“Un 20 faiz, bitki yağı 63 faiz bahalaşıb” - Sülhməramlıların nəzarətindəki ərazilərimizdə görünməmiş bahalıq

Qarabağın Rusiya hərbi kontingentinin nəzarətində olan hissəsində kəskin bahalaşma müşahidə olunur. 

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, 2021-ci ilin yekunlarını özündə əks etdirən statistikaya görə, ermənilərin yaşadığı həmin ərazilərimizdə xüsusilə də ərzaq məhsullarının qiyməti ötən il ərzində xeyli bahalaşıb.

“News.am” qondarma qurumun “statistika idarəsi”nə istinadla yazır ki, ötən ilin dekabrında 2020-ci ilin eyni dövrü ilə müqayisədə yüksək inflyasiya qeydə alınıb: “Bitki yağı 63.3 faiz, şəkər 36.6 faiz, yumurta 32.6 faiz, tərəvəzlər 26.9 faiz, un 20.1 faiz, makaron məmulatları 14.8 faiz, düyü 14.3 faiz, süd 12.3 faiz, kartof 11.9 faiz, pendir 10.4 faiz və s. bahalaşıb.”

Xəbərdə qeyd olunur ki, cari ildə də əvvəllər görünməmiş bahalıq müşahidə olunmaqdadır.

Maraqlıdır ki, rus hərbi kontingenti sözügedən ərazilərimizə ayaq basdığı gündən başlayaraq Rusiyadan, Ermənistandan, eləcə də erməni diasporunun güclü olduğu digər ölkələrdən həmin ərazilərə çoxsaylı ərzaq, tikinti materialları və s. formasında yardımlar göndərildiyinə dair xəbərlər yayılır. Həmçinin, Ermənistan öz büdcəsindən bu ərazidə yaşayan ermənilərə yüzlərlə milyon dollar vəsait ayırdığını bəyan edir.

Rusiya hərbçiləri və siyasi rəhbərliyi də ermənilərin oradan qaçmaması üçün hər cür dəstək göstərdiyini gizlətmir. Lakin bütün bunlara baxmayaraq, görünür, oradakı 20-25 min ermənini normal dolandırmaq mümkün olmur. Əksinə, özlərinin də etiraf etdiyi kimi kəskin bahalaşma, deməli həm də sosial durumun daha da ağırlaşması baş verir. Bu isə onsuz da bir ayağı və bir gözü Rusiyada və Qərbdə olan ermənilərin köçünü daha da sürətləndirə bilər.

C.Məmmədov

“AzPolitika.info”   

635x100

Şərhlər

Famil 2022-01-26 03:10:24

Arada bizdədə yazinda, bizde ne qeder artıb yagin qiyməti ay azpolitika...????

turan 2022-01-25 16:59:47

26 ildən sonra Ermənistanda erməni qalmayacaq, nəinki Xankəndində

Son yazılar