Dünən saytımızda dərc olunan “Yen il axşamı kənd qəbiristanlığında xuliqanlıq” başlıqlı yazıdan sonra Ağcəbədi rayonu Qaravəlli kəndində qəbirlərə qarşı təhqiramiz hərəkət edənlərin saxlanıldığı bildirilir.
Kənd sakinlərinin "AzPolitika.info"-ya verdiyi məlumata görə, hadisə iştirakçılarından 2 nəfər sərbəst buraxılıb, 3 nəfər isə 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Xatırladaq ki, 31 dekabr tarixində Ağcəbədi rayonu Qaravəlli kəndində bir qrup şəxs içkili halda qəbiristanlıqdakı məzarları dağıdıb və təhqir edib.
Bu əməli törədənlərin Cinayət Məcəlləsi ilə deyil, inzibati qaydada cəzalandırılması nə dərəcə doğrudur?
Cinayət Məcəlləsinin 245-ci maddəsinə əsasən, qəbir və ya meyit üzərində təhqiredici hərəkət törədən şəxslər iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Amma Qaravəlli kəndinə baş verən hadisə polis tərəfindən inzibati qayda pozuntusu kimi qiymətləndirilib.
Hüquqşunas Ayazbəy Əhmədov “AzPolitika.info”-ya şərhində bildirib ki, hadisəni törədən şəxslər Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə məsuliyyət daşıyırlar: “İnzibati qaydada məsuliyyətə cəlb olunmaq, həmin şəxslərin cinayət məsuliyyəti daşımasını istisna etmir. Yəni şəxsin barəsində eyni anda həm cinayət məsuliyyəti, həm də inzibati xəta tədbiri ola bilər. Bu maddədə qəbir və meyit üzərində təhqiredici hərəkət deyərkən, iki forma nəzərdə tutulur. Birincisi, mərhumu təhqir etmək, onu aşağılmaq, ikincisi isə tamah niyyəti ilə oğurluq etmək. Əgər qeyd olunduğu kimi məzar daşına təpik vurulması, təhqiredici hərəkətlər və s. hadisələr baş verirsə, bu cinayət əməli hesab olunur. Əslində bu şəxslər şikayət olmadan dərhal cəzalandırılmalı idilər. Çünki onların əməlində 245-ci maddənin tərkibi var. Hadisə iştirakçıları elə bu maddə ilə cəzalandırılmalıdırlar”.
Qaravəlli kənd sakini Hacı Naxış Baxışov "AzPolitika.info"-ya bildirib ki, polis cinayət məsuliyyətli əməli inzibati xəta kimi qiymətləndirib: “Kənd camaatı olaraq bu qərardan çox narazıyıq. Hamı bu şəxslərin həbs edilməsini istəyirdi. Çünki bizim yaxınlarımızın, ağsaqqallarımızın, şəhidlərimizin məzarları təhqir olunub. Bu hadisə qəbuledilməzdir. Mübarizəmizi davam etdirəcəyik. Bu gün televiziya vasitəsi ilə də müraciət etmişik, çəkiliş aparılıb. Polis bölməsindən bizə bildirildi ki, bu əməldə cinayət tərkibi tapa bilməyiblər. Amma videoda hər şey aydın şəkildə görsənir”.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı “AzPolitika.info”-ya bildirib ki, Qaravəlli kənd qəbiristanlığında bir neçə kənd sakini spirtli içkilərin təsiri altında xuliqanlıq hərəkətlərinə yol verib: “Hadisə zamanı qəbir daşlarına ziyan dəyməyib və qəbirlərə qarşı təhqiredici hərəkətlərə yol verilməyib. Xuliqanlıq hərəkətləri törədən 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlardan 3 nəfəri 10 gün müddətinə inzibati qaydada həbs edilib, bir nəfər isə cərimə olunub”.
Elvin Bəyməmmədli
“AzPolitika.info”


Şərhlər
Polis pul alıb yoxsa belə hissas məsəslədə 10 gün həbs verməz
Pul aliblar axi elbete tapa bilmeyecekler ?5 il verilmelidi bu....