Menu

İslam Dövləti yaraqlıları “Taliban”ın kəşfiyyat rəisini öldürüb

12.01.2022, 16:00
İslam Dövləti yaraqlıları “Taliban”ın kəşfiyyat rəisini öldürüb

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin Bati Kot rayonunun kəşfiyyat rəisi Abid Bəşir İslam Dövləti yaraqlıları tərəfindən həyata keçirilən hücum nəticəsində öldürülüb.

Bu barədə Pakistanın “Urdu Point” xəbər portalı “Sputnik”-ə istinadən bildirib ki, İslam Əmirliyi Kəşfiyyat İdarəsinin rəisi rayon ərazisində patrul xidməti həyata keçirərkən pusquya düşüb.

Hələlik heç bir qrup hücuma görə məsuliyyəti üzərinə götürməyib, lakin mənbə iddia edib ki, A.Bəşir daha əvvəl Bati Kot rayonunda İD terrorçularına qarşı başlatdığı böyük hücum nəticəsində İD yaraqlıları tərəfindən öldürülüb.

Abid Bəşir əvvəllər iki dəfə yaraqlıların pusqusundan sonra qaçan Nanqarhar əyalətindəki “Taliban”ın əsas komandirlərindən biri olub.

“Taliban” və İD arasında qarşıdurma Əfqanıstanda 2015-ci ildən, İD yaraqlılarının ölkədə terror hücrələri yaratmağa və “Taliban”ın təsirini zəiflədərək yaraqlılar cəlb etməyə başladığı vaxtdan davam edir.

Nanqarhar, Loqar və Fərəh əyalətlərində taliblərlə islamçılar arasında şiddətli toqquşmalar baş verib.

Ötən il avqustun ortalarında “Taliban” Əfqanıstanda hakimiyyətə qayıtdıqdan sonra İD yaraqlıları ölkə daxilində bir sıra terror aktları həyata keçirib. Bura avqust ayında Kabildəki Həmid Kərzai Beynəlxalq Hava Limanında 180-dən çox insanın ölümü ilə nəticələnən partlayış, oktyabr ayında Kunduz şəhərində şiə məscidinə edilən hücum və150-dən çox insanın ölümü ilə nəticələnən terror aktları da daxildir. “Taliban” Əfqanıstanda İD qruplaşmasını darmadağın edəcəyini dəfələrlə bəyan edib, İD qolunun yerli lideri Şahab əl-Muhaciri ələ keçirmək üçün əllərindən gələni edəcəklərini bildirib.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol