələrindən ibarət 4 qrup ötən 24 saat ərzində Avropa Birliyi sərhədlərinə yaxın beynəlxalq hava məkanında “ciddi hərbi manevrlər həyata keçirib”.
Belçikanın Mons şəhərində NATO-nun SHAPE hərbi qərargahı bildirib:
“Bu iri həcmli uçuşlar Avropanın hava məkanında fəaliyyətin qeyri-adi həddini göstərir”.
Məlumatda deyilir ki, təyyarələrə strateji bombardmançılar, qırıcılar və tanker- təyyarələr daxildir. Təyyarələr Baltik dənizi, Şimal dənizi, Atlantik Okeanı və Qara Dəniz üzərində oktyabrın 28-də və 29-da görünüblər.
Rusiya bombardmançıları Portuqaliya və İspaniyanın qərbinə doğru hava məkanında uçublar.
Rusiya təyyarələrinin izlənib aşkarlanmasına Norveç, Britaniya, Portuqaliya, Almaniya, Danimarka və Türkiyə qırıcıları cəlb olunub. Qeyri-NATO üzvləri olan Finlandiya və İsveç də reaksiya verib.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO ilə Rusiya arasında gərginlik Soyuq Müharibədən bəri ən böyük həddə çatıb. /AzadlıqRadiosu


Şərhlər