Hakimiyyətdə olan İslam Əmirliyi etiraf edib ki, Əfqanıstanda ümummilli təhlükəsizlik hələ qurulmayıb.
Bunu “Taliban” sözçüsü Zabihullah Mücahid “Pajhwok Afghan News”a eksklüziv müsahibəsində deyib: “Bir şeyi bilməliyik ki, ümummilli təhlükəsizlik qurulmayıb və biz ümumi təhlükəsizliyi təmin etmək üçün bütün resursları almamışıq. Bəzi düşmən qüvvələrin çirkin planları ola bilər, lakin heç bir tərəfin adını çəkə bilmərik”.
Z.Mücahidin sözlərinə görə, onlar ABŞ tərəfinə hava müşahidəsini dayandırmaq üçün dəfələrlə müraciət etmələrinə baxmayaraq, bəzi əyalətlərdə havada pilotsuz təyyarələrin şahidi olurlar, bu da təhlükəsizliklə bağlı narahatlıqları artırır. Bununla yanaşı “Taliban” sözçüsü hazırkı administrasiyaya heç bir təhlükənin olmadığını da vurğulayıb.

O, həmçinin bildirib ki, “Taliban” hərəkatının ali lideri Heybətullah Axundzadə ümummilli təhlükəsizlik təmin olunan zaman ictimaiyyət qarşısında çıxış edəcək. Bundan əlavə, H.Axunzadə Qəndəhar, Fərəh, Herat və Helmand əyalətlərinə səfər edib və orada sadə insanlarla görüşüb: “Bu proses davam edə bilər və zati-aliləri daha çox insanla görüşəcək. Qəndəharda o, davamlı olaraq ağsaqqallarla və insanlarla görüşür, təbii ki, kameraların işıqlandırılması və fotoşəkillərin çəkilməsi ilə bağlı ehtiyatlar var. Onun mediada görünməməsinin səbəb bəzi təhlükəsizlik və digər məsələlərlə bağlıdır. O, insanlarla görüşür, fikir mübadiləsi aparır, mesajlar göndərir”.
L.SƏMLA
AzPolitika.info


Şərhlər